Minimum pensiyanın artması həm sevindirir, həm də yox
Bu il yanvarın 1-dən bəri Azərbaycanda minimum əmək pensiyası artıb. Həmin tarixədək ölkədə ən aşağı əmək pensiyası 200 manat idisə, indən belə o rəqəm 240 manata yüksəlib. Düzdür, artım yalnız indiyədək 240 manatdan az pensiya alanlara şamil edilib. Pensiyaçı həmin tarixədək, tutalım, 200 manat alırdısa - 40 manat, 230 manat alırdısa - cəmi 10 manat məbləğində pensiya artımından yararlanacaq. Rəsmi açıqlamada bildirilirdi ki, əmək pensiyalarının minimum məbləğindəki artım toplam 44 min pensiyaçını əhatə edəcək. Ölkədə əmək pensiyası alanların toplam sayı ötən ilin sonlarında 716 min nəfər olub.
İşin qəribə yanı odur ki, minimum pensiyanın artırılması heç də hər kəs üçün sevindirici xəbər deyil. Axı minimum pensiya məbləğinin artırılması həm də pensiyaya çıxa bilmək üçün tələb edilən kapital məbləğinin artması deməkdir. "Əmək pensiyaları haqqında" Qanuna görə, Azərbaycan vətəndaşı pensiya hüququ əldə etməkdən ötrü bir çox tələbə cavab verməlidir. Bu tələblərdən biri yaşla bağlıdır. Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. 2017-ci ildə qəbul edilən qərara görə, qadınların da pensiya yaşı 60-dan 65-ə çatdırılacaq, ancaq mərhələli şəkildə. Belə ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda ölkədə qadınların pensiya yaşı 63-dür.
Buna da bax: Azərbaycan uşaqların sosial müdafiəsi baxımından region sonuncusudurBurada bir diqqətçəkən məqam da odur ki, ölkədə pensiya yaşınadək sağ qalmaq getdikcə çətinləşir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda kişilər arasında vəfat edənlərin təxminən yarısı, qadınlar arasındasa təxminən üçdə biri pensiya yaşına çatmadan dünyaya gözlərini yumur.
65 il yaşamaq da yetməz
Bəzi hallarda Azərbaycanda heç 65 il yaşamaq da pensiya almağa yetərli deyil. Qanunvericiliyə görə, Azərbaycanda pensiya yaşına çatan vətəndaş yalnız topladığı pensiya kapitalı pensiya təminatına imkan verərsə, stajdan asılı olmadan əmək pensiyası almaq hüququ qazanır. Pensiya yaşına çatan şəxsin 25 il rəsmi iş stajı varsa, o, pensiya kapitalına baxmadan da pensiya almaq hüququ əldə edə bilir. Minimum pensiya kapitalı ölkədəki minimum pensiya məbləğinin 144 aya (12 ilə) vurulması ilə hesablanır. Bu ilin əvvəlinədək ölkədə minimum pensiyanın məbləği 200 manat olduğundan tələb edilən minimum pensiya kapitalı 28 min 800 manat idi. Minimum pensiya 240 manata yüksəldiyindən dolayısıyla pensiya təminatına imkan verən minimum pensiya kapitalı da 34 min 560 manata yüksəlib. Başqa deyimlə, 5 min 760 manat və ya 20 faiz artıb.
Buna da bax: Dövlət kimlərin pensiyasını geri alacaq?Həm də pensiya sistemindən qaynaqlanan problem
Azərbaycanda rəsmi şəxslər tez-tez kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun böyük həcminə dair açıqlamalar verir. Rəsmi ritorikada tez-tez bu problemi aradan qaldırmaq üçün islahat aparıldığı deyilir. Əslinə baxanda isə, ölkədə qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksəkliyi elə hökumətin təklif etdiyi pensiya sistemindən də qaynaqlanır. Pensiyaya çıxmağa imkan verən pensiya kapitalı məbləğinin hər an artma ehtimalı rəsmi müqavilə olmadan çalışdırılan şəxslərin rəsmiləşmə tələb etməsinə heç bir gərəkcə yaratmır. Hazırda ölkədəki bütün məşğul əhalinin yalnız üçdə bir bölümü rəsmi əmək müqaviləsi və əməkhaqqı ilə çalışır. Rusiya və Belarus kimi keçmiş sovet respublikalarında bu göstərici 93-96 faizdir. Avropa Birliyi ölkələrində həmin göstərici - 85; Mərkəzi Avropa və Baltikboyu ölkələrdə - 82; Türkiyədə - 69; Gürcüstanda isə 50 faiz civarındadır.
Bəs pensiya kapitalını toplaya bilməyənlər?
Azərbaycan qanunlarına görə, 25 il iş stajı və minimum pensiya kapitalı olmayan şəxslərə pensiya yaşına çatanda yalnız qocalıq müavinəti təyin edilir. Həmin müavinətin məbləği bu ildən 130 manatdan 180 manata yüksəldilib. Ölkədə yaşa görə sosial müavinət alan vətəndaşların sayı ilk dəfə ötən il 100 min nəfəri ötüb. 2017-ci ildə, yəni pensiya yaşı yüksəldilənədək bu say cəmi 17 min nəfər idi.
Buna da bax: Azərbaycanda qəribə indeksasiyaToplam pensiyaçı sayına gəlincə, ötən ilin rəqəmlərinə görə, ölkədə yaşa görə 716 min nəfər pensiya alır. Təkcə 2021-ci ildə pensiyaçıların sayı 26 min nəfər azalıb. 2010-cu ildən bəri ölkədə yaşa görə pensiya alanların sayında ardıcıl azalma gözə çarpır. 10 il öncə əmək pensiyaçılarının sayı 859 min nəfər idi. Ötən ilin sonunda yaşa görə pensiya alanların orta aylıq pensiya məbləği 331 manat olub.
Beynəlxalq Əmək Təşkilatının açıqladığı Qlobal Sosial Müdafiəyə dair hesabatında da Azərbaycandakı pensiya məsələsi ayrıca vurğulanıb. Orada qeyd edilib ki, son illərdə pensiya yaşına çatmış yaşlı əhalinin pensiyayla əhatə səviyyəsi kəskin şəkildə aşağı düşüb və bu ciddi problem sayılmalıdır. Səbəb kimi hökumətin sığorta əsaslı pensiya sisteminə dair tələbləri ciddi şəkildə sərtləşdirdiyi göstərilir. Həmin sərtləşdirmələr rəsmi məşğulluğun əhatə dairəsini elə də genişləndirməyib. Nəticədə uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum qalır və əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edir.