Noyabrın 21-də Ermənistanın hakim partiyası ölkənin hökumət elitasının «nasizmi tərənnüm etməsi» iddialarını təkzib edib. Bu iddianı Rusiyanın «Zvezda TV» telekanalı səsləndirib.
Ermənistan həmin televiziyanı Rusiya Müdafiə Nazirliyinin təbliğat qolu adlandırır.
«Zvezda TV» ötən həftə efirə verdiyi proqramda Ermənistan Respublika Partiyasının (HHK) loqosunu Üçüncü Reyxin emblemiylə müqayisə edib.
Telekanal həmçinin, HHK-nın ideologiyasına sadiq qaldığı 20-ci əsr erməni hərbi komandiri Garegin Nzhdeh-i İkinci Dünya müharibəsi dövrünün ukraynalı millətçi lideri Stepan Bandera ilə müqayisə apararaq, Ermənistan hakim elitasının nasistlərlə əməkdaşlıq edənləri tərənnüm etdiyini bildirib.
Nzhdeh İkinci Dünya müharibəsi zamanı nasistlərlə qısa müddətə əməkdaşlıq edib və Moskva tərəfindən buna görə həbs də olunub. Ötən il Ermənistan paytaxtı Yerevanda onun heykəli ucaldılıb. Moskva da bu addımı tənqid etmişdi.
HHK-nın sözçüsü, eyni zamanda Ermənistan parlamentinin spiker müavini Eduard Sharmazanov AzadlıqRadiosuna müsahibəsində bu heykəlin ucaldılmasını dəstəkləyib.
«Garegin Nzhdeh erməni xalqının ən böyük qəhrəmanlarından biridir. Onun heykəli təkcə Yerevanda deyil, Ermənistanın müxtəlif yerlərində də ucaldılmalıdır», – o söyləyib.
Sharmazanov-un sözlərincə, HHK-nın loqosunun nasist embleminə bənzədilməsi «gülünc və siyasi baxımdan kor» addımdır.