Xəbərlər
Gürcüstan müxalifəti yeni parlamenti tərk edib
Gürcüstanın Avropayönümlü müxalifəti deputat mandatından imtina edərək yeni parlamentin tərkibindən çıxıb. Oktyabrın 26-da keçirilən mübahisəli seçkinin sonuclarını tanımayan müxalifət genişmiqyaslı pozuntulara və seçkinin Rusiya müdaxiləsi fonunda aparıldığına diqqət çəkib.
İki əsas partiyanın – "Vahid Milli Hərəkat" və "Dəyişikliklər uğrunda Koalisiya"nın təmsilçiləri Mərkəzi Seçki Komissiyasına üz tutaraq partiya siyahılarının ləğv edilməsini istəyib.
"Burada olub, bu parlamenti legitimləşdirməklə hökumətə kömək etməyəcəyik!", - "Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nina Qvaxariyanın sözləridir.
Buna cavab olaraq, hakim "Gürcü arzusu" bir sıra müxalifət partiyasının fəaliyyətini qanundankənar elan etdirmək üçün Konstitusiya Məhkəməsinə şikayət ünvanlayacağını bildirib. "Vahid Milli Hərəkat"ı vətənə xəyanətdə suçlayan "Gürcü arzusu" bundan ötrü yetərli sayda sübuta sahib olduğunu da deyib.
Olub-bitənlər ölkənin Avropayönümlü prezidenti Salome Zurabişvilinin seçki sonuclarının həqiqiliyini qəbul etməməsindən və yeni seçkilər keçirilməsinə çağırmasından sonraya təsadüf edir.
Rusiyaya yaxınlığı ilə seçilən, 12 ildir ölkəni yönəldən "Gürcü arzusu" qələbəsini elan edəndən bəri müxalifət hər gün paytaxt Tbilisidə etiraz aksiyaları keçirir.
"Biz onların cinayətlərinin şahidiyik. Bu üzdən, onlar bizdən qorxurlar. Onlarda heç nə alınmayacaq", - "Güclü Gürcüstan" partiyasının liderlərindən Anna Natsvişvili AzadlıqRadiosuna belə deyib.
Xatırlatma
Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu isə iqtidar partiyasının 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.
Siyasi fəal İrandakı həbslərə etiraz olaraq özünü öldürüb
İranlı jurnalist və siyasi fəal Kianuş Səncari özünün və digər siyasi fəalların dindirilmə və həbslərinə etiraz olaraq həyatına qəsd edib. Bunu noyabrın 13-də AzadlıqRadiosuna siyasi fəalın qohumu söyləyib. Səncarinin dostları da X sosial şəbəkəsindəki paylaşımlarında onun ölüm xəbərini təsdiqləyiblər.
Səncari ölümündən bir neçə saat öncə intihar qərarını paylaşıb: "Unutmayaq ki, biz ölüm üçün deyil, yaşam eşqi üçün ölürük. Arzu edirəm ki, bir gün iranlılar oyansın və köləliyə qalib gəlsinlər".
Səncari dörd siyasi fəalın azad edilməsi barədə ultimatumu yerinə yetirilmədiyindən həyatına son verib.
İranın xüsusi xidmət və kəşfiyyat orqanları yaşlı anasının qayğısına qalmaq üçün 2015-ci ildə Tehrana qayıdan Səncarini dəfələrlə dindirib və həbs edib.
Tramp dövlət katibi vəzifəsinə Rubionun namizədliyini irəli sürüb
ABŞ prezidenti seçilmiş Donald Tramp dövlət katibi vəzifəsinə Floridadan olan Marko Rubionun namizədliyini irəli sürüb. Bu bilgini yayan "The Associated Press"in yazdığına görə, Trampın bəyanatında belə deyilir: "O, xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimzin sadiq dostu və rəqiblərimizə heç vaxt güzəştə getməyəcək qorxmaz döyüşçü olacaq".
Rubio Senatda kəşfiyyat komitəsi rəhbərinin müavini vəzifəsini tutur. O, Çin, Kuba və İranın kəskin tənqidçisi kimi tanınır.
Rubio Ukraynaya 61 milyard dollarlıq hərbi yardımın göstərilməsi barədə apreldə qəbul edilmiş qərarın əleyhinə səs verən 15 respublikaçı senatordan biridir. Rusiyayönümlü olmadığını deyən Rubio sentyabrda bildirib ki, Moskva və Kiyev arasında danışıqların tərəfdarıdır.
