İsrail səfirliyi yaxınlığında saxlanan Əfqanıstan vətəndaşı: 'Boş yerə həbsdəyəm'

Fövzan Musa Xan

Əfqanıstan vətəndaşı Fövzan Musa Xan ilyarıma yaxındır Azərbaycanda həbsdədir. Ona bugünlərdə Bakıda terrora hazırlıq ittihamı ilə 10 il həbs cəzası kəsilib. İttihama görə, İsrailin Bakıdakı səfirliyində terror aktı törətmək istəyib, ancaq planın üstü açılıb.

Cinayət işinin materiallarında iddia edilir M.X.Fövzan ötən ilin mayında Bakıya ABŞ və İsrail diplomatik nümayəndəliklərində terror törətmək niyyəti ilə gəlib və təxminən bir ay boyunca öncə İsrail səfirliyi həndəvərində müşahidələr aparıb. Müxtəlif adamlarla silah tapmaqdan ötrü razılaşıb. İyunun ortalarında yenə İsrail səfirliyinin yaxınlığında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu saxlayıb.

"Mən heç bir dəstənin üzvü olmamışam"

M.X.Fövzan özünü təqsirli bilmir, terrorçuluq suçunu da qəti şəkildə rədd edir. Deyir ki, 2020-ci ildən Dubayda işləyib pul qazanırdı. Ötən ilin aprelində Əfqanıstanda Nurəddin adlı bir tanışı telefonla ona deyib ki, Bakıda gedib iş tapa bilər: "Dedi ki, Bakıda Abdullah adlı tanışı var, mənə kömək eləyəcək. Mən də Dubaydan turist vizası ilə Bakıya gəldim. Abdullah məni qarşılayıb otelə yerləşdirdi. Bir müddət oteldə qalandan sonra mənzil kirayələdi".

Söylədiyinə görə, yetərincə pulu olmadığından yemək və kirayə xərclərini ödəməyə də Abdullah kömək göstərib.

M.X.Fövzan İsrail səfirliyinin harada yerləşdiyini bilmədiyini deyib. Tutulduğu gün məhz orada olmasına gəlincə, deyir ki, Bakının müxtəlif yerlərində gəzib, fotolar, videolar çəkib, həmin əraziyə də turist kimi gedib: "Kirayə qaldığım mənzilin açarı məndən başqa üç gün Abdullahda da olub. Mən heç bir dəstənin üzvü olmamışam. Təqsirim yoxdur. Boş yerə uzun müddətdir həbsdə saxlanılıram. Xahiş edirəm, məni azadlığa buraxın".

Daha öncə iki dəfə həbsdə olub?

Məhkəmə onun söylədiklərini məsuliyyətdən yayınmaqdan ötrü özünümüdafiə məqsədilə deyilən fikirlər kimi qəbul edib və belə nəticəyə gəlib ki, ona qarşı ittihamı sübuta yetirən konkret faktlar var.

Cinayət işinin materiallarında iddia edilir ki, M.X.Fövzan əvvəllər Pakistan və Əfqanıstanda terrorçuluq ittihamı ilə iki dəfə həbsdə olub. O, Taliban qüvvələrinin təqibindən yayınmaqdan ötrü Dubaya gedib, oradan da 2023-cü ilin mayında Bakıya gəlib.

Onun İŞİD-in Əfqanıstandakı qolu olan "Vilayəti Xorasan" adlı silahlı birləşmənin sabiq üzvü və partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssis olması bilgisi də ittihamda yer alıb.