NATO yenidən birlik nümayiş etdirir

Yens Stoltenberq (sağda) və Entoni Blinken

NATO-ya daxil ölkələrin xarici işlər nazirləri bəyan ediblər ki, bu Qərb alyansı “yüksələn hədələr və sistematik rəqabət” şəraitinə uyğunlaşmaqda davam edəcək.

Onlar vurğulayıblar ki, “Rusiyanın aqressiv hərəkətləri Avroatlantika təhlükəsizliyinə hədə təşklil edir”.

Martın 23-də Brüsseldə keçirilən görüşün ilk günündə nazirlərin verdiyi birgə bəyanatda alyansın üzləşdiyi hədələrdən bəhs olunur:

"Aqressiv və avtoritar güclər və qeyri-dövlət oyunçuları hibrid hücumlar və kiberhədələrlə, yeni texnologiyalardan ziyanlı istifadə və assimmetrik təhdidlərlə qanunlara əsaslanan beynəlxalq nizama meydan oxuyurlar”.

Buna da bax: Bosniya-Herseqovina Moskvanın hədəsini rədd edir

Nigarançılığın sonu

Martın 23-də ABŞ-ın dövlət katibi Entoni Blinken də 2019-cu ildən bəri NATO nazirlərinin üzbəüz keçirdikləri ilk ikigünlük sammitə qatılıb.

O deyib ki, “Çinin hərbi yüksəlişi və Rusiyanın Qərbi qarışdırmaq cəhdləri” NATO-nun bir araya gəlməsinə səbəb olub.

Rusiya Dövlət Duması Xarici İşlər Komitəsinin sədri Leonid Slutski NATO-nun bəyanatını şərh edərkən bildirib ki, “Rusiyadan qaynaqlanan təhdidlər barədə söylənən mantra alyansın genişlənməsinə haqq qazandırmaq üçündür”.

NATO nazirlərinin birgə bəyanatında bu da vurğulanır ki, “Avropa və Şimali Amerika arasında transatlantik bağların ürəyində NATO dayanır”.

Keçmiş ABŞ prezidenti Donald Trampın alyansa soyuq və şübhəli münasibəti bir çox NATO üzvlərində nigarançılıq yaratmışdı.

Buna da bax: Britaniya Soyuq müharibədən bəri ilk dəfə nüvə başlıqlarını artıracaq

“NATO-suz Avropanın müdafiəsi yoxdur”

Nazirlər NATO nizamnaməsinin 5-ci maddəsinə sadiq olduqlarını bir daha dilə gətiriblər. Bu maddəyə görə bir NATO üzvü üzərinə hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir.

Özünün Brüsselə ilk səfərində Blinken habelə Avropa İttifaqının liderləri ilə də görüşəcək.

Prezident Co Bayden özünün ilk xarici siyasət çıxışında ABŞ-ın Avropa ilə transatlantik bağlarını canlandıracağını, NATO-nu gücləndirəcəyini bildirmişdi.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, “Birləşmiş Ştatlar bizim, ilk növbədə NATO müttəfiqləri ilə partyorluğumuzu yenidən qurmaq istəyir”.

Blinkenin bəyantını alqışlayan Fransa xarici işlər naziri Jan-İv Le Drian bəyan edib ki, “NATO özünü yenidən kəşf edib”.

O əlavə edib ki, “NATO-suz Avropanın müdafiəsi yoxdur”.

***

ABŞ-ın Dövlət katibi Entoni Blinken Brüsselə ilk səfəri zamanı NATO-nu yenidən qurmaq və möhkəmləndirməyi, Əfqanıstanla bağlı müttəfiqlərlə məsləhətləşmə aparmağı vəd edib.

Martın 23-24-də Blinken NATO xarici işlər nazirlərinin görüşünə qatılacaq. Onun Avropa Birliyi liderləri ilə də danışıqlar aparması nəzərdə tutulub.

“Birləşmiş Ştatlar tərəfdaşlığımızı yenidən qurmaq istəyir, ilk öncə də NATO müttəfiqlərimiz ilə, alyansı canlandırmaq istəyirik”, – Blinken NATO-nun Baş katibi Jens Stoltenberqlə görüşündən öncə jurnalistlərə deyib.

Dövlət katibi transatlantik alyansın öz mövcudiyyətinin həlledici anını yaşadığını vurğulayıb.

NATO-da görüşlər zamanı Çin və Rusiyanın, eləcə də Qərb alyansının Əfqanıstandakı 9 min 600 nəfərlik missiyasının gələcəyinin müzakirə olunacağı gözlənir.

Keçmiş prezident Donald Tramp administrasiyasının ötən il Taliban silahlı qruplaşması ilə əldə etdiyi razılaşmaya görə, hərbçilər mayın 1-cən çıxmalıdırlar.