Tramp ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsinə Havay ştatından Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardın namizədliyini irəli sürüb. O, daha öncə 2020-ci ildəki prezident seçkiləri kampaniyasına qatılmışdı. Demokratlar Partiyasının üzvü olmuş Qabbard sonradan respublikaçıları dəstəkləməyə başlayıb.
Prezident Co Baydenin Ukrayna siyasətini bəyənməyən Qabbard savaşı uzatdıqlarına və Kiyevə silah verdiklərinə görə demokratları tənqid edib.
Seçilmiş prezident ölkənin Baş prokuroru vəzifəsinə isə floridalı konqresmen Mett Qetsin namizədliyini irəli sürüb. "O, cinayət təşkilatlarının sonunu gətirəcək və amerikalıların Ədliyyə Nazirliyinə sarsılmış inamını bərpa edəcək", - Trampın sözləridir.
Bildirilib ki, Qetsin Baş prokuror vəzifəsinə təyinatı Nümayəndələr Palatası Etika Komitəsinin ona qarşı istintaqa xitam verəcəyi anlamına gəlmir. Konqresmen cinsi istismar məqsədli insan alverinə qurşanmaqda və narkotikdən istifadədə şübhəli bilinir. Qets yeni administrasiyada vəzifə tutsa, Komitə ona qarşı istintaqı sürdürə və uyğun hesabatlar yaya bilməyəcək.
Tramp Müdafiə naziri vəzifəsində "FoxNews" telekanalının siyasi şərhçisi, veteran və indiki Pentaqon rəhbərliyin tənqidçisi Pit Heqseti görmək istəyir. Senat Heqsetin namizədliyini təsdiqləsə, o, Trampın seçkiöncəsi kampaniyasında verdiyi sözə əməl edə, mühafizəkarların da dəstəkləmədiyi bəzi generalları ordu sıralarından təmizləyə bilər.
Tramp Maskı hökumət səmərəliliyi idarəsinin başçısı təyin edir
İş adamları İlon Mask və Vivek Ramasvami şişirdilmiş dövlət qulluğunda radikal dəyişikliklər təşəbbüsləri irəli sürəcək yeni aralıq struktura başçılıq edəcəklər.
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) məqsədi şişirdilmiş dövlət aparatında ixtisarlar və onu yenidən təşkil etməkdir. Bunu ABŞ-da prezident seçilmiş Donald Tramp noyabrın 12-də deyib.
"Daha kiçik, az bürokratiyalı və daha səmərəli hökumət Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə amerikalılar üçün gözəl bir hədiyyə olacaq", – Tramp bəyanatında belə deyib.
2026-cı ilin iyulunadək işini başa vuracaq idarə federal xidmətlərin yenidən qurulması və səmərəsiz xərclərin azaldılması, həddindən artıq dövlət bürokratiyasının hissə-hissə ləğvi ilə məşğul olacaq.
İ.Mask "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisidir.
"Roivan Sciences" əczaçılıq şirkətinin təsisçisi V.Ramasvami isə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürmüşdü. Onlar dövlət xərclərinin və iqtisadiyyatda dövlət tənzimlənməsinin azaldılması çağırışları ilə məşhurdurlar.
Yeni seçilmiş prezidentə dövlət büdcəsinin xərclərini 2 trilyon dollar həcmində azalda biləcəyini deyən İ.Maskın bunu necə edəcəyi bəlli deyil. İqtisadçılar xəbərdarlıq ediblər ki, Trampın söz verdiyi vergilərin azaldılması dövlət borcunun kəskin artımına səbəb ola bilər.
Üstəlik, Tramp müdafiə naziri vəzifəsinə "Fox News" telekanalının siyasi şərhçisi, İraq və Əfqanıstan müharibələri veteranı, 44 yaşlı Pit Heqsetin namizədliyini irəli sürüb.
Həbsdə olan jurnalistlərin yaxınlarından şikayət var
"Abzas Media" işi üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışıqlarının məhdudlaşdırıldığı deyilir.
Onlayn nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın sözlərinə görə, qızı ilə telefon danışıqlarını 15 dəqiqədən 2 dəqiqəyə endiriblər: "Sevinc dedi ki, məhdudiyyət COP29-a görədir. Onlara deyilib ki, yaxınlarınız səsinizi eşidib sağ-salamat olduğunuzu bilsinlər, bəsdir".
