'Gürcü arzusu'nun ölkəni zəbt etdiyini deyən Zurabişvili yeni seçkilərin keçirilməsinə çağırıb

Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, rusiyayönlü "Gürcü arzusu" bütün hakimiyyət institutlarını "az qala zəbt etdiyindən" parlamentə yeni seçkilər keçirilməlidir. O bu fikrini noyabrın 11-də Avropa İttifaqı (Aİ) nümayəndələri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında dilə gətirib.

Seçki sonuclarını tanımaqdan boyun qaçıran S.Zurabişvili ölkəsinin böhrana girdiyini söyləyib: "Gürcüstana legitim parlamenti, legitim hökuməti və vaxtı yetişəndə yeni legitim prezidenti olmasından ötrü yeni seçkilər gərəkdir".

Aİ nümayəndə heyətində Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Polşa parlamentlərinin xarici əlaqələr üzrə komitə rəhbərləri vardı.

"Gürcü arzusu"nun nəzarət etdiyi parlamentin spikeri Şalva Papuaşvili Aİ nümayəndə heyəti ilə görüşdən boyun qaçırıb. Spiker bu addımını nümayəndə heyətinə daxil ölkələrin "Gürcüstan hökuməti və cəmiyyətinə qarşı dəfələrlə sərgilədikləri dostca olmayan münasibət” ilə əlaqələndirib.

Nümayəndə heyətinin bir neçə üzvü spikerin qərarını tənqid edib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 8-də bəyan edib ki, Gürcüstandakı seçkilərdə "dərin araşdırma tələb edən pozuntulara dair ciddi şübhələr" var.

Xatırlatma

Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.