Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:34

Dağılan yataqxananın yanında hündürmərtəbəli bina


Nizami rayonu, Babək prospekti 87 ünvanda yerləşən yataqxana.
Nizami rayonu, Babək prospekti 87 ünvanda yerləşən yataqxana.

“Onsuz da bina dağılırdı, gətirib böyründə də bir hündürmərtəbəli binanın özülünü qazdılar”.

Bunu AzadlıqRadiosu-na Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanda yerləşən keçmiş Təmir Tikinti Trestinin yataqxana sakini Əminə Həsənova deyir.

“BU ŞƏRAİTDƏ İNSAN YAŞAMAZ”

Ərazidə yerləşən iki yataqxananın sakinləri həyətdə başlanan hündürmərtəbəli bina tikintisinə etiraz edirlər.

Buna da bax:​ 'Siz hər dəfə toplaşanda başçıya söz gəlir'

1960-cı illərdə inşa olunmuş yataqxanalardan biri vaxtilə keçmiş Təmir Tikinti Trestinə, digəri Neftayırma zavoduna məxsus olub. Hazırda yataqxanalarda həm yerli sakinlər, həm də köçkünlər məskunlaşıb. Təmir Tikinti Trestinin keçmiş yataqxanasında məskunlaşanlar deyirlər, bu binada durum xüsusilə acınacaqlıdır. Əminə Həsənova:

“Ümumilikdə 110 ailənin yaşadığı bu binanın içərisindəki vəziyyətdən danışmağa dəyməz. Dəfələrlə müxtəlif qurumlardan gəlib baxış keçiriblər, qeydlərini aparıb çıxıb gediblər. Özləri də etiraf ediblər ki, bu şəraitdə insan yaşamaz”.

Yataqxana sakini Günel Ələkbərova deyir, binanın qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi də var: “Gözləyirdik ki, tədbir görəcəklər, bir də xəbər tutduq ki, əks-tədbirlər görməyə başlayıblar”.

Buna da bax: 'Bu binada yuxarıda biri ayaqyoluna gedəndə...'

“ÇATLAR GENİŞLƏNDİ”

Sakin “əks-tədbir” deməklə yataqxana yaxınlığında hündürmərtəbəli binanın tikintisini nəzərdə tutur. Deyir, özül yataqxananın dağılmış hissəsinə yaxın yerdə tikilir. Yataqxana binasının indiyədək salamat qalan hissəsinin aqibəti bilinmir:

“Uçqun təxminən 3 il öncə baş verib. Adamların bir qismi getməyə yeri olmadığından hələ də yataqxananın dağılmış hissəsində yaşayır. Özül qazılanda binamız möhkəm silkələnməyə başladı. Çatlar genişləndi. Çıxıb səs-küy saldıq, qazıntını dayandırdıq. Sonra söz verdilər ki, elə qazacaqlar, binaya zərəri dəyməsin. Sakitcə işlərinə davam etdilər”.

Sakinlərin deməsinə görə, bina tikintisinə başlanmamışdan, tikintini aparan şirkətin nümayəndələri onlarla görüşərək bir sıra vədlər veriblər. Məsələn, sakinlərə vəd olunub ki, tikintiyə başlananda onlara ya kompensasiya veriləcək, ya da başqa yerə köçürüləcəklər. Əraziyə təhlükəsizlik hasarları çəkiləndən sonra vədlər də unudulub.

Buna da bax:​ 'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'

“TİKİNTİ 15 METR KƏNARDA GEDİR”

Yeni tikilinin yeraltı qarajının tikintisi tam başa çatıb. Hazırda fəhlələr üst mərtəbələrin tikintisini davam etdirirlər.

Qurumdan “Qaynar xətt”ə bildirilib ki, “Yusif” MMC şirkəti qeyd olunan ünvanda 16 mərtəbəli yaşayış binası inşa edir. Bunun üçün şirkətin bütün sənədləri var. Üstəlik də, tikinti yataqxanalardan təqribən 15 metr kənarda inşa olunur. Yataqxanalardan yalnız biri – keçmiş Təmir Tikinti Trestinin yataqxanasının qəzalı olması barədə rəy var. Bu barədə Nazirlər Kabineti məlumatlandırılıb. Sakinlərin köçürülməsinin nə zaman baş tutacağı bilinmir. Üstəlik də, burada məskunlaşanların böyük hissəsinin köçkün olması köçürülməni bir az da çətinləşdirir. Çünki bu işlərə həm də “Qaçqınkom” qollarını çırmalamalıdır.

Buna da bax: 'Üzbəüz bina dağıldı, canımıza qorxu düşdü'

Nizami rayon icra hakimiyyəti tikintinin saxlanması tələbinə məhəl qoymadığından, sakinlər yanvarın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşmağı planlaşdırıblar.

XS
SM
MD
LG