Dekabrın 27-dən Birləşmiş Ştatlara gedən britaniyalılar uçuşadək 72 saat ərzində neqativ COVID-19 testi təqdim etməlidirlər. Səbəb Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının yayılmasıdır.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin bəyanatına görə, təyyarə ilə Böyük Britaniyadan gedən sərnişinlər neqativ test nəticəsi təqdim etməlidirlər.
Honq Konq yeni ştammın yayılmasını önləmək üçün Çindən savayı digər ölkələrdən ziyarətçilər üçün məcburi karantini daha yeddi gün artıraraq 21 gün edib. Bu qayda dekabrın 25-dən qüvvəyə minir.
Buna da bax: Roma papası ‘pandemiya dövrünün’ Milad xütbəsini verdi
Son 21 gündə Cənubi Afrikada olmuş şəxslərin Honq Konqa yola düşməsi qadağan edilib. Cənubi Afrikada koronovirusun mutasiya etmiş başqa bir variantı aşkarlanıb. Artıq Almaniya da yeni ştammın qeydə alındığını təsdiqləyib.
Rəsmilər yeni ştammın daha öldürücü, yaxud peyvəndə daha dayanıqlılığna dəlil olmadığını bildirirlər.
Kaliforniyada yoluxmalar 2 milyona çatıb
Dekabrın 23-də Birləşmiş Ştatlar aeroportlarında təhlükəsizlik yoxlamalarından 1.19 milyondan çox şəxsin keçdiyi xəbər verilir. Səhiyyə rəsmiləri isə evdə qalmaqla bağlı çağırışlar etməkdədirlər.
Buna da bax: ABŞ Aerofəza Komandanlığı: Uşaqlar Şaxta babadan nigaran qalmasınlar
Bu göstərici ötən ildəkindən 40 faizədək az olsa da, martın ortasında pandemiya başlanandan ən yüksək rəqəmdir.
ABŞ-da virusun ən qaynar nöqtəsi Kaliforniya ştatıdır. Dekabrın 24-də bu ştatda yoluxma sayının 2 milyona çatdığı açıqlanıb.
40 milyon nəfərin yaşadığı ştatda Milad bayramı günlərində evdə qalmaqla bağlı sərt qadağa qoyulub.
Dekabrın 24-də Meksika, Çili, Kosta Rikada da koronavirusa qarşı vaksinasiya başlanıb.
Asiya ölkələrindən Cənubi Koreyada Milad günü ən böyük gündəlik yoluxmaların aşkarlandığı bildirilib. 1241 yoluxma sayı ölkə üzrə ümumi göstəricini 54 min 770 nəfər çatdırıb.