'Rüzgar' 30 gün həbsə məhkum edildi

A.Hüseynov

«Rüzgar» ləqəbli reper Aydın Hüseynova 30 gün inzibati həbs cəzası verilib. Bu barədə Sumqayıt Şəhər Məhkəməsi qərar çıxarıb.

A.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə cəzalandırılıb. İddia olunur ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu saxlayarkən üzərindən 1.21 qram narkotik tapılıb.

Amma onun həbsi narkotik barədə ifa etdiyi və sosial şəbəkələrdə yayılan mahnısıyla əlaqələndirilir.

Daxili İşlər Nazirliyi A.Hüseynovun həbsinin birbaşa onun ifa etdiyi mahnı ilə əlaqəli olmadığını bildirir. Amma təsdiqləyir ki, narkotikdən istifadənin açıq təbliğinə həsr olunan repin videogörüntüsü yayılandan sonra polis əməkdaşları tədbir həyata keçirib. Nəticədə həmin repi Sumqayıt şəhər sakini, «Ruzigar» ləqəbli A.Hüseynovun səsləndirdiyi müəyyən edilib. Üstünə baxış keçiriləndə isə marixuana aşkarlanıb.

Bir neçə gün öncə narkotiklə bağlı meyxana ifa edən «Vüqar Səda» ləqəbli Vüqar Abdullayev də saxlanmışdı. Ona da 30 gün inzibati həbs cəzası verilib.