Avropa İttifaqı Moldovaya ölkədə yaranmış enerji böhranının aradan qaldırılması üçün 60 milyon avro məbləğində yardım göstərəcək.
Moldovada qaz böhranı hökumət ölkənin ənənəvi təchizatçısı Rusiya ilə razılaşma əldə edə bilməyəndən sonra yaranıb.
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen oktyabrın 27-də Moldovaya dəstək paketini elan etməzdən az əvvəl Moldova Polşadan bir milyon kubmetr həcmində qaz alıb.
Hökumət bildirib ki, bu, ölkə tarixində Rusiyaya alternativ başqa mənbədən ilk qaz alışıdır.
Moldova Avropa İttifaqına üzv Rumıniya və Ukraynanın arasında yerləşir.
Ukrayna ötən həftə onun Rusiya ilə qaz təchizatına dair müqaviləsi sentyabrın sonunda başa çatdıqdan sonra fövqəladə vəziyyətin yarandığını bildirib.
Rusiya və Ukrayna hələki qazın tranzitinə dair yeni müqavilə imzalaya bilməyiblər.
Rusiyanın qaz nəhəngi Gazprom mövcud kontraktı oktyabrın sonunadək uzatsa da, təchizatı 30 faiz azaldıb və qiyməti hər 1000 kubmetr qaz üçün 550 dollardan 790 dollara qaldırıb.
Kişinyov hökuməti bildirir ki, Gazprom şirkəti ilə daha “ədalətli” qiymət ətrafında danışıqları davam etdirir.
Buna da bax: Gazprom-un qaz anbarları niyə boşalır – Qərb mediasıSandu prezident seçiləndən bəri
Moldovanın baş naziri Nataliya Qavrilita qazı kafi həcmlərdə verə bilmədiyinə görə Moldovagaz şirkətini tənqid edib.
Gazprom Moldovanın milli qaz şirkətinin əsas səhmdarıdır.
Qavrilita Avropa İttifaqı-Moldova Assosiasiya Şurasının oktyabrın 28-də keçiriləcək danışıqlarında iştirak üçün Brüsselə gəlib.
O Moldova ilə həmrəyliyinə görə xanım von der Leyenə təşəkkürünü bildirib.
Sözü gedən 60 milyon avronun kredit yox, qrant şəklində verildiyi deyilir.
Bəzi ekspertlər bildirirlər ki, Moskva Moldovada ötən il qərbyönlü Maya Sandu prezident seçiləndən sonra bu ölkəyə satılan qazın qiymətini qaldırıb.
Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 27-də israr edib ki, Moldova hökuməti ilə qaz danışıqları “sırf kommersiya” mahiyyəti daşıyır.
O deyib ki, “bu məsələdə siyasiləşdirmə yoxdur və ola da bilməz”.
Rusiyanın “ədalətli” qiyməti
Lakin Financial Times qəzeti yazır ki, Gazprom Moldovaya qiymət güzəşti təklif edib, amma Kişinyov bunun müqabilindfə enerji sahəsində Avropa İttifaqı ilə razılaşdırılmış azad ticarət sazişi üzrə islahatlara “düzəliş” etməlidir.
Danışıqlar prosesi ilə tanış iki mənbə qəzetə bildirib ki, Moldova seçkisində qərbyönlü Sandu qalib gələndən sonra Kreml qazdan siyasi təzyiq vasitəsi kimi istifadə edir.
RBK başqa bir mənbəyə istinadən bildirir ki, Moskva və Kişinyov arasında qaz danışıqları hələki nəticəsiz davam edir.
Mənbə bildirir ki, Rusiya tərəfi Moldovaya “ədalətli” qiymət və hətta 25 faiz güzəşt təklif edir, amma Kişinyov Moldovanın Rusiyaya 700 milyon dollarlıq borcunu qaytarmalıdır.
Kişinyov bildirib ki, borc məsələsini müzakirə etməyə hazırdır, amma əvvəlcə bu borcun özü audit edilməlidir.
Davam edən enerji böhranı şəraitində Moldova qazı Polşa və Niderlanddan alır.
Əhalisi 2.6 milyon olan Moldova ilə 2.8 milyard kubmetr qaz istehlak edir.