Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti bir daha azərbaycanlı ictimai fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.
Belə bir bəyanatla fevralın 11-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.
Bəyanatda Bəxtiyar Hacıyevin siyasi motivli kimi geniş şəkildə başa düşülən ittihamlarla üzləşməkdə davam etməsindən çox narahatlıq ifadə olunur.
"Aclıq aksiyası keçirən cənab Hacıyevin səhhəti kəskin pisləşir və müstəqil həkimin fikrincə, komaya girmək təhlükəsi var. Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün şəxslərin azad edilməsinə çağırır." Praysın mətbuata ünvanlanan bəyanatında bildirilir.
Bəyanatda Birləşmiş Ştatların insan hüquqlarına hörməti inkişaf etdirmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan haqlarını pozanların məsuliyyətə cəlb edilməsinə qətiyyətlə sadiq olduğu vurğulanır.
"Biz Azərbaycanda və bütün dünyada sistemli islahatlara, xüsusən də insan hüquqlarının və əsas azadlıqların qorunmasına yönəlik bütün addımları təşviq edirik" -Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlamasında qeyd olunur.
***
Vəkil də Bəxtiyar Hacıyevə baş çəkib
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülən ictimai fəal Bəxtiyar Hacıyevlə fevralın 11-də vəkil Zibeydə Sadıqova da görüşüb.
Vəkilin Azadlıq Radiosuna bildirməsinə görə, B.Hacıyev deyib ki, dünən, fevralın 10-da onu iradəsinə zidd olaraq Müalicə Müəssisəsinə gətiriblər:
"Bakı İstintaq Təcridxanasında onun sənədlərini, sağlamlıq vəziyyətini qeyd etdiyi qeydlərini, məhkəmə qərarlarını, telefon nömrələri yazdığı vərəqlərini götürüblər və bu gün, fevralın 11-nə kimi qaytarmayıblar".
Bəxtiyar Haciyevin 16 kiloqram çəki itirdiyi deyilir
Vəkil qeyd edib ki, B.Hacıyevin çəkisi deməsinə görə, 68,5 kiloqrama enib:
"Qan təzyiqi 90/60, nəbz 66, bədən temperaturu 36-dır".
Müdafiə tərəfi Baxtiyar Hacıyevin təcridxanaya yerləşdiriləndə çəkisinin 84,5 kiloqram olduğunu açıqlamışdı.
Bu deyilənlər ilə bağlı, hələlik, Penitensiar Xidmətindən və Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.
Fevralın 10-da ictimai fəal Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bu barədə "Turan" İnformasiya Agentliyinə onun qardaşı Vüqar Hacıyevə istinadən məlumat yayıb.
Agentliyini yazdığına görə, Vüqar Hacıyevi xəstəxananın baş həkimi qəbul edib, o bildirib ki, Bəxtiyar Hacıyev hələ də qida qəbul etməkdən imtina edir və dərman köçürülməsinə də icazə vermir.
Amma, hələlik, bu məlumatı xəstaxananın özündən dəqiqləşdirmək mümkün olmayıb
***
Adil Qeybulla yenə Bəxtiyar Hacıyevi müayinə edib
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.
Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb.
Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa etdiyini açıqlayıb və hələ də davam etdirdiyi bildirilir
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.
***
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin getdikcə ağırlaşdığı bildirilir.
Fevralın 9-da Bakı İstintaq Təcridxanasında onunla vəkil Aqil Layıc görüşüb.
Vəkilin AzadlıqRadiosuna bildirməsinə görə, artıq gənc fəal böyrəklərində, ürəyində, başında ağrıların çoxaldığını deyib:
"İki dəfə hüşunu itirib yıxıldığını deyir. Görmək qabiliyyətinin də pozulduğunu bildirir ".
Vəkil qeyd edib ki, bugün, fevralın 9-da həkim Adil Qeybulla da Bəxtiyar Hacıyevə baş çəkib və ona sistem köçürülməsini məsləhət görüb:
"Lakin Bəxtiyar bəy israrla bundan imtina edib. ".
Buna da bax: ‘Bəxtiyar Hacıyev çox arıqlayıb’
Adil Qeybulla da “Turan”a bildirib ki, Bəxtiyar Hacıyevin vəziyyəti aclıq dövrünə uyğundur:
"Bədən temperaturu 35,1, qan təzyiqi 95/70, qanda şəkərin miqdarı 4,3-dür. Bəxtiyar Hacıyev sistem köçürülməsindən imtina edib".
Professor Adil Qeybulla müdafiə tərəfinin hökumətə müraciətindən sonra bundan əvvəl bir dəfə də gənc fəalı müayinə etmişdi.
Bu açıqlamalara, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
Amma bundan əvvəl qurumun İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirmişdilər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Hacıyev ötən il dekabrın 9-da həbs edilib.
Buna da bax: Miyatoviç Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıbHəbsinə etiraz edən bu gənc fəal yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.
Bundan öncə Hacıyev ötən il dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.
Yanvarın 13-də ona qarşı irəli sürülən ittiham da ağırlaşdırılıb. Əvvəl Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı.
Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.
Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.
Xatırlatma
Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.
O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.