«Azərbaycanda gördüklərim məni o qədər də razı salmayıb»

Endryu Makintoş, 7 yanvar 2008

Avropa Şurasının media azadlığı üzrə məruzəçisi lord Endryu Makintoş «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


- Sizin Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı dəyərləndirmənizi eşitmək çox maraqlı olardı.


- Mən Bakıda keçən il olmuşam və orada ölkədə medianın vəziyyəti ilə bağlı çox təfərrüatlı müzakirəmiz olmuşdu. Mən prezidentlə də görüşdüm, çünki səfərim bir sıra nəşrlərin öz ofislərindən çıxarılması və bir telekanalın efirinin dayandırılmasından sonraya təsadüf edirdi. Biz aldığımız cavablardan çox da razı qalmadıq və hesab edirik ki, Azərbaycanın media azadlığı sahəsində gedəsi hələ uzun bir yol var.


- O vaxtdan bəri bir sıra həbslər baş verib və jurnalistlərdən birinə səkkiz il yarım həbs cəzası kəsilib. Sizcə, Azərbaycan hökuməti çağırışlarınızı eşitmir, yoxsa Avropa Şurasından aldığı başqa mesajlar da var.


- Məncə, bu, təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə davam edən mübarizədir. Düşünürəm ki, azadlığı əldə etməyin qiyməti daim pusquda olmaqdır ki, biz insan hüquqlarının pozulması hallarının hər birinə öz etirazımızı bildirməliyik.


- Daha üç jurnalist həbsdədir. Onların azadlığa buraxılması ilə bağlı hər hansı tədbirlər görmək niyyətindəsinizmi?


- Mən bu barədə detalları bilmirəm. Biz fərdi məsələlərlə məşğul olmaq üçün resurslara malik deyilik. Biz qeyri-hökumət təşkilatları ilə işləyirik və bu istiqamətdə işi davam etdirəcəyik.


- Hesabatlara görə, Azərbaycan Avropa Şurasına üzv olandan bəri ölkədə media azadlığı ilə bağlı vəziyyət pisləşib. Bunu necə qiymətləndirirsiniz?


- Mənim bu bəyanatları qiymətləndirmək imkanım yoxdur. Mən bilirəm ki, Azərbaycanda nə görmüşəm və gördüklərim məni o qədər də razı salmayıb. Avropa Şurası üzv ölkələrdə vəziyyəti yaxşılaşdırmaqdan ötrü əlindən gələni edir. Payızda mətbuat azadlığının göstəricilərini müəyyənləşdirən bir hesabat tərtib olunacaq və bu göstəricilər hansı ölkələrdə hansı problemlərin olduğunu müəyyənləşdirməyə yardımçı olacaq.