Noyabrın 7-də Ermənistan baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Budapeştdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ölkəsinin sülh gündəminə sadiq olduğunu deyən Paşinyan regional güvənlik və sabitliyin təmin edilməsi istiqamətində atılan addımları vurğulayıb.
Makron iki ölkə arasında sülh sazişinin imzalana biləcəyinə ümidini dilə gətirib.
Yerevandakı diplomatik qaynaqlar hətta 11-ci layihə variantından sonra da tərəflər arasında sülh sazişinin yekun mətni ilə bağlı fikir ayrılıqları qaldığını deyirlər.
"Tərəflərin, hələlik, bir-iki bəndə dair ortaq mövqeyi yoxdur və, təbii ki, rəsmi Bakı ilə müzakirələr davam edəcək", – Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan AzadlıqRadiosunun erməni xidmətinə belə desə də, məhz hansı bəndlərdən bəhs edildiyini açıqlamayıb.
Razılaşdırılmış bəndlər təməlində sazişin imzalanmasının mümkünlüyü, qalan bəndlərin daha sonra da razılaşdırıla biləcəyi barədə Ermənistanın təklifini rəsmi Bakı rədd edib.
N.Paşinyan macarıstanlı həmkarı Viktor Orbanla görüşüb, Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Ukrayna və bir sıra başqa ölkənin liderləri ilə də fikir mübadiləsi aparıb. Sözügedən görüşlər Budapeştdə Avropa Siyasi Birliyinin beşinci toplantısında baş tutub.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Tərəflər ötən ildən sərhədlərin delimitasiyasına dair birbaşa danışıqlara başlayıblar.