Noyabrın 11-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
O.Məhərrəmova həmçinin qeyd edib ki, bundan əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qızı ilə görüşləri ləğv olunub.
"Abzas Media" isə bildirir ki, nəşrin həbs olunmuş digər jurnalistlərinin də telefon danışıqları 2 dəqiqəyə endirilib.
Hələlik, bu şikayətlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
"Abzas Media" işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
SOCAR-ın COP29-da qaz razılaşması imzaladığı bildirilir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Slovakiyanın "Slovenský Plynárenský Priemysel" (SPP) ən iri qaz operatorunun noyabrın 13-də qısamüddətli pilot müqavilə imzaladıqları bildirilir.
Bu barədə "Turan" Slovakiya tərəfinə istinadla məlumat yayıb. Amma SOCAR bununla bağlı hər hansı məlumat verməyib.
Müqavilənin detalları, o cümlədən həcm və tədarük cədvəlinə dair məlumatlar da açıqlanmır.
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edib və 2024-cü ildə bu həcmi 12 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Bu razılaşma Avropa Parlamentində Avropa İttifaqını (Aİ) Azərbaycan qazından asılılığa son qoymağa çağıran qətnamənin qəbulundan təqribən bir ay sonra əldə edilib.
Avropa Parlamentinin üzvləri Avropa Komissiyasından Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqda 2022-ci ilin Anlaşma Memorandumunu dayandırmağı xahiş edirdilər.
Bakıda yaşıl enerji ilə bağlı əməkdaşlıq sənədləri imzalanıb
Noyabrın 13-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, onlar "...yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıblar.
Daha sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığının "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə... energetika nazirlikləri arasında İcra Proqramı"nın imzalanması mərasimi olub.
Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
+++
COP29 ərəfəsində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları mövzusunu gündəmə gətiriblər. Həmin təşkilatlar ölkədə diqqəti siyasi məhbus sayılan şəxslərə yönəldərək onları azad etməklə bağlı çağırışlar səsləndiriblər. Azərbaycan hökumətinin təmsilçiləri isə belə açıqlamaları və bu yöndə səslənən tənqidləri qarayaxma kampaniyası sayırlar. Onlar ölkədə insan haqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmirlər.
Müxalifətdən tələblər...
Ölkə müxalifəti isə hökumət rəsmiləri ilə razılaşmırlar. Bugünlərdə müxalifətdə olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyanat yayaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edib. Onlardan başqa III Respublika Platforması da COP 29 ərəfəsində verdiyi bəyanatda insan haqları mövzusuna toxunub. Bildirilib ki, Azərbaycan siyasi səhnəsinin ilk və yeganə yaşıl gündəliyə malik siyasi təşkilatı olan Platformanın lideri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli siyasi motivli cinayət işləri üzrə 2024-cü ilin martından etibarən haqsız yerə həbsdə saxlanılırlar.
Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər və ittihamları qurama sayırlar.
"COP29 iştirakçıları iqlim siyasəti ilə insan hüquqlarının ayrılmaz beynəlxalq hüquq öhdəlikləri olduğu çərçivəsini real və praktik mənada qəbul etməli, müvafiq olaraq COP29 çərçivəsində addımlarını bu çərçivədə həyata keçirməlidir", - bəyanatda vurğulanır.
Azərbaycandakı müxalif qurumların açıqlamasına görə, hazırda ölkə həbsxanalarında 300 civarında siyasi məhbus var. Amma rəsmilər bunu qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.
Moskvada çağırışçılara ölkəni tərk etmək yasaqlanıb
Moskva sakinləri hərbi xidmətlə bağlı xəbər veriləndən sonra komissarlıqlara gəlməsələr, ölkəni tərk edə bilməyəcəklərinə dair SMS-bildiriş alacaqlar. "Vajnıye istorii" adlı müstəqil araşdırmalar saytı belə yazır.
"Hərbi qulluq haqqında" Qanuna dəyişikliklərə görə, çağırışçılara qarşı "müvəqqəti tədbirlər"in görülməsi nəzərdə tutulub. Onlara nəqliyyat vasitəsi almaq və qeydiyyatdan keçirmək, daşınmaz əmlakı qeydiyyatdan keçirmək və satmaq, banklardan kredit almaq, fərdi sahibkar ya fiziki şəxs kimi qeydiyyata düşmək də yasaqlanıb. Məhdudiyyətlərin noyabrın əvvəlindən tətbiq olunmağa başladığı bildirilir. Artıq polis çağırışçıları yaşadıqları yerdə, yaxud küçə və metroda saxlayıb polis bölməsinə və ya toplanış məntəqəsinə aparır.
