Rusiyalı milyonçunun Azərbaycandakı şirkəti ləğv olunur

İ.Xəlilov

Biznesini əsasən Rusiyada cəmləşdirən Azərbaycan əsilli işadamı, «ISR Holding» şirkətlər qrupunun prezidenti İskəndər Xəlilovun Azərbaycandakı şərikli şirkətinin ləğvinə başlanıb. Bu haqda «Vergilər» qəzetinin 5 iyul tarixli xüsusi buraxılışında məlumat verilir.

«Armada Ltd.» şirkəti 2007-ci ildə 10 manat kapitalla qurulub. Şirkətin hüquqi ünvanı İskəndər Xəlilova məxsus olan «ISR Plaza» biznes mərkəzidir. Lakin burada AzadlıqRadiosuna deyiblər ki, ofis kirayələyən şirkətlər arasında «Armada Ltd.» MMC yoxdur və onun direktoru Arif Quliyev də bu iş mərkəzinə gəlib-getmir. Bu səbəbdən şirkətin ləğvinin səbəblərini öyrənmək mümkün olmayıb.

İ.XƏLİLOVUN TANINMIŞ ORTAĞI

Fəaliyyəti haqda hər hansı bilgi olmayan bu şirkətdə İsgəndər Xəlilovun ortağı Altay Tofik oğlu Həsənov olub. Vergilər Nazirliyi şirkət dövlət qeydiyyatına alınarkən 10 payın şəriklər arasında necə bölündüyü barədə bilgi verməyib.

***Buna da bax-İlham Əliyev erasını atəşfəşanlıqla başlayan milyarder

Altay Həsənov bu ilin iyununda prezident İlham Əliyevin sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi təyin olunub.

BAKIDA BÖYÜK BİZNES ŞƏBƏKƏSİ

İsgəndər Xəlilov Azərbaycandakı şirkətləri vasitəsilə Neftçalada yod-brom zavoduna, Bakıda bir neçə daşınmaz əmlaka (Hilton Baku, Park Inn, ISR Plaza otel və biznes mərkəzləri), inşaat biznesinə, Heydər Əliyev prospektində anbar sahələrinə sahibdir. Bakıdakı şirkətlərdən biri həm də «Toyota» avtomobillərinin satışı ilə məşğuldur.

Lakin onun Azərbaycandakı biznesi heç də hamar getmir. Bir müddət öncə Bakı şəhər İcra Hakimiyyətinin Xəlilovlara məxsus olan Bakı Əyləncə Mərkəzinin söküntüsünə hazırlaşdığı haqda mediada məlumat yayılıb. Bakıda santexnika, təsərrüfat və inşaat materiallarının ən iri satış məntəqələrindən olan «Master Tibot» mağazasını 1998-ci ildə İ.Xəlilov qurmuşdu. İndi bu ticarət obyekti «Gilan Holding» şirkətlər qrupunundur.