Bu gün, fevralın 15-dən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Artıq bir çox marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satılır. Belə paketlərin pulla satılması ekoloji faktorla əlaqələndirilir.
'Ancaq torbaları pullu etməklə məqsədə nail olmaq mümkün deyil'
Polietilen torbalarla bağlı qanunvericilik hələ 2021-ci ilin fevralında dəyişib. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib. Bununla da qalınlığı 15-50 mikron olan polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Qərarda qeyd olunmuşdu ki, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir. Lakin indiyə kimi bu dəyişikliyə riayət edilmirdi.
BMT-nin məlumatına əsasən, dünyada hər il 13 milyard plastik torba istehsal olunur və hər il okeanlara 8 milyon ton plastik düşür. Bu səbəbdən bir çox ölkələrdə polietilen torbalara və plastik qab-qacaqlara, ümumiyyətlə, qadağa qoyulub, bəzilərində isə ictimai-iaşə obyektlərində polietilen torbalar pulla satılır. Bununla da onların istifadəsini azaltmağa çalışırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qiymətlər…
İrlandiya, Niderland, Çexiya kimi ölkələrdə polietilen paketlər pulla satılır. Məsələn, Niderlandda belə torbaların qiyməti 0.25 avrosentdir (40 qəpik). Britaniyada torbaların qiyməti 5 pens (10 qəpik) olandan üç il sonra onlardan istifadə iki dəfə azalıb.
Marketlərin birindən AzadlıqRadiosuna bildirilib ki, artıq onlar polietilen torbaları nəzarət-kassa aparatının çeklərində ayrıca məhsul kimi göstərməlidirlər. Bildirildiyinə görə, paketin adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiyməti və yekun məbləğinin təqdim edilməsi ilə bağlı Dövlət Vergi Xidmətindən bildiriş gəlib: "Bildirişdə deyilir ki, əks halda, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilə bilər".
Cərimələr…
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də deyilib ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehlakçıya satılması qadağandır: "…Vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək cərimə edilə bilər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökumətinin insan sağlamlığı, ətraf mühitinin qorunması ilə bağlı çoxsaylı qərarları var: "Lakin bəzən bunlar yerinə yetirilmir. Məsələn, tütün məmulatlarının istifadəsinin azaldılması, duzun yodlaşdırılması ilə bağlı qərarlar onların sırasındadır. Sellofan əsaslı torbalardan imtina məsələsi da bura aiddir".
"Biz həsir zənbillər təklif etmişik"
E.Hüseynovun sözlərinə görə, onlar da təklif edib ki, polietilen torbalar pulla satılsın: "Proses şəffaf olsun, torbaların üstündə yazı olmasın, çünki bu yazılarda ağır metallar var və onlar evə daşınır. Biz alternativ kimi dəfələrlə istifadə olunan bazar torbaları və cənubda hazırlanan həsir zənbillər təklif etmişik".
Ekspert qeyd edib ki, hökumət nazik torbalarla mübarizə aparır: "Bu, kökündən səhvdir. Belə çıxır ki, qalınlığı çox olan torbalar ekoloji mühitə zərər gətirmir. Axı qalın polietilen torbalar da torpağa və suya düşüb orada öz işini görür. Ümumiyyətlə, bütün sellofan torbalara qadağa qoyulmalıdır".
"Azərbaycanda bu yoxdur"
İqtisadçı, işadamı Nazim Bəydəmirli də AzadlıqRadiosuna deyib ki, ekoloji tarazlığı qorumaq üçün nəzərdə tutulan bu təşəbbüslər dəstəklənməlidir: "Başqa ölkələrdə marketlərdə alternativ olaraq parçadan torbalar, çantalar təklif olunur, təşviq olunur, alıcılar maarifləndirilir və bu öz nəticəsini verir. Azərbaycanda isə bu yoxdur. Belə kompleks tədbirlər görülmədən ancaq torbaları pullu etməklə məqsədə nail olmaq mümkün olmayacaq".
Söhbət etdiyimiz sıravi paytaxt sakinləri də hesab edirlər ki, bu məsələdə "ekologiya" deyib qazanc güdülməsin.