İki cəbhəçi və bir reportyor həbs edilib [Video]

Zamin Salayevə dəstək aksiyası

Martın 30-da AXCP üzvü Zamin Salayevə azadlıq tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılan iki nəfərin inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə partiya üzvləri Səhlədar İsgəndərli 25, Ceyhun Novruzov isə 30 sutka müddətinə həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıblar.

Habelə bildirilir ki, həmin aksiyanı işıqlandıran TimeTV-nin əməkdaşı Nurlan Cəfəri də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs olunub.

Cəfəri özü dünən, martın 30-da sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, polis ona fiziki güc tətbiq edib və nəticədə onun mobil telefonu sınıb. O, polisdən həmin telefonun təmir xərcini ödəməyi tələb edib. Reportyorun həmkarlarının verdiyi məlumata görə, bu paylaşımdan sonra Cəfərini mülki geyimli şəxslər saxlayıb və daha sonra məhkəməyə aparılıb.

DİN deyir ki…

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə "Turan"a bildirib ki, aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün Nurlan Cəfəri ərazidən uzaqlaşdırılıb: "Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət olunmaqla etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib….".

Aksiyada saxlananlardan ikisinin hələ buraxılmadığı deyilir

Dünən, martın 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevə azadlıq tələbi ilə Bakıda Ədliyyə Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanan fəallardan hələ də iksinin sərbəst buraxılmadığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 31-də AXCP-dən məlumat veriblər. Onlar AXCP Səbail şöbəsinin sədri Ceyhun Novruzov və Sabunçu Rayon Gənclər Komitəsinin sədri Səhlədar İsgəndərlidir. AXCP hesab edir ki, onlar hakim önünə çıxarıla bilərlər.

Partiyadan bildiriblər ki, aksiyada digər saxlananlar elə martın 30-da axşam saatlarında sərbəst buraxılıblar. Onlardan Bəbək Həsənli, Kənan İbrahimli, Hüseyn İbrahimovCavid Zülfüqarlının inzibati qaydada 50 manat cərimə olunduğu vurğulanır. Bu barədə "Müdafiə Xətti" hüquq -müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

Saxlananlardan bəzilərinə hadisə yerində fiziki güc tətbiq edildiyi də deyilir. Amma bu məlumatlara, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirildi

Zamin Salayevin azadlığı tələb edilib

Həbsdə 51 gündür aclıq aksiyası keçirdiyi deyilən AXCP üzvü Zamin Salayevə azadlıq tələbi ilə bir qrup fəal martın 30-da Bakıda Ədliyyə Nazirliyinin binası ilə üzbəüz ərazidə etiraza cəhd ediblər.

Aksiya iştirakçıları Salayevin qanunsuz həbs olunduğunu bildirirlər. Onlar "Zamin Salayevə azadlıq!", "Siyasi məhbuslara azadlıq!", "Azadlıq!" şüarları səsləndiriblər.

Polis əməkdaşları aksiyaçılara nazirliyin binasına yaxınlaşmağa imkan verməyib və onları saxlamağa başlayıb. AXCP-dən verilən məlumata görə, saxlanılanların sayı 50-yə yaxındır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə "Turan"a bildirib ki, saxlanılanlarla bağlı məlumat yoxdur, aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması təmin olunub.

Vəkil: 'Zamin Salayev çətinliklə yeriyir'

Həbsdə olan AXCP üzvü Zamin (Əlizamin) Salayevin çəkisinin 126 kiloqramdan 89 kiloqrama düşdüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 28-də Bakı İstintaq Təcridxanasında Salayevlə görüşən vəkil Nemət Kərimli danışıb. Onun sözlərinə görə, 49 gündür aclıq aksiyası keçirdiyini bildirən Salayevin qan təzyiqi də 70/50 ətrafındadır: "Zamin Salayev çətinliklə yeriyir, işçilərin köməyi ilə görüşə gətirildi. Deməsinə görə, üç-dörd gün əvvəl gecə yarısı qan təzyiqi kəskin düşüb, yalnız həkim müdaxiləsindən sonra özünə gəlib. Ona aclığı dayandırmaq üçün müraciət edən hər kəsə səmimi təşəkkürünü bildirdi, lakin aksiyanı davam etdirməkdə israrlıdır".

Vəkilin deməsinə görə, fəal həkim nəzarətindən narazıdır.

Vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Ötən ay, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub. Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da Amnistiya Aktı ilə əlaqədar azadlığa çıxmışdı.