Diqqət! Teatrda iş səhər saat 8:00-dan başlanır

Bəstəkar Firudin Allahverdinin musiqisi əsasında hazırlanan tamaşaya rejissor Elvin Mirzəyev quruluş verir

-
Dövlət Musiqili Komediya Teatrında yeni layihə üzərində iş gedir.

Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarlının verdiyi bilgiyə görə, müsabiqə yolu ilə yaradıcı heyətə işə götürülən gənclərdən ibarət böyük bir qrupun hazırladığı «Kubinka» musiqili-essenin məşqləri hər gün saat 8:00-da başlanır.

Xəbərdə deyilir ki, teatr mühitinin alışqan olmadığı bu iş rejimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yeni layihəsi olan «Kubinka»nın bütün yaradıcı heyətinin ürəyincədir.

Bəstəkar Firudin Allahverdinin musiqisi əsasında hazırlanan tamaşaya rejissor Elvin Mirzəyev quruluş verir.

Tamaşaçılara yaxşı məlum olan «Arşın mal alan» (Ü.Hacıbəyli) operettasından sonra bu tamaşa Elvin Mirzəyevin bu teatrda ikinci işi olacaq.

Tamaşanın bədii tərtibatı Nabat Səmədovaya məxsusdur.

Xəbərdə vurğulanır ki, insanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və yeni Bakı haqqında düşüncələr tamaşanın – «Kubinka»nın teatrsevərlərə bəxş edəcəyi gözəl duyğular olacaq.

Əsas rollarında gənc aktyorlar Ülviyyə Hüseynovanın, Leyla Məmmədovanın, Fidan Babayevanın, Nigar İbadlının, Kamil Osmanlının, Rüstəm Rüstəmovun, Şəhriyar Hüseynzadənin, Şamil Əliyevin, Elvin Əliyevin, Ruslan Mürsəlovun, Şaban Cəfərovun məşğul olduğu tamaşanın premyerası aprel ayına planlaşdırılır.

Hələliksə, gənc aktyorlar hər gün səhər saat 8:00-da teatra tələsirlər--maraqlı bir tamaşanın məşqinə yetişmək üçün.