QİSMƏT. Robert Musil: Özəlliksiz adam

QİSMƏT

-

Musil heç nəyi, heç kimi özündən üstün görmürdü, görə bilmirdi, bu haqda heç düşünmək də istəmirdi...

Musil onu 24 saat düşünən bu qadına yalnız gününün beş dəqiqəsini ayırdığı açıqcalar göndərirdi...


Adı bu gün Kafka, Joyce, Proustla yanaşı çəkilən Robert Musil aclıq içində dünyadan köçdü...


QİSMƏT


ROBERT MUSİL: ÖZƏLLİKSİZ ADAM


“Ne içindeyim zamanın, ne de büsbütün dışında...” (A.H.Tanpınar)


1.

Avstriya yazıçısı Robert Musil XIX əsrin bitməsinə 20 il qalmış, 1880-ci ildə dünyaya gəlib.

Atası Alfred Musil dəmir fabrikində mühəndis idi, amma daim yüksək karyera arzusu ilə alışıb-yanırdı. Oğluna qoyduğu Robert adı işlədiyi fabrikin müdirinin adı idi.

2.

İnsan yazıçı doğulur, yoxsa özünü döyə-döyə də yazıçı etmək mümkündür? Şairlik yəqin ki, daha çox birinciyə aiddir, amma yazıçılıqla bağlı onlarla nümunə var ki, ikinci variantı da istisna etmir. Robert Musil bəlkə də öz iradəsi ilə yazıçılığa yiyələnmişlərin ən nəhənglərindəndir.

Dahilər haqqında dildən-dilə gəzən, bioqrafik kitablarda səhifə-səhifə yer tutan yarıgerçək-yarıuydurma əfsanələrin, əhvalatların heç birini Musilə aid etmək olmaz.

Musil çox adi bir uşaq olub, orta dərəcəli məktəblərdə təhsil alıb. İnanılmaz iradəsi ilə, əzmkarlığı ilə beynində yaratdığı obraza yaxınlaşıb, bir növ beynindəki Musil obrazını, dəmirçi dəmiri döyüb formaya saldığı kimi özü yaradıb.

Özünü danlayanda, həmişə bir sözü təkrarlayıb təsəlli taparmış və yenidən işə başlayarmış: “Fəqət iradəm var!”

Musil üçün ömür bayramlardan, şənliklərdən ibarət olmayıb; onun üçün hava işıqlı olanda yaza bildiyi, siqaret çəkdiyi və arvadıyla sevişə bildiyi günlər ən gözəl günlər idi.

Robert Musil


Təkrarlardan, sistemdən və vərdişlərdən ibarət bir ömür!

Məşhur romanı “Özəlliksiz adam”ın qəhrəmanı Ulrich-in dediyi kimi – tətilsiz duyğular. Və əlbəttə ki, fasiləsiz düşünmək.

1911-ci ildə Musil rəssam Martha Marcovaldi ilə evlənir. Martha onu tərifləyirdi, qudurdurdu, şişirdirdi. Müharibə illərində tez-tez ayrı qalmalı olurdurlar və Martha onun üçün əndişələnirdi, həm də qısqanırdı. Musilə ərikli pirojna, zəncəfilli keks, çoxlu şokolad, siqaret göndərirdi.

Musil onu 24 saat düşünən bu qadına yalnız gününün beş dəqiqəsini ayırdığı açıqcalar göndərirdi, Martha əsəbiləşirdi, amma bu belə onu xoşbəxt etməyə bəs edirdi.

Martha 1915-ci ildə Musilə belə bir məktub yazmışdı: “Əgər uzun çəksə ayrılığımız, bəlkə də Rilkenin “Evridika”sındakı kimi olacağam: Yoxdur artıq o geniş...” Musil şeirin davamını əzbər bilirdi: “... yatağın qoxusu və o ada/ və o erkəyin sahiblənməsi yoxdu artıq.”

Martha Musildən yeddi yaş böyük olsa da, onlar eyni yaşda görünürlərmiş və heç kim izah edə bilməsə də, bir-birinə çox yaraşırlarmış.

Bir gün Musilin ağlına qəribə bir fikir gəlmişdi və gündəliyinə belə yazmışdı: “Pisliyimizi istəyən kimlərsə deyə bilər ki, həyatımız cinsəlliyin illüziyaları, tipik olaraq şişirtmə və şişirdilməyi istəmək üzərinə inşa edilib.”

İkisinin də güclü, içə yönəlmiş cinsəlliyi vardı, Musilin bir dəfə yuxusunda gördüyü kimi “güclü, yumşaq cinsəllik.”

Fəqət ikisinin də cinsəlliyi təkcə özləri ilə məhdudlaşmırdı, yəni bir-birlərinə heyran olsalar da, onlar bir-birinə sadiq deyildilər, hər ikisi başqaları ilə də yatırdılar. Bir qadının yaxınlığı, balaca qayğısı Musili məhvərindən çıxarırdı, həm də narahat edirdi, qəfil davranışları dəyişirdi, yazısı da başqalaşırdı.

Bu hər ikisi üçün də çox qəribə təcrübə idi - əvəzsiz olmadığını anlamaq təcrübəsi.

3.

Musil qocaldıqca, ölümlə-ölümsüzlüklə, inancla-inamsızlıqla əlləşməyə başladı. Amma ölənəcən inancsız oldu, çünki xarakter etibarilə diz çökməklə arası yox idi. Əvvəlcə katolik idi, evlənəndən sonra protestant oldu.

Onun protestantlığı da passiv idi. Katolikliyindən təkcə ad gününü saxladı, çünki düşünürdü ki, doğum günü insana sadəcə həyatın nə qədər qısaldığını bildirir, ad günü isə önəmli bir insanın doğulmağına şadlanmağın əbədi təkrarını ifadə edir.

Musil heç nəyi, heç kimi özündən üstün görmürdü, görə bilmirdi, bu haqda heç düşünmək də istəmirdi.

Musilin rəsmi, Musil muzeyi, Klagenfurt, Avstriya


Bir gün Musilə dəvətnamə gəlir, onu rəsm sərgisinə dəvət edirlər. Martha ilə gedirlər. Qapıda ondan giriş pulu istəyirlər, Musil əsəbiləşir, adını deyir, pulu ödəməkdən imtina edir. Musil əsəbiliklə heyrət qarışıq bir tonda öz-özünə təkrarlayırmış: bu insalar kimi dəvət etdiklərini bilmirlər? Evə qayıdanda özünü danlamağa başlayır, nahaq yerə qapıçını danladığını özünə irad tuturmuş, amma yenə öz xeyrinə: yəqin yazıq qapıçıya mənim haqqımda deməyi unudublar.

4.

Musil fikirləşirdi ki, o heç vaxt səhv edə bilməz, yanıla bilməz. Başqalarının düşünmədən danışmağı onu əsəbiləşdirirdi, kimsə bir fikri izah etməyə ehtiyac duyanda, “elə demək istəmirdim” deyəndə Musil əzab çəkirdi.

Onu tanıyanlar Musilin yanında ehtiyatla danışırdılar, tanımayanlar isə Musilin sakit-sakit qulaq asandan sonra qəfildən əzici formada söhbətə girişməsindən şoka düşürdülər. Halbuki Musil çox sakit danışırdı, özü də qətiyyən məqsədi kimisə aşağılamaq deyildi, fəqət düşündüyü və doğru olduğuna inandığı şeyləri təkcə yazmır, həm də nitqində ifadə etməyə çalışırdı.

Musilə get-gedə elə gəlirdi ki, həmişə ona qarşı hücum var, buna görə də hər zaman elə davranır, elə danışırdı ki, elə bil özünü müdafiə edir.

Ömrünün sonlarına yaxın bir dəfə evlərində qaz və elektrik kəsiləndə, Musil aiddiyatı quruma məktub yazır ki, mən özümün, həyat yoldaşımın həyatına cavabdehəm, yazmasam, pul qazana bilmərəm, amma dünya miqyasında bir yazıçı kimi dona-dona yaza bilmərəm, üstəlik tez-tez çimməyə ehtiyacım var.

Musil özünü "yaşayan ən böyük alman yazıçısı" hesab edirdi, amma arvadından başqa heç kim bunu təsdiqləmirdi. Martha bir dəfə əsəbiləşmişdi ki, niyə ingilislər Hermann Broch-u “ən dərin və böyük Avstriya yazıçısı” hesab edirlər.

Qəzetlər Thomas Mannın oğlunun evlənməsi ilə bağlı xəbər verəndə, hər ikisi əsəbiləşirdi ki, bəs niyə Robert Musilin qızının evlənməsi bağlı heç nə yazmamışdılar.

5.

Adı bu gün Kafka, Joyce, Proustla yanaşı çəkilən Robert Musil 1942-ci ilin aprelində, 61 yaşında, İsveçrənin Cenevrə şəhərində aclıq içində dünyadan köçdü. Dəfnində cəmi 8 nəfər iştirak etdi, onlardan 5-i vacib işləri olduğu üçün tez-tələsik getməli olanlar idi.

6.

Robert Musilin gündəliklərində belə bir qeyd var: “İnflyasiyadan əvvəl mənim sadə şərtlərlə ölkəmə yazıçı kimi xidmət etməyə yarayacaq qədər imkanım vardı. Çünki bu ölkə kitablarımı alaraq həmin imkanı mənə yaratmırdı. Kitablarımı oxumurdu. Ancaq kitablarımı oxuyan bir neçə min və ya on min nəfər vardı, mənə bugünkü şöhrətimi bəxş edən tənqidçilər və həvəskarlar da onların arasındaydı...”

Bir də İsveçrədəki sürgün, mühacir olmamışdan əvvəl, onu qəti vecinə almayan, görməyən sevgili vətənində yazdığı bu qeydlər:

“Əslində, “Özəlliksiz adam”ı yazmağa başlayandan bəri o qədər yoxsul və xarakterim etibarilə pul qazanmaq qabiliyyətindən o qədər uzağam ki, təkcə kitablarımın gəliri ilə, daha dəqiqi, naşirin tükənməz ümidlə mənə verdiyi avansların hesabına dolanıram.”

Robert Musil ilk romanı üçün tapdığı mövzunu bir dostuna bağışladı, amma dostu bu mövzuya yaxın durmayanda, mühəndis Musil bütün cəsarətini toplayıb həmin romanı yazmağa girişdi və ömrünün sonuna qədər ədəbiyyatdan uzaq bir gün belə keçirmədi.

“Molla Nəsrəddin” jurnalı çap olunmağa başlayan il, 1906-cı ildə, 26 yaşlı Robert Musilin ilk romanı - “Tələbə Törlessin təbəddülatları” nəşr edildi.

Bu roman bir təhsil müəssisəsindəki cinsəllikdən, ruhi çaşqınlıqdan, tənhalıqdan və təhqirdən, aşağılanmadan yaranmış problemlərin altında əzilən bir gəncin həssaslıqla yazılmış tarixçəsidir. Bu romanda burjuaziyanın həqiqi üzünü müvəqqəti örtən, mübahisəli, qaranlıq yer altı bir dünya – həqiqətin astar üzü olan bir dünya təsvir olunur. Artıq sağlam olmayan bir cəmiyyətin çat yerlərindən sızan dəhşət, bəşəriyyəti tikə-parça edəcək bir dövrün hazırlığı inanılmaz bir fəhmlə sezilib, təsvir edilib.

Müharibədən sonrakı illərdə Musil gündəliyində belə yazırdı: “Reiting, Beineberg: bugünkü diktatorların toxumları.”


Romandakı təhsil ocağında Törless, Reiting və Beineberg adlı tələbələrdən başqa varlığından hamının xəbərsiz olduğu gizli bir otaq təsvir edilir. Bu otaqda dəhşətli şeylər baş verir. Basini adlı, qız kimi gözəl bir oğlan tələbələr tərəfindən oğurluq üstündə tutulur və bu işin üstündə tutulmağı onu tələbələrin quluna çevirir. Tələbə Reiting soyuqqanlı tirandır, Beineberg isə daha qarışıq bir tipdir – qəddardı, insanları sonuna qədər aşağılamaqdan zövq alır. Hər ikisinin də xarakterində illər sonra faşizmi ən uyğun sistem kimi göylərə qaldıran tiplər böyük bir fəhmlə təxmin edilib.

Müharibə başlanandan sonrakı illərdə Musil gündəliyində belə yazırdı: “Reiting, Beineberg: bugünkü diktatorların toxumları.”

Reiting və Beinberg birləşib Basinini kölələrinə çevirirlər, dəhşətli iqtidar duyğusu ilə cinsi istismara başlayırlar, onu hər cür insanlıqdan uzaq oyunlara cəlb edirlər. Onu yerdə süründürüb məcbur edirlər ki, belə desin: “Mən heyvanam, oğru bir heyvanam, sizin oğru və oğraş heyvanınızam!” Uzaqdan guya sağlam, sabit görünən bir sivilizasiyanın içində işgəncə düşərgələrinin dəhşəti bu romanda öncədən görülüb.

Tələbə Törless bu qarmaqarışıq və qaranlıq, dəhşətli hadisələrin içinə cəlb olunur. Onun təbəddülatları başlayır, bu dayanağı olmayan hisslər, fikirlər onu əzab verir. O fikirləşir ki, əgər belə bir otaq ola bilirsə, demək hər şey ola bilər. Demək bugünə qədər tanıdığı dünyadan, işıqlı, aydın, birüzlü gündəlik dünyadan bir başqa dünyaya, qaranlıq, qəzəbli, çılpaq və dağıdıcı bir dünyaya açılan bir qapının varlığı da mümkündür.

Törless obrazında çökməkdə olan burjua dünyasından başqa bir problem də ümumiləşdirilib: getdikcə artan fərdi tənhalıq. Aləmə car çəkib özünü yeganə həqiqət kimi elan edən gündəlik həyatın artıq göründüyü qədər gerçək olmadığı ortaya çıxanda, bu qarışıqlıq, uçurumlara qohum olmaq duyğusu fərdləri get-gedə tənhalaşdırır, Törlessdə də bu baş verir.

Musilin ilk romanında onun sonrakı yaradıcılığının bütün leytmotivləri görünür: burjua dünyasının çöküşü və deqradasiyaya uğraması, artıq cəmiyyət olmaqdan çıxmış bir cəmiyyət və onun qabığını yırtıb çölə çıxan qəddarlıq, barbarlıq, duyğu ilə əməlin arasındakı uçurum, insanın fərdi tənhalığının günü-gündən böyüməsi, çat vermiş reallıq, başqa bir cəmiyyətə, sabitliyə, bütövlüyə olan həsrət.

7.

Robert Musil qədər yazmağı özü üçün iztirablı bir işə, işgəncəyə çevirən ikinci adam tapmaq çətindir. Musilin sonsuz iradəsi və böyük olmaq arzusu onun üçün yazmağı həmişə çətinləşdirirdi. O, qeyri-mümkünü istəyirdi, Goethevari bir mükəmməlliyə çatmaq arzusunda idi. Onun fikrincə, yazıçı qətiyyən ilhamla yazan kəs deyil; yazıçı zamanın bilgisiylə və həmin zamanın xeyrinə uyğun yaradan kəsdir. Yazıçı zamandan daha sürətlidir, zamanın o qədər irəlisindədir ki, özünü onunla ziddiyyət içində görür. Yazıçı zamanın zamana qarşı işləyən vəkilidir.

“Özəlliksiz adam” romanını yazanda, Musil qeyd dəftərçəsinə belə yazmışdı: “Kitabdakı tərbiyəviliyi artırmaq, praktiki formul təklif etmək lazımdır! Zamanı təkcə təsvir etmək yox, ona rəhbərlik etmək, təkcə: Vəziyyət belədir! deməklə kifayətlənməmək, “Belə olmalıdır!” da deyə bilmək.”

