Cənubi Koreya və Birləşmiş Ştatlar İran hakimiyyətindən Hörmüz boğazında saxlanmış neft tankerini buraxmağı tələb edib. Tanker Cənubi Koreyanın bayrağı ilə üzüb.
“MT Hankuk Chemi” tankeri 20 nəfərlik heyətli birlikdə yanvarın 4-də saxlanıb, Fars körfəzi və boğazda “neft çirklənməsi”nə səbəb olduqları iddia edilib.
“Fars” xəbər agentliyi İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) donanma qüvvələrinin gəmini saxladığını bildirib.
İİKK-nın məlumatına görə, gəmidə 7 min 200 tonluq neft-kimya məhsulları olub. Gəminin Səudiyyə Ərəbistanından çıxdığı, “dənizdə ətraf mühit qanunlarını dəfələrlə pozduğuna görə saxlandığı” bildirilir.
İran rəsmilərinin bildirməsinə görə, Cənubi Koreyanın xarici işlər nazirinin müavini bir neçə günə Tehrana səfər etməlidir. Tehran Cənubi Koreyanın ABŞ sanksiyaları ilə əlaqədar dondurduğu milyardlarla dollar vəsaiti tələb edir.
ABŞ Dövlət Departamenti isə Tehranı maliyyə yardımı qoparmaqdan ötrü Körfəzdə naviqasiya azadlığına təhdid yaratmaqda suçlayır.