İnsan haqları təşkilatlarının fikrincə, SMS-bildirişlərin məqsədi çağırışçının könüllü şəkildə hərbi komissarlığa gəlməsini təmin etməkdir. Sözügedən məhdudiyyətlərin tətbiqi isə gələn ilin əvvəlində - hərbi uçotun elektron reyestri işə salınacağı halda başlana bilər.
Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləyə başlayan Rusiya savaş meydanında böyük itkilər versə də, Kreml hərbi itkiləri barədə bilgiləri açıqlamır. Böyük Britaniyanın baş qərargah rəisi Toni Radak oktyabr ayında hər gün ortalama 1500-dək Rusiya hərbçisinin həlak olduğunu və yaralandığını söyləyib. Bu, Ukraynada savaş başlatdığından bugünədək Rusiyanın ən çox itki verdiyi ay olub.
Abxaziyalı müxalifətçilər etirazlardan sonra azadlığa buraxılıb
Noyabrın 12-də Gürcüstanın separatçı, rusiyapərəst Abxaziya bölgəsində saxlanılan beş müxalifətçi azadlıqa buraxılıb.
Onları dəstəkləyən etirazçılar paytaxt Suxumiyə aparan üç körpü və əsas yolu bağlayandan sonra bölgə rəhbərləri bu addıma getməli olub.
Omar Smır, Qarri Kokaya, Almasxan Ardzinda, Razam Copua və Aslan Qvamariya noyabrın 11-də deputat Almas Akaba ilə mübahisədən sonra saxlanılmışdılar.
Müxaliftəçilər xırda xuliqanlıq maddəsi ilə ittiham olunsalar da, inzibati qanun pozuntusu tərkibi olmadığından Suxumi məhkəməsi işə xitam verib.
"Xalq Birliyi Forumu" müxalifət partiyasının lideri Aslan Bartsits bildirib ki, fəallar bölgədə inşaat layihələrinə sərmayə yatırmaq hüququnun Rusiya şirkətlərinə verilməsini nəzərdə tutan Abxaziya-Rusiya sazişinə etirazlarını dilə gətiriblər.
Saziş Abxaziyada çoxfunksiyalı komplekslərin tikilməsini nəzərdə tutur.
Noyabrın 15-də ratifikasiyası gözlənilən sazişə etirazını bildirmək üçün müxalifət nümayişlər keçirəcək. Onlar azadlıqa buraxılsalar da, körpülərlə adıçəkilən yolun hələ də açılmadığına diqqət çəkilir. Etirazçılar körpülərin birində ictimai nəqliyyatın hərəkətini bərpa etsələr də, təcili yardım maşınlarının ünvan başına yetişə bilmədikləri, tibb ocaqlarında fövqəladə durum rejiminin elan olunduğu bildirilir.
Abxaziyanın başçısı Aslan Bjaniya durumla bağlı Güvənlik Şurasını toplayıb.
SSRİ-nin çöküşündən bəri Abxaziya və Cənubi Osetiya Gürcüstanın tabeliyindən çıxıb. Rusiya 2008-ci ildə Gürcüstanı savaşda məğlub edəndən sonra hər iki separatçı bölgənin müstəqilliyini tanıyıb.
Polşa prezidenti Bakıda Lukaşenko ilə foto çəkdirməkdən imtina edib
Polşa prezidenti Andjey Duda Bakıda keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi ailə fotosunda yer almaqdan imtina edib.
Polşanın "Polsat" telekanalının məlumatına görə, buna səbəb Belarus lideri Aleksandr Lukaşenkonun da mərasimdə iştirakı olub.
"Üstəlik, bu rəmzi kənara çəkilmə Belarusun Ukrayna hadisələrindəki iştirakı ilə bağlıdır", – "Polsat" bildirib.
Bir çox Qərb ölkələri liderləri Lukaşenkonu repressiv daxili siyasət və Rusiya ilə ittifaqa görə qınayırlar.
Dubayda keçirilən ötənilki COP28-də də Polşa, Litva və Latviya liderləri Lukaşenko ilə birgə foto çəkdirməkdən imtina etmişdilər.
