‘Bəxtiyar  Hacıyev çox arıqlayıb’

Fevralın 7-də vəkil Zibeydə Sadıqova Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil bildirib ki, Hacıyev ona aclıq aksiyasını davam etdirdiyini söyləyib:

"Bəxtiyar Hacıyev çox arıqlayıb. Bildirilir ki, təzyiqi 90/60-dır, qanda şəkərin miqdarı da azalıb. Özü isə çox zəifləyib".

Zibeydə Sadıqova əlavə edib ki, Bəxtiyar Hacıyev Türkiyədəki zəlzələ xəbərindən çox kədərlənib:

"O azadlıqda olsaydı Türkiyəyə yardım kampaniyasını özü keçərəcəyini söylədi".

Bu açıqlamaya, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Amma bundan əvvəl qurumun İctimaiyyətlə Əlaqələr şöbəsindən "Amerikanın Səsi"nə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Buna da bax: Həkim müayinəsindən sonra qardaşı ilə danışan fəal aclığı davam etdirdiyini deyib

Fevralın 6-da Türkiyədə dalbadal 7 baldan güclü iki zəlzələ baş verib.

Minlərlə şəxsin həlak olduğu, yaralandığı bildirilir.

Bəxtiyar Hacıyev həbsindən əvvəl bir sıra hümanitar kampaniyalar təşkil etmişdi.

O ötən il dekabrın 9-da həbs edilib.

Həbsinə etiraz edən bu gənc fəal yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev ötən il dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Buna da bax: Miyatoviç Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıb

Yanvarın 13-də ona qarşı irəli sürülən ittiham da ağırlaşdırılıb. Əvvəl Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı.

Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Buna da bax: Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkib

Xatırlatma

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.