Rusiya Birləşmiş Ştatlara vaxt verir

Sergey Ryabkov

Ryabkov ABŞ-ın ön-şərtlərini “həddən artıq qeyri-real və maraqlı elementlərdən məhrum” hesab edir

Rusiya Yeni START sazişi üzrə danışıqlar üçün Birləşmiş Ştatlara vaxt verdiyini deyir, ancaq vaxt getdiyindən müzakirələrdə fasilənin mümkün olmadığını vurğulayır. Bu saziş yeganə ikitərəfli nüvə silahları paktıdır.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov sentyabrın 22-də deyib ki, Moskva Vaşinqtonun irəli sürdüyü şərtləri nəzərə alaraq sazişin uzadılmasına imkan olmadığını düşünür.

Birləşmiş Ştatlar nüvə silahlarına yeni nəzarət sazişinin imzalanmasında israr edir. Bütün növ hərbi başlıqları, daha güclü yoxlama və şəffaflıq tədbirlərini əhatələyəcək bu sənədə Çinin də salınmasını istəyir, amma Pekin təklifi rədd edir.

Ryabkov ABŞ-ın ön-şərtlərini “həddən artıq qeyri-real və maraqlı elementlərdən məhrum” hesab edir.

Buna da bax: Rusiya bildirir ki, ABŞ-la nüvə razılaşmasına ümid azdır

“Ultimatum”

Ryabkovdan öncə ABŞ Prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Təmsilçisi Marşal Bilinqsli “Kommersant” qəzetinə deyib ki, Moskva Birləşmiş Ştatlarda noyabr seçkisi öncəsi sazişin uzadılmasıyla bağlı Vaşinqtonla birgə razılaşmanı qəbul etməlidir.

“Hiss edirəm ki, Prezident Donald Tramp seçkini təkrar udandan sonra, əgər Rusiya o vaxtadək təklifi qəbul etməsə, daha baha bədəllə qəbul etməli olacaq”, – Bilinqsli vurğulayıb.

Ryakovun sözlərinə görə, bu mövqe ultimatuma bərabərdir və sazişin uzadılmasıyla bağlı hər hansı razılaşma əldə etmək şanslarını azaldır.

Rusiya Yeni START sazişini ön-şərtsiz qəbul etməyə hazır olduğunu deyib, mürəkkəbləşdirilmiş yeni saziş üzrə danışıqlara yetərincə vaxt qalmadığını vurğulayıb.

Yeni START hər bir ölkə üçün uzaqmənzilli nüvə başlıqlarının sayı ilə bağlı limit qoyur. Tərəflər onu daha beş il müddətinə uzatmasalar, fevralda vaxtı bitir.

Yayda iki ölkə arasında danışıqların bir neçə raundu keçirilib, amma heç bir irəliləyiş əldə olunmayıb.