Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Zaxarova: Laçın dəhlizindəki vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir. Yerevandan cavab


Mariya Zaxarova
Mariya Zaxarova

Yerevan Zaxarovanın bəyanatına cavab verdi

Yerevan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 30-da verdiyi bəyanata münasibət bildirib.

Mariya Zaxarova Rusiya XİN-də keçirdiyi brifinqdə demişdi ki, Laçın dəhlizində hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir.

Rəsmi Yerevan bildirib ki, bu bəyanat “anlaşılmazlıq və məyusluq” yaradır.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Ermənistan XİN-in sözçüsü Ani Badalyan avqustun 31-də Rusiya XİN-in sözçüsünə “xatırladıb” ki, Qarabağ heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb:

“Bu, mahiyyəti etibarilə həmişə Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi məsələsi olub və belə olaraq da qalır”.

Ani Badalyan
Ani Badalyan

Sözçü vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən vaxta saxlanması ilə bağlı Rusiya layihəsini qəbul edib, amma Azərbaycan bu layihəni rədd edib və Ermənistanla Qarabağa dair heç bir məsələni müzakirə etməyəcəyini bildirib.

Badalyanın sözlərinə görə “Rusiya tərəfi Azərbaycanın imtinasından sonra nəinki öz təklifi üzərində israr etməyib, o hətta Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı təcavüzü ilə bağlı Yerevanın yardım çağırışına biganəlik göstərib”.

Badalyan vurğulayıb ki, Rusiya Azərbaycanın təcavüzünü iki ölkə arasında sərhədin delimitasiya olunması ilə izah edib və bununla da istər-istəməz Baklının təcavüzünə haqq qazandırmış olub.

***

Laçın dəhlizində hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir.

Bunu avqustun 30-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:

“Xatırlatmaq istərdim ki, Laçın dəhlizində yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması nəticəsində yaranıb. Bu, iki ölkə liderinin iştirakilə Avropa İttifaqının egidası altında 2022-ci ildə və 2023-cü ilin mayında keçirilmiş sammitdə təsbit olunub”.

Zaxarova bu sözləri Rusiyanın Laçın dəhlizində Azərbaycan tərəfindən saxlanmış üç gənc erməninin azad edilməsi üçün nə etdiyi barədə suala cavab verərkən deyib. Sözü gedən şəxsləri saxlanarkən Rusiya sülhməramlıları müşayiət edirdilər.

Yaranmış real şəraitdə

Rusiya XİN-in nümayəndəsi bu barədə deyib:

“Bu kontekstdə məsuliyyətin Rusiya sülhməramlı kontingentinin üzərinə qoyulmasını yersiz, düzgün və əsaslı olmayan hesab edirəm. Biz bu kontingentin vəzifəsinə, təkrar edirəm ki, Yerevanın və Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın Azərbaycana mənsubluğunu tanımasının nəticəsində yaranmış yeni şəraitdə baxırıq”.

Mariya Zaxarova əlavə edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən Bakı və Stepanakert (Xankəndi-red) arasında birbaşa dialoq kontekstində təmin edilməsi üçün lazımi səy göstərir.

Fransanın vasitəçilik cəhdləri ilə bağlı suala cavab verən Zaxarova deyib:

“Biz dəfələrlə demişik ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlik səylərinə zidd olmayan, onları təkrarlamayan və ən ümdəsi bu səyləri pozmayan istənilən təşəbbüsü dəstəkləyirik. Digər tərəfdən Rusiyaya Fransanın bu istiqamətdə fəallığı yaxşı məlumdur. Amma konkret bu halda hər iki tərəfin, həm Ermənistanın, həm də Azərbaycanın möqveləri nəzərə alınmalıdır. Bunlarsız onsuz da kifayət qədər qızğın situasiyanın tənzimlənməsində hər hansı irəliləyişə ümid etməyə dəyməz”.

Məcburi köçkün qadınların 'çörəkpulu' nə zaman kəsilir: Nazirlər Kabinetinin qərarı Konstitusiyaya ziddir?
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Bundan əvvəl

İstər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın 2022-ci ilin dekabrından Dağlıq Qarabağı blokadaya aldığını və bunun ərzaq, dərman və enerji çatışmazlığı ilə nəticələndiyini bildirir.

Rəsmi Bakı Qarabağın blokadada olması iddialarını qətiyyətlə rədd edir.

Azərbaycan tərəfi bildirir ki, Ermənistanla sərhəddəki Həkəri çayı üzərində sərhəd yoxlama-buraxılış məntəqəsinin qurulması onun suveren haqqıdır və beynəlxalq normalara uyğundur.

Rəsmilər deyirlər ki, bu postdan əsas məqsəd Qarabağa silah-sursat və başqa qanunsuz yüklərin gətirilməsinin qarşısını almaqdır.

Bu da bildirilir ki, Qarabağın erməni əhalisi Ermənistana gedib-gəlmək üçün bu postdan istifadə edir.

Azərbaycan Qarabağa humanitar yüklərin gətirilməsi üçün Ağdam, habelə Füzuli-Şuşa yolundan istifadə edilməsini təklif edib. Avropa rəsmiləri Azərbaycanın bu təklifini alternativ variant kimi dəstəkləyiblər.

Lakin Qarabağdakı separatçı rejimin rəhbərləri Ağdamdan humanitar yardım gətirilməsi təklifini rədd ediblər və Əsgəran ərazisində Ağdama gedən yolu beton bloklarla bağlayıblar.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır. Tərəflər buna görə də, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG