Nağd ödənişlər daha da məhdudlaşdırılır

Manat.

Azərbaycanda nağd hesablaşmalar məhdudlaşdırılır.

Ölkə parlamenti “Nağdsız hesablaşmalar haqqında” qanunun qəbuluna hazırlaşır.

“Turan” Agentliyi xəbər verir ki, sözügedən qanun layihəsi dekabrın 14-də parlament komitələrinin birgə toplantısında müzakirə olunub.

Qanunda tənzimlənəcək hesablaşmalar bütün vergi ödəyicilərinə şamil ediləcək.

Buna da bax:​ Bir bankda müştərilərin başına açılan oyunlar...

Əlavə Dəyər Vergisi (ƏDV) ödəyiciləri təqvim ayı ərzində ümumilikdə 30 min manatlıq nağd hesablaşma apara biləcəklər. Həmin həddən keçildikdə bütün hesablaşmalar nağdsız aparılmalıdır.

Digər vergi ödəyicilərinə icazə verilən nağd hesablaşmaların məbləği 15 min manatdan artıq ola bilməz.

Layihədə əmək haqları, pensiya, təqaüd, maddi yardım, müavinətlər, kompensasiyalar və təzminatların da yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Buna da bax:​ Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'

Ancaq əməliyyatlarının həcmi 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslərin ödənişləri istisnadır.

Vergilər, gömrük rüsumları, inzibati cərimələr, maliyyə sanksiyaları, kreditlərin verilməsi, stasionar telefon xidmətləri, kommunal xərclər, təhsil haqları, turizm agentliklərinə ödəmələr də nağdsız qaydada həyata keçirilməlidir.