Tehranda prezidentlərin zirvə görüşü keçirilib [video]

Tehranda İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin üçtərəfli zirvə görüşü.

Bu gün, noyabrın 1-də Tehranda Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

AzərTAC-ın xəbərinə görə, prezidentlər görüşdə çıxış etdilər. Sonra onlar birgə bəyannamə imzalayıblar. Daha sonra da dövlət başçıları mətbuata bəyanat veriblər.

Birgə açıqlama

İran prezidenti Həsən Ruhani deyib ki, Tehranda üçtərəfli formatın ikinci zirvə görüşü də dostluq və mehriban qonşuluqla bağlı olub. O, ölkələrinin potensialının xalqların firavanlığına xidmət edəcəyinə əminliyini bildirib.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışan Həsən Ruhani bu yolun Azərbaycan və Rusiyadan keçməklə Avropaya qədər uzanacağını diqqətə çatdırıb. Ölkələrinin yaxşı neft-qaz ehtiyatlarına və nadir beynəlxalq vəziyyətə malik olduğunu deyən İran dövlətinin başçısı keçirilən görüşlərdə bir çox iqtisadi sahələrlə yanaşı, ekoloji məsələlərin də diqqət mərkəzində olduğunu söyləyib.

O, vurğulayıb ki, Xəzərin hüquqi statusu ətrafında da fikir mübadiləsi aparılıb.

Buna da bax: Rusiyanın təşkilatçı olduğu danışıqlara getməyəcəklər

Habelə, hər üç ölkənin terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığının vacibliyini qeyd edib.

Növbəti sammit Rusiyada olacaq

Həsən Ruhani onu da bildirib ki, tərəflər Vladimir Putinin təklifi ilə növbəti sammitin Rusiyada keçirilməsi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev isə birinci üçtərəfli zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə keçən ilin avqustunda Bakıda keçirildiyini, bu formatın gözəl gələcəyinin olduğunu bildirib.

“Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var.

Buna da bax: Azərbaycan və İran prezidentlərinin danışdığı məsələlər

Onun deməsinə görə, bu coğrafi yerləşmə Azərbaycana bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir.

Azərbaycanın öz dəmir yolu infrastrukturunu təkmilləşdirdiyini və İran sərhədinə qədər dəmir yolu inşa etdiyini deyən dövləti başçısı hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin onların öhdəsinə düşən hissəsinin istismara tam hazır olduğunu vurğulayıb.

“Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq və qarşılıqlı hörmət əsasında qurulub”, - deyən prezident İlham Əliyev bu əlaqələrin regiondan ötrü də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Rusiya Prezidenti Vladimir Putin de deyib ki, səmimi şəraitdə keçən üçtərəfli görüşün onlara fayda gətirəcəyinə əmidir. Sabitliyin qorunması, cinayətkarlıq və terrorizmlə mübarizə sahələrində mühüm məsələlərin müzakirə olunduğunu deyən Vladimir Putin əsasən iqtisadi məsələlərin diqqət mərkəzində olduğunu bildirib.

Buna da bax: Azərbaycan və Rusiya prezidentləri görüşüb

“Şimal-Cənub” nəqliyyat dəhlizi test rejimində

“Şimal-Cənub” nəqliyyat dəhlizinin artıq test rejimində işlədiyini deyən Rusiya Prezidenti bu marşrutun öz səmərəliliyini artıq nümayiş etdirdiyini vurğulayıb.

Rusiya, Azərbaycan və İranın karbohidrogen ehtiyatlarının iri istehsalçısı olduqlarını deyən Vladimir Putin bu sahədə səylərin əlaqələndirilməsinin zəruriliyini də qeyd edib.

Rusiya dövlətinin başçısı humanitar, təhsil, səhiyyə, mədəniyyət sahələrində əməkdaşlığın, regionlararası əlaqələrin önəmindən də danışıb.

Bundan öncə də belə formatda bir görüş olub. İlk görüş 2016-cı ildə Bakıda keçirilib. O zaman üç ölkənin başçısı «Şimal-Cənub» nəqliyyat layihəsinin reallaşması və bir sıra başqa məsələləri müzakirə ediblər.

Xatırlatma

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub. «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

3 prezident görüşür