Sentyabrın 6-da futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Azərbaycan yığması Kardiff şəhər stadionunda Uels yığmasının qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Maltadan olan hakimlər briqadasının idarə etdiyi oyunun 26-cı dəqiqəsində Azərbaycan yığmasının üzvü Pavel Paşayev avtoqola imza atıb. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib - 1:0.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan futbolçuları matçın 59-cu dəqiqəsində istəklərinə nail olublar. Mahir Emrelinin qolu ilə hesab bərabərləşib. Matçın 84-cü dəqiqəsində uelsli futbolçu Qaret Beyl fərqlənərək komandasını hesabda önə çıxarıb və bu, matçda vurulan sonuncu qol olub.
Azərbaycan yığması “E” qrupundakı ilk 3 görüşdə də məğlub olmuşdu. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən Azərbaycan yığma komndası doğma meydanda Macarıstana 1:3 və Slovakiya seçməsinə isə 1:5 hesabı ilə uduzmuşdu.
Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək.
Bu tura kimi “E” qrupuna 9 xalla Macarıstan yığması rəhbərlik edirdi. Sonrakı yerləri isə 6 xalla Xorvatiya və Slovakiya yığması tuturdu.
Uels isə 3 xalla 4-cü yerdə qərarlaşmışdı.Heç bir xal toplamayan Azərbaycan da sonuncu yerdə idi. Son turda, bu oyundan başqa qrupda Xorvatiya yığması da səfərdə Slovaqkiya yığmasına düz 4 cavabsız top vurub.