"Abzas Media" işi üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışıqlarının məhdudlaşdırıldığı deyilir.
Onlayn nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın sözlərinə görə, qızı ilə telefon danışıqlarını 15 dəqiqədən 2 dəqiqəyə endiriblər: "Sevinc dedi ki, məhdudiyyət COP29-a görədir. Onlara deyilib ki, yaxınlarınız səsinizi eşidib sağ-salamat olduğunuzu bilsinlər, bəsdir".
Noyabrın 11-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
O.Məhərrəmova həmçinin qeyd edib ki, bundan əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qızı ilə görüşləri ləğv olunub.
"Abzas Media" isə bildirir ki, nəşrin həbs olunmuş digər jurnalistlərinin də telefon danışıqları 2 dəqiqəyə endirilib.
Hələlik, bu şikayətlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Abzas Media" işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.