Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan da 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı noyabrın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257 nəfərdir".
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12825, hazırkı dövrədək isə ümumilikdə 1417368 test aparılıb.
Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb. O vaxtdan indiyə kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt 1400-ə çatdığı bildirilməmişdi. Üstəlik, heç vaxt bu virusa yoluxanlardan gündəlik ölənlərin sayının 17-ə çatdığı qeyd edilməmişdi.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.