Oskar Maurus Fontana bir müsahibəsində isə belə demişdi: “Mən mənəvi yoldan dünyanın problemlərini həll etmək istəyirəm. Roman vasitəsilə də. Buna görə də estetik özəlliklərimdən çox, iradəmi qiymətləndirsələr, oxucularımdan məmnun olaram. Üslub mənim üçün bir düşüncənin tam olaraq ifadəsinin yeganə yoludur.”

Amma Musil istəməsə də, təkcə əxlaqi-mənəvi tərəfləri ilə yox, həm də və bəlkə də daha çox bədii-estetik tərəfləri, bənzərsiz üslubu ilə böyük yazıçı kimi xatırlandı.

Musilin məzarı, Cenervə, İsveçrə


8.

Robert Musil onu ədəbiyyat dünyasında unudulmazlar sırasına salan “Özəlliksiz adam” romanını ömrünün axırına qədər yazdı. Sağlığında kitabın təkcə iki cildi çap olundu, təxminən 20 ilə yaxın üzərində işlədiyi romanın müəllif tərəfindən tamamlanmamış, səhmana salınmamış sonrakı iki cildi belə əsərin möhtəşəmliyinə kölgə salmadı.

“Özəlliksiz adam” romanının konkret sujet xətti yoxdur. Roman 32 yaşlı intellektual Ulrich-in uzaq bir ölkədən Vyanaya qayıtması ilə başlayır. Əsər boyu bütün hadisələr onun ətrafında baş verir, bütün düşüncələr onun dilindən ifadə edilir. Musil romanda Ulrich-in və onun mübahisə-müzakirə etdiyi tanışları vasitasilə Avstriya-Macarıstan imperiyasının çöküşünü təsvir edib.

Romanda imperiya qroteskləşdirilmiş, gülməli bir ad-simvolla Kakanien adı ilə təqdim edilir. Avstriya-Macarıstan imperiyası, Avstriya imperatorluğundan və Macarıstan krallığından ibarət olduğu üçün, imperiyanın rəsmi adı “Kaiserlich und Königlich” kimi göstərilirdi. Musil bu iki addan ironik Kakanien adını yaratmışdı. Romanın türkcə tərcüməçisi Ahmet Cemal bu adı imperiya və krallıq sözlərini birləşdirərək “İmpkralya” kimi tərcümə edib, düşünürəm ki, bizim dil üçün də bu variant çox uyğundur.

Ulrichin atası İmpkralya imperatorunun hüquqşünası olduğu üçün, o – Ulrich rahatlıqla Vyananın zəngin siyasi mühitinə girə bilir. Bu çevrədəki tanışları və atasının bəzi məktubları sayəsində öyrənir ki, burda Prusiyadakı alman qonşularının mədəni və siyasi nüfuzuna qarşı “Paralel akt” adlı gülməli bir millətçi təşkilatlanmanın hazırlıqları gedir.

Məlum olur ki, “Paralel akt” almanların öz imperatorları II Vilhelm üçün hazırladıqları şənlikdən daha təntənəli bir şənlik düzəltmək üçün yaradılıb. Bu təşkilat ətrafında birləşənlər inanırlar ki, belə bir şənlik düzəltməklə onlar İmpkralyanın Avropadakı nüfuzunu isbat etməklə qalmayacaq, artan alman nüfuzuna da layiqli cavab verəcəklər. Bu plan aristokratiyanın modernləşməyə qarşı dirənişi kimi də oxuna bilər.

