Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:40

Zelenski: ‘Cəbhədən ağır, amma pozitiv xəbərlər gəlir...’


Ukrayna prezidenti Volodimir Zelenski NBC News telekanalına deyib ki, Ukrayna ordusunun əks-hücumu çox sərt müqavimətlə üzləşib:

"Çünki Rusiyanın bu kampaniya zamanı uduzması müharibəni uduzması deməkdir”.

Prezident bildirib ki, cəbhə xəttindən gələn xəbərlər “ümumən pozitiv, amma ağırdır”:

"Biz vaxt itiririk, adamlarımızı itiririk, ən başlıcası üstünlüyümüzü itiririk”.

Ukrayna prezidenti administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak bugünlərdə demişdi ki, Ukrayna əslində əks-hücuma hələ başlamayıb və hələ düşmənin müdafiəsindəki zəif yerləri aşkara çıxarmaq məqsədilə “hücum əməliyyatları” keçirir.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, Ukrayna qoşunları üç istiqamət üzrə bir kilometrədək irəliləyə bilib.

Bunlar Baxmut şəhəri və cənub cəbhəsində daha iki istiqamətdir. Malyar irəliləyişin nə vaxt baş verdiyini açıqlamayıb.

O etiraf edib ki, Ukrayna qüvvələri canlı qüvvə və texnika baxımından üstün olan rusiyalıların “güclü müqaviməti” ilə üzləşir.

Ukrayna hələ əsas qüvvələri döyüşə buraxmayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 15-də bildirmişdi ki, əks-hücumun son bir həftəsində 7 yaşayış məntəqəsi işğaldan azad edilib.

Məlumatda qeyd olunurdu ki, bu müddət ərzində 103 kvadrat kilometrlik ərazi düşməndən təmizlənib.

Baş Qərargah əks-hücumun başlanmasını rəmən elan etməyib. Bu əks-hücuma aylardır ki, hazırlıq gedirdi. Bir çox hərbi ekspertlər bu qənaətdədirlər ki, Ukraynanın əsas qüvvələri hələ döyüş meydanına çıxmayıb.

Rusiyanın Müdafiə Nazirliyi iddia edir ki, Ukraynanın əks-hücumu iyunun 4-dən başlanıb və onun ordusu ağır itkilər verir.

İyunun 9-da Rusiya prezidenti Vladimir Putin iddia etmişdi ki, Rusiyanın itkiləri Ukrayna ilə müqayisədə on dəfə azdır. Lakin Zelenski bəyan edib ki, daha ağır itkiləri Rusiya ordusu verir.

Müharibə şəraitində tərəflərin iddialarını müstəqil şəkildə yoxlamaq mümkün deyil.

Qərb mediası nə yazır?

Qərb rəsmiləri Ukrayna hücumunun gedişindən razılıq bildirirlər, amma xəbərdarlıq edirlər ki, bu əməliyyat çox ağır ola və uzun müddət davam edə bilər.

The Washington Post qəzeti Ukrayna rəsmilərinə istinadla yazır ki, Kiyev bu hücumu gecikdirə bilməz, çünki hələ soyuqlar düşməmiş əməliyyatı uğurla başa çatdırmalıdır.

Qəzetin müsahibləri bildiriblər ki, bu əməliyyatda çox sayda canlı qüvvə və texnika itiriləcək.

Ukraynanın döyüş meydanındakı vəziyyətini ağırlaşdıran, onun Rusiyadan fərqli olaraq aviasiyadan istifadə edə bilməməsidir. Hücum əməliyyatları zamanı hücuma keçən canlı qüvvəni adətən aviasiya himayə edir.

Bundan əvvəl Politico portalı bildirmişdi ki, Bayden administrasiyası müharibənin aylar və hətta illərlə davam edəcək donmuş fazaya keçəcəyi variantı nəzərdən keçirir.

Portalın mənbələri bunu ən realist variant hesab edirlər, çünki nə Kiyev, nə də Moskva məğlubiyyəti tanımaq istəməyəcəklər, Ukraynanın əks-hücumu isə Rusiyaya “ölümcül zərbə” vurmayacaq.

XS
SM
MD
LG