Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:44

Yerevan müqaviləni bir ay ərzində imzalamaq istəyir, bəs Bakı nə deyir?


Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Yerevan Bakıdan iki ölkə arasında sülh müqaviləsinə dair təkliflərin 10-cu paketini alıb və hazırda onun üzərində iş gedir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 26-da Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Lakin Qriqoryan hazırda tərəflərin sülh müqaviləsinin imzalanmasına nə qədər yaxın olduqlarını deməkdə çətinlik çəkib.

O bildirib ki, hər şey razılaşdırılmayanadək heç nə razılaşdirilmayıb:

"Proses dinamikdir. Biz bəzən irəliləyiş əldə edirik, bəzən də yox. Biz bunu mümkün qədər tez yekunlaşdırmaq üçün işi davam etdirməliyik. Ermənistan müqaviləni mümkün qədər tez imzalamağa hazırdır. Biz sənədi bir ayın ərzində imzalamağı təklif etmişik”.

Bakının yeni ön şərtləri

Azatutyun xatırladır ki, bundan 20 gün əvvəl Ermənistan XİN sülh müqaviləsinin imzalanması üçün hazır olduğunu bildirmişdi. Yerevan sənədi növbəti bir ay ərzində tamamlamağı və imzalamağı təklif etmişdi. Lakin rəsmi Bakı hələlik bu təkliflə bağlı rəsmi mövqeyini bildirməyib.

Azatutyun yazır ki, Azərbaycan bunun əvəzində Ermənistandan konstitusiyasını dəyişdirməyi tələb edir və əks halda müqavilənin imzalanmayacağını deyir.

Bu da qeyd olunur ki, Bakının Yerevan üçün yeni ön şərtlər irəli sürdüyünü iyunun 25-də AŞPA-da Ermənistanın hakim partiyasının nümayəndəsi Arusyak Julhakyan da dilə gətirib.

Deputatın sözlərinə görə Azərbaycan indiyədək əldə olunmuş razılaşmaların sülh müqaviləsində yer almasını istəmir və faktiki olaraq sülh prosesini sarsıdır:

"Azərbaycan indi yeni ön şərtlər irəli sürüb və bildirir ki, sülh müqaviləsini yalnız Ermənistan öz konstitusiyasını dəyişdiyi təqdirdə imzalaya biləcək. Onlar iddia edirlər ki, ana qanunun müddəaları arasında ərazi iddiaları var. Halbuki bu həqiqətə uyğun deyil”.

Bakının cavabsız qoyduğu təkliflər

Azatutyun yazır ki, Azərbaycan Ermənistanın daha bir təklifini də cavabsız qoyub. Yerevan Bakıya iki ölkə arasında sərhəd boyunca atəşkəsin pozulması hallarının birgə araşdırılmasını təklif etmişdi.

Armen Qriqoryan deyib ki, belə bir mexanizmin yaradılması eskalasiyaya səbəb olacaq saxta məlumatların qarşısını alardı.

Azərbaycan son günlərdə Ermənistanı atəşkəs rejimini pozmaqda ittiham edir. Qriqoryan deyir ki, Yerevanın təklif etdiyi mexanizm belə ittihamların doğru-yalan olmasını üzə çıxara bilərdi:

"Biz açıq şəkildə Azərbaycana təklif etmişik ki, nazirliklər arasında birgə təhqiqat mexanizmi yaradaq. Bu və ya hər hansı başqa qrup təhqiqat aparıb son nəticəni elan edə bilərdi. Beləliklə təkcə biz yox, beynəlxalq birlik də etibarlı informasiya ala bilərdi”.

Armen Qriqoryanın sözlərinə görə Ermənistanda mülki müşahidə missiyası icra edən Aİ müşahidəçilərinin təhqiqat funksiyası yoxdur.

Qriqoryan iddia edib ki, Ermənistanın təklif etdiyi birgə araşdırma mexanizmi Aİ missiyası ilə də heç bir ziddiyyət təşkil etməzdi.

Armen Qriqoryanın sözlərinə görə əgər Azərbaycan həqiqətin üzə çıxmasında maraqlıdırsa, belə bir mexanizmin yaradılması yaxşı imkan olardı. Lakin Bakı bu təklifə hələ də münasibət bildirməyib.

Konstitusiya dəyişmədən sülh müqaviləsi imzalana bilərmi?

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, sülh müqaviləsinin artıq iki tərəf arasında razılaşdırılmış bir bəndi müqavilənin Ermənistan konstitusiyasının dəyişdirlməsinə qədər də imzalanmasına imkan verir.

Bu fikri Ermənistan XİN də açıq bəyanatla bildirmişdi:

"... Danışıqların aparıldığı sülh sazişində aydın şəkildə qeyd olunub ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişi layihəsində həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz".

Belə görünür ki, məsələnin belə qoyuluşu ilə ABŞ rəsmiləri də razılaşırlar.

ABŞ-ın keçmiş Minsk qrupundakı keçmiş səfiri Ceyms Vorlik Vaşinqtonda mənzillənmiş Atlantic Council mərkəzində keçirilən müzakirə zamanı deyib:

"Ermənistanın konstitusiyası bir gün, gələcəkdə dəyişdirilməlidir. Lakin bu, sülh müqaviləsi üzrə çərçivə razılaşmasının elə indi imzalanmasına mane olmur. Hamı yaxşı başa düşür ki, bu Ermənistan üçün asan bir vəziyyət deyildir. Düşünürəm ki, əgər çərçivə razılaşmasının imzalanması konstitusiyaya düzəliş edilməsindən asılı olarsa, bu, razılaşma əldə olunmasının qarşısını alacaq”.

Vorlik əlavə edib ki, bu məqsədlə sülh müqaviləsinin mətninə Ermənistanın konstitusiyanı dəyişdirmək niyyəti ayrıca maddə şəkilində salına bilər.

Nikol Paşinyan ötən həftə xüsusi islahatlar şurasına Ermənistan konstitusiyasının yeni mətninin hazırlanmasını tapşırıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG