Rusiya və Ermənistanın xarici işlər nazirləri fevralın 22-də Moskvada Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Lavrovla Nalbandian görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Lavrov münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin indiki fəaliyyətinə alternativolmadığını vurğulayıb.
O bildirib ki, bunu dəfələrlə Azərbaycan və Ermənistan rəhbərlikləri də təsdiqləyiblər.
Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü, həmçinin Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburq sammitində əldə etdikləri razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bir sıra rusiyalı ekspertlərin fikrincə Rusiya yaxın vaxtlarda yeni 3 tərəfli görüş keçirilməsini təklif edəcək.
Məlumata görə, bir neçə gündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Moskvaya səfəri gözlənilir.
Yeri gəlmişkən Nalbandian dünənki mətbuat konfransında Sergei Lavrovun Ermənistana rəsmi səfərə dəvət olunduğunu və onun bunu qəbul etdiyini də bildirib.
Nazirlər həmçinin bildiriblər ki, yaxın vaxtlarda Ermənistan prezidenti Serzh Sarkisianın Moskvaya səfəri gözlənilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasınadək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü bildirilir.