ABŞ-ın kəşfiyyat və güvənlik rəsmiləri Rusiya və İranı seçkilər zamanı amerikalılar arasında nifaq salmaq üçün geniş kiberhücum və dezinformasiya kampaniyaları aparmaqda suçlayıblar. Milli Kəşfiyyat İdarəsinin, FTB-nin və ABŞ Kibergüvənlik və İnfrastrukturun Qorunması Agentliyinin birgə məlumatında belə deyilir.
Rusiyaya bağlı şəxslər seçkilərin legitimliyini zəiflətmək, seçki prosesi ilə bağlı seçicilərə qorxu aşılamaq, siyasi baxışlarına görə amerikalıların bir-birinə qarşı zor işlədə biləcəyi mövzularda saxta video və məqalələr hazırlayırlar.
"Zorakılığa həvəsləndirmə riski"
"Bu cəhdlər seçki komissiyası əməkdaşlarına qarşı zorakılığa həvəsləndirmə riski də daşıyır", - bəyanatda belə deyilir.
Yayılan saxta məqalələrin birində iddia edilir ki, hər iki namizədin mübarizə aparacağı mübahisəli ştatlarda ABŞ rəsmiləri seçki qutularına bülletenlər atacaq və dezinformasiya taktikasından yararlanacaqlar. Bir videomüsahibədə isə Arizonada seçkiləri saxtalaşdırmaqdan ötrü xaricdə saxta bülletenlərin hazırlandığı və seçki siyahılarının Harrisin xeyrinə dəyişdirildiyi iddia edilir.
Arizona ştatının rəhbəri videoda deyilənləri təkzib edərək onları saxta adlandırıb.
Dövlət agentliklərinin bəyanatında Rusiya "ən canlı təhlükə", İran "xarici təsirlərin önəmli təhdidi" adlandırılıb.
Bəyanatda Trampın seçki kampaniyasına kölgə salmaq üçün İranın zərərli kiberfəaliyyətlər gerçəkləşdirdiyinə də diqqət çəkilir.
Seçicilərə üz tutan rəsmilər bilgiləri güvənli və rəsmi qaynaqlardan əldə etməyə çağırıblar.
İran və Rusiya ABŞ-dakı seçkilər zamanı hər hansı dezinformasiya kampaniyasına qatıldıqlarını təkzib edib.