Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılması ilə bağlı cinayət işində ən çox mübahisə yaradan məsələlərdən biri ekspert rəyləridir. Ona görə də xeyli vaxtdır ki, bu məhkəmə prosesində bu işdə rəy verən ekspertlər dindirilir. Martın 15-də də onlardan biri – yandırılmış meyitə baxış keçirdiyini deyən məhkəmə-tibb eksperti Nurlan Abbasov dindirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
Abbasov meyitin müayinəsində şəxsən iştirak etdiyini deyir. Amma Süleymanovun vəkillərinin suallarının əksəriyyətinə "buna cavab verə bilmirəm", "cavab verməkdən imtina edirəm" deyirdi. Bu üzdən vəkillər ondan soruşublar ki, bəlkə, kiminsə təsiri, təzyiqi altında işin içindəki ekspertiza rəyinə imza atmaq məcburiyyətində qalıb? Abbasov buna da "yox" deyib.
Buna da bax: 'Nərmin işi'ndə paltarlarla bağlı şübhələr: olmayan cins şalvara ekspert necə rəy verib?"Bu, ola bilər..."
Meyitin bir sıra hissələri tam yansa da, hadisə yerindən tapılan paltarların həmin hissələri yanmayıb. Məsələn, meyitin sol qolu kömürləşmə həddində yandığı halda, paltarın qolu salamatdır. Vəkillər ekspertə bu barədə də suallar veriblər.
Abbasov iddia edib ki, insanın üstündəki paltar yanmadan onun altındakı bədənin yanması mümkündür: "Bu, ola bilər...".
Dindirmə zamanı o da məlum olub ki, bu ekspert Süleymanov həbs olunduğu ilk günlərdə onun özü ilə bağlı da rəy veribmiş. Söhbət onun üzərində işgəncə izlərinin olub-olmaması haqda rəydən gedir. Abbasov 2020-ci il yanvarın 11-də Süleymanov haqqında rəy verib və onun üzərində heç bir xəsarət olmadığını yazıb. Amma məhkəmədə dindirilən şahidlər – Bakı İstintaq Təcridxanasında Süleymanovla eyni kamerada saxlanmış şəxslər deyirdilər ki, o, təcridxanaya gətiriləndə pis vəziyyətdə idi, bədənində çoxsaylı xəsarət izləri vardı. Hətta ayağının altındakı xəsarətlərə görə gəzə bilmirdi.
"Kamerada stolun üstündə maz olurdu. Onun yaralarına maz sürtürdük ki, sağalsın...", - Süleymanovun kamera yoldaşları məhkəmədə ifadələrində bildirmişdilər.
Buna da bax: 'Nərmin işi': İlkin Süleymanovun kamera yoldaşı danışır"Polis şöbəsində görmüşəm"
Ekspert Abbasov rəyində yazıb ki, Süleymanovu ekspertiza şöbəsində müayinə edib, onun üzərində xəsarətlər aşkarlanmayıb. Məhkəmədə isə vəkil Zabil Qəhrəmanov ona "İlkin Süleymanovu haradan tanıyırsan" sualı verəndə o, "polis şöbəsində görmüşəm" cavabını verib. Vəkilin sonrakı suallarından sonra artıq söhbətin verdiyi rəyə doğru getdiyini anlayan ekspert polis şöbəsinə getmədiyini iddia edib. Lakin onun cəmi bir dəqiqə əvvəl səsləndirdiyi fikri məhkəmə zalında olan bütün proses iştirakçıları eşitmişdi.
Təqsirləndirilən Süleymanov ifadəsində bildirib ki, 2023-cü il yanvarın 11-də polis şöbəsində olarkən eksperti onun yanına gətiriblər. O, polislərin nəzarətində olduğuna görə qorxub və yıxıldığını, üzərindəki xəsarətlərin dəmirə dəymə nəticəsində yarandığını deyib. Onun sözlərinə görə, üzərində o qədər xəsarətlər vardı ki, ekspertin onları görməməsi mümkün deyildi. Lakin rəydə heç bir xəsarət yazılmayıb.
"Əgər şəxsin üzərində gözlə görünən xəsarət varsa, amma özü döyülmədiyini deyirsə, siz rəydə onu qeyd edirsinizmi?", - Süleymanov ekspertdən soruşub. O isə "xəsarət varsa, yazırıq" cavabını verib.
Məhkəmə araşdırmaları martın 29-da davam edəcək.
Buna da bax: 10-yaşlı Nərminin oğurlanıb öldürülməsi işi: 'Qaralov vəzifəsindən sui-istifadə edib'Xatırlatma
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.