BMT-nin Baş Assambleyası koronavirusla bağlı ilk qətnaməsində bu xəstəliyə qarşı “beynəlxalq əməkdaşlığa” və “çoxtərəfliliyə” səsləyir.
Hazırda dünyada koronavirusa yoluxmaların sayı 1milyonu keçib, 52 mindən çox insan dünyasını dəyişib.
Aprelin 2-də qəbul olunmuş qətnamədə BMT-nin qlobal səhiyyə və iqtisadi böhrandakı rolu vurğulanır, BMT-nin Baş katibi Antonio Guterres-ə çağırış olunur ki, pandemiyaya qarşı qlobal reaksiyada səfərbərlik və koordinasiyaya rəhbərlik etsin.
Qətnaməni İsveçrə, İndoneziya, Sinqapur, Norveç, Lixtenşteyn və Qana təqdim edib, yekdilliklə qəbul olunub.
Rusiyanın təqdim etdiyi qətnamədə də əməkdaşlıq, problemlərə qarşı həmrəyliyin vacibliyindən söz açılırdı. Amma eyni zamanda üstüörtülü şəkildə beynəlxalq sanksiyaların qaldırılması, ticarət müharibələrinə, proteksionist təcrübələrə son qoyulması tələb olunurdu.
Rusiyanın layihəsini Mərkəzi Afrika Respublikası, Kuba, Nikaraqua və Venesuela dəstəkləyirdi. Amma “AP”nin istinad etdiyi diplomatların sözlərinə görə, Avropa Birliyi, Britaniya, Birləşmiş Ştatlar və Ukrayna Rusiyanın təklifini rədd ediblər.
Baş Assambleyanın qətnamələrinin hüquqi qüvvəsi olmasa da, dəstəkdən asılı olaraq güclü siyasi dəyərə malikdir.