1911-cu ildəki bir essesində Musil belə yazırdı: “Qapalı gözlərlə xalqının keşiyini çəkən bu yuxulu dövlət, həqiqi mənada sərtlik və zorbalıq rejiminin depressiyasını da yaşamaqdaydı; ipin ucunu hər qaçırdanda və heç bir çarə tapmayanda vəziyyət belə olurdu. Onda dövlət, polislər, vəkillər, hakimlər və mütləqiyyətçi qərarlar işə qarışır, amma bir az sonra qarşılaşdığı böyük dirənişdən qorxub geri çəkilir və öz orqanlarını inkar edirdi... bu dövlətin ruhunu iradədənkənar mütləqiyyət kimi adlandırmaq olar; çünki bu dövlət, necə edilməli olduğunu bilsəydi, əslində demokratik davranmaq istəyərdi...”

Bu Musilin bütün ömür boyu işlədiyi romanın da onurğasını ifadə edən fikirlərdi.

Musil “Paralel akt” təşkilatlanması ətrafında birləşən adamların şəxsində dövrün Avstriyasındakı yuxarı elitanı simvollaşdırır. Ernest Fischer roman haqqındakı məşhur uzun essesində bu simvolik tipləri çox yaxşı əyaniləşdirib. Fischer yazır ki, ən yuxarıdakı qoca qraf Leinsdorf mühafizəkarlıq və tolerantlıqdan, kübarlıqdan və saflıqdan, dünyəvi təcrübələrdən və dünyadan bixəbərlikdən yaradılmış avstriyalı aristokrat tipidir.

General Stumm von Bordwehr Müdafiə Nazirliyinin təlimatı ilə hərəkatı izləmək tapşırığı verilmiş, sivil ruhun ucsuz-bucaqsız iş bölgüsündən, ixtisaslaşma cəhdindən, alatoranlıqdan, əsrin bir-birinə qarışan “izm”lərinin içində artıq kimin hansı yuvanın quşu olduğunu bilməməkdən şikayətçi, şübhəçi tipdir.

“Lloyd” bankının müdiri Fischel gərdişindən məmnun, özündən əmin, rahat, liberal burjuadır. Lakin qızı Gerdanın liberalizmə nifrət edən, zəkaya və proqresə ironik yanaşan gənc dostlarından narahatdır.

Romanın əsas personajlarından olan Arnheim isə modern monopolist kapitalizmin yuxarı eşalondakı təmsilçisidir. Musil roman boyu öz fikirlərini Ulrichin dilindən nəql edir.

Romanın qadın qəhrəmanları burjua əxlaqının yaratdığı cinsi təzyiqlərdən bezmiş, ailə həyatlarında xoşbəxt olmayan tiplərdi. Məsələn, “Paralel akt”ı hamıdan çox dəstəkləyən Ulrichin əmisi qızı Diotima, daim yüksək bürokrat əri Tuzzinin yaratdığı hörmətdən Arnheimin yaradacağı zənginliyə qədəm atmağa can atır. Diotima xırda burjua mühitindən yuxarı eşalona yüksəlmiş, baş verənlərdən xəbərsizcə idealist arzuları olan tipdir.

Ulrichin cavanlıq dostu Walterin arvadı Clarissa isə Nietzsche-dən, anti-humanist fəlsəfədən qidalanmış, dəliliyin sərhəddində olan bir qadın tipidir.

9.

Musilin “Özəlliksiz adam” romanı haqqında geniş yayılmış bir fikir var ki, bu kitabı gərək ömrün müxtəlif yaşlarında oxuyasan, birinci dəfə 30 yaşacan, ikinci dəfə 40 yaşında və sonra 50 yaşında bir də.

Bütün ömrünə yayılan yazma prosesində Musil özü də əslində yaza-yaza sanki kitabının gələcək taleyini müəyyənləşdirirdi – həm yazıçı kimi, həm oxucu kimi.

Bu mənada bizə yəqin ki, iki şey arzu etmək qalır: birincisi ölkəmizdə çox da bilinməyən Robert Musili sənətçilərimiz hansı yaşda olmağından asılı olmayaraq oxusunlar, ikincisi isə hələ 30 yaşı olmayan gənc dövlətimizin 30 yaşınacan “Özəlliksiz adam”ın dilimizə çevrilməsi.

Arzumuz özümüzdə və gözümüzdə qalmasın!