Tibbi müdaxilələrə baxmayaraq Tofiq Yaqublunun aclıq aksiyasını davam etdirdiyi bildirilir
Tofiq Yaqublu reanimasiyadan çıxarılmayıb. “Tofiq Yaqublunun reanimasiyadan palataya köçürülməsi təkcə klinikadan asılı deyil” Bu açıqlamanı isə AzadliqRadiosuna professor Adil Qeybulla verib. Adil Qeybulla bildirib ki, Tofiq Yaqublu hazırda reanimasiyadadır və nəzarət altındadır: “Hələlik, hər şey qaydasındadır”. T.Yaqublunun müəyyən tibbi müdaxilələrə baxmayaraq aclıq aksiyanı davam etdirdiyi bildirilir. Bu məlumata da rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
***
Tofiq Yaqublu reanimasiyadadır
“Məqsəd ekstremal durum yaranarsa Tofiq Yaqubluya kömək etməkdir". Bunu isə tibb elmləri doktoru Adil Qeybulla söyləyib.
Onun sözlərinə görə, Tofiq Yaqublu reanimasiyada saxlanır. Onun deməsinə görə, T.Yaqublu təcridxananın baş həkimin müşahidəsi ilə City Hospitala gətirilib. Onun vurğulamasına görə, bu addım rəsmi qurumların razılığı ilə həyata keçirilib.
Bu məlumata, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
***
Milli Şura və Müsavat Partiyasının hazırda həbsdə olan fəalı Tofiq Yaqublunun bu gün, sentyabrın 12-də axşam saatlarında saxlandığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından City Hospitala gətirilib. Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
“Amma görüşə bilməmişik. Müayinə olunur. Durumundan xəbərimiz yoxdur. Yəqin ki, kritik durumlarda bu addım atılır” deyə o vurğulayıb.
Hələlik, bu məsələ ilə bağlı City Hospital-ın rəhbərliyi və Penitensiar Xidmətlə danışmaq mümkün olmayıb.
Nigar Həzi vurğulayıb ki, hələ, aclıq aksiyasının ilk dönəmində vəkil Aqil Layic Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib ki, Tofiq Yaqublunu öz həkimi müayinə etsin:
“ Çünki müəssisənin həkimlərinin informasiyasını biz yeterli saymırdıq. Dünən, sentyabrın 11-də də professor Adil Qeybulla ( Tofiq Yaqublunun ailə dostu) təcridxanada atanı müayinə etdi. Bu gün, sentyabrın 12-də onunla danışmışdıq bildirmişdi ki, müəssisənin daxilində tibbi hissəyə köçürülüb.
Adil Qeybullanın vurğulamasına görə, Tofiq Yaqublu ilə danışıb və söz verib ki,hər hansı qida qəbulu olmayacaq. Sadəcə deyib ki, hər an komaya düşə bilər və bunun üçün nəzarət altında olmalıdır”.
Nigar Həzi əlavə edib ki, hələ də atasının səhhəti ilə bağlı dolgun informasiya ala bilməyiblər.
Milli Şura və Müsavat Partiyasının hazırda həbsdə olan fəalı Tofiq Yaqublunun 11-ci gündür ki, aclıq aksiyası keçirdiyi deyilir.
***
"Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var"
(Xəstəxanaya aparılmazdan əvvəl)
"Çox halsızam. Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var...". Nigar Həzinin yaydığı məlumata görə, bu sözləri sentyabrın 12-də telefon danışığında atası Tofiq Yaqublu deyib.
Qızının dediyinə görə, Tofiq Yaqublu bir gün əvvəl ona köçürülən sistemin də səhhətində müsbətə doğru hər hansı dəyişikliyə səbəb olmadığını deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Adil Qeybulla israrla sistem köçürülməsinin vacibliyini bildirdi. Həmin sistemin qida tərkibli olmadığına məni inandırandan sonra razı oldum. Bunu da yalnız bir dəfə, Adil doktorun özünün edə biləcəyini dedim. Buradakı həkimlər də mənim hər an komaya düşəcəyimi bildirdilər. Sistem köçürülməsindən sonra da dəyişən heç nə olmadı. Yenə gecə səhərə kimi yatmamışam. Çox halsızam. Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var. Buradakı həkimlər də həyəcan içindədilər. Mənim hər an komaya düşəcəyimdən qorxurlar ", qızının vurğulamasına görə, T.Yaqublu belə deyib.
Bu məlumata, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Dünən, sentyabrın 11-də tibb professoru Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşüb. Adil Qeybulla Tofiq Yaqublunun yanından çıxandan sonra jurnalistlərə bunları demişdi:
“Bilirsiniz ki, aclıq aksiyasında su qəbulu şərtdir. Özü də su, duz qəbulu mütləqdir. Amma Tofiq Yaqublu uzun müddətdir, suyu da düz qəbul etmir. Biz ona vəziyyəti izah etdik, bunun onun həyatına təhlükə olduğunu izah etdik. Bu cür aclıqda ürək qəfil dayana bilər. 60-a yaxın yaşı var, bu yaxınlarda əməliyyat olunub, astma xəstəliyi var. Amma o israrla aclığı davam etdirəcəyini bildirdi”.
Buna da bax: Tofiq Yaqublu ilə bağlı Avropa Məhkəməsinə müraciət edilibAdil Qeybullanin sözlərinə görə, onun xahişi və sanitar həkimlərin iştirakı ilə bəzi tibbi tədbirlər görülüb:
“Venadaxili, bir litr maye köçürtdük, vitaminlər köçürtdük. Sonra onu öz yerinə yola saldıq. Tofiq Yaqublu aclığı dayandırmadı. Amma mən bir həkim kimi deyirəm ki, vəziyyət çox ciddidir...” deyə Adil Qeybulla sentyabrın 11-də jurnalistlərə bildirmişdi.
Xatırlatma
Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib". Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Tofiq Yaqublu elə həmin gün həbsinə etiraz olaraq aclıq aksiyası (sentyabrın 2-dən) keçirdiyini bəyan edib.