'Gəncə işi'ndə təqsirləndirilən vəfat edib

Həbsxana

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsd olayı ilə əlaqədar həbs olunanlardan Müşfiq Qurbanov noyabrın 29-dan 30-na keçən gecə Bakı İstintaq Təcridxanasında vəfat edib. Ailə üzvlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, onlara M.Qurbanovun ölümünün səbəbi kimi infarkt keçirdiyi deyilib: "Meyiti təcridxanadan vermədilər. Dedilər ki, Sabunçu rayonundakı (istintaq təcridxanası bu rayonun ərazisində yerləşir) morqa göndəriblər".

Yaxınları M.Qurbanovun səhhətində problemlər olduğunu təsdiqləyib: "Əvvəldən də xəstə idi, başına gətirilənlərə də dözə bilmədi. Bir parça çörəyə görə Moskvaya getmişdi. Orada da rahat qoymadılar. Böyük banda görüntüsü yaratmaq üçün baş verənlərə heç bir aidiyyəti olmayan günahsız bir adamı şərləyib tutdular. İndi iki balası da atasız qaldı".

M.Qurbanovun ölümü ilə bağlı məlumatlara Penitensiar Xidmətdən açıqlama almaq mümkün olmayıb. Amma Bakı İstintaq Təcridxanasındakı mənbə AzadlıqRadiosuna məlumatı təsdiqləyib: "Özünə qapalı, sakit adam idi. Buradakı həkimlərin ilkin diaqnozu belədir ki, ürəyindəki problemlərə görə baş verib. Yəqin ki, morqda müayinədən sonra daha dəqiq bilinər".

Buna da bax: Gəncə hadisələrinə görə Moskvada həbs: 'Oğlum təcridxanada intihara cəhd edib'

"Xəbərlərdən sonra Yunis Səfərov adı oxumuşam"

M.Qurbanov 2018-ci il oktyabrın 24-də Moskvada saxlanılıb. Onun Azərbaycana ekstradisiyasıyla əlaqədar iki dəfə məhkəmə keçirilsə də, hakim göndərilməsi barədə qərar çıxarmayıb. M.Qurbanov 2020-ci il yanvarın 17-də Bakıya gətirilib. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxırdı. Amma məhkəmə iclasları Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında keçirilirdi. M.Qurbanov Moskvada tutulub Bakıya gətirilən Yusif Sadıxovla birlikdə mühakimə olunurdu. Onlar Azərbaycana gətiriləndə Y.Səfərov və daha 11 nəfər haqqında cinayət işi artıq məhkəməyə göndərildiyinə görə M.Qurbanov və Y.Sadıxovun işi ayrıca icraata götürüldü.

M.Qurbanovgilin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Onların hər ikisi özlərini təqsirli bilmədiyinə görə məhkəmə onların ifadələrini şahidlərdən sonra saxlamışdı.

M.Qurbanov məhkəmədə qısaca demişdi ki, təqsirsizdir, bu cinayət işinin, ittihamların ona aidiyyəti yoxdur. O vurğulamışdı ki, Y.Səfərovu tanımır, onu heç vaxt görməyib, telefonla danışmayıb, sosial şəbəkələrdə əlaqəsi olmayıb: "2018-ci ilin iyulunda saytlarda icra başçısına qarşı qəsd haqda xəbərlərdən sonra Yunis Səfərov adı oxumuşam".

Buna da bax: Gəncə işi: 'Qardaşımın meyitinə görə bizdən 500 manat pul istədilər'

"Yanvarın 17-də xəbər tutdum ki, Kürdəxanıya köçürülüb"

M.Qurbanovun anası Ənisə Qurbanova AzadlıqRadiosuna bildirmişdi ki, oğlu Gəncə olayından 1 il 5 ay əvvəl işləmək üçün Moskvaya gedib. Onun sözlərinə görə, oğlunu 2018-ci il oktyabrın 24-də Moskvada yaşadığı evin qarşısında mülkigeyimli polislər uşaqlarının gözü qarşısında saxlayıblar. Amma Azərbaycanın hüquq-mühafizə orqanları M.Qurbanova qarşı irəli sürülən ittihamlarla bağlı kifayət qədər sübut təqdim edə bilmədiklərinə görə məhkəmə iki dəfə onun Bakıya təhvil verilməsi haqda təqdimatı təmin etməyib.

Ə.Qurbanova vurğulayıb ki, 2020-ci ilin yanvarında oğlunun Bakıya gətirilməsi barədə məlumatı olmayıb: "Heç bir məlumatım yox idi. Hər gün qorxurdum ki, gətirəcəklər, mənim də xəbərim olmaz. Belə də oldu. Yanvarın 17-də xəbər tutdum ki, Kürdəxanıya köçürülüb, lakin Bakıya nə vaxt gətirildiyi barədə heç bir məlumatım yoxdur".

Ə.Qurbanova həmçinin qeyd edib ki, oğlunun səhhətində ciddi problemlər var, psixi xəstəlik və epilepsiyadan müalicə alıb.

Buna da bax: Yunis Səfərov: 'Düz Elmarın yanına gəldim... Silahı çəkdim, açılmadı'

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.