Noyabrın 11-də Azərbaycanın paytaxtında başlayan COP29 sammiti iqlim dəyişikləri ilə bağlı qərarlar üçün önəmli görüş olmaqla yanaşı, geniş geosiyasi fikir ayrılıqlarını özündə əks etdirən tədbir kimi dəyərləndirilir.
COP29 noyabrın 22-nə kimi davam edəcək.
Ermənistan COP29-a qatılacağını istisna etmir
Ermənistan noyabrın 11-də Bakıda işə başlayan COP29-a qatılacağını istisna etmir. Ölkə xarici işlər nazirinin müavini Vaan Kostanyan bu fikri dilə gətirib.
"Qərar hələ verilməyibsə, nəzəri olaraq, iştirak edə də bilərik, etməyə də", - jurnalistlərə belə söyləyən nazir müavini əlavə edib ki, bu, "cərəyan edən proseslərdən, (Ermənistan-Azərbaycan) münasibətlərinin nizamlanması prosesinin dinamikasından asılı olacaq".
Kostanyan sözügedən qərarı sülh sazişi bağlamaq yolundakı irəliləyiş və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi ilə əlaqələndirib.
Ötən ayın sonunda Ermənistan mediasında xarici işlər naziri Ararat Mirzoyanın COP29-da iştiraka hazır olduğu xəbəri yayılmışdı. Bundan ötrü rəsmi Bakının həbsdə saxladığı 23 erməninin bir qismini azad etməsi şərt qoyulmuşdu.
COP29-un açılış günündə İlham Əliyev Azərbaycanın Ermənistanı COP29-a dəvət etdiyini, sammitə gəlib-gəlməməyin Ermənistanın öz qərarı olacağını demişdi.
"Ermənistandan bir neçə nümayəndə qeydiyyatdan keçsə də…"
Ermənistan rəsmilərinin sözlərinə görə, ötən ay baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti Əliyevə iki ölkənin XİN başçıları arasında aramsız danışıqların aparılmasını təklif edib. Danışıqlar sülh sazişinin razılaşdırılmamış bəndlərinin çözülməsi, COP29 başlayıncayadək sülh sazişinin imzalanmasıyla sona çatmalıydı.
Kostanyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, sülh sazişinin yekun bəndləri üzrə fikir ayrılıqları qalsa da, "fərqli baxışları yaxınlaşdırmaq imkanı var".
"Ermənistan tərəfdən konfransda iştirakla bağlı bir neçə nümayəndə qeydiyyatdan keçsə də, onlar COP29-a gəlməyiblər", - bunu isə noyabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib.
Prezidentin oğlu hansı statusla iqtisadi müşavirədə iştirak edib...
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan dövlət başçısı İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin bu il sentyabrın 26-da ilk dəfə yüksək səviyyəli iqtisadi məsələlər üzrə müşavirədə iştirak etməsinə münasibət bildirib. O, prezidentin gənc oğlunun hansı statusla o iclasda iştirak etdiyi ilə bağlı suala "Azərbaycan Respublikasının vətəndaşıdır" cavabını verib.
Prezidentin köməkçisi "Hər kəs gedib vitse-prezidentin yanında əyləşə bilərmi" sualını isə belə cavablandırıb: "İqtisadi müşavirə peşəkarlar üçün açıqdır... Azərbaycan Respublikasının vətəndaşı statusunda və peşəkar, konkret sahə üzrə mütəxəssis olaraq həmin tədbirdə iştirak edib".
Azərbaycan prezidentinin 27 yaşlı oğlu Heydər Əliyev Bakıdakı ADA Universitetinin məzunudur. Onun atasının bir çox yerli səfərlərində yanında olması və yüksək səviyyəli tədbirlərə qatılması cəmiyyətdə birmənalı yozulmur. Bəzi dəyərləndirmələrə görə, bu onun gələcəkdə ölkədə yüksək karyeraya hazırlığından xəbər verir.
Müxalifət onun atası, prezident İ.Əliyevin də ölkədə "varis planı" ilə hakimiyyətə gəldiyini deyib. Məhz 2003-cü ildə İ.Əliyev atası, ovaxtkı dövlət başçısı Heydər Əliyevin (baba Əliyev) prezident seçkisindən az öncə xəstəxanada imzaladığı bildirilən sərəncamla baş nazir təyin edilmişdi. İ.Əliyev elə həmin il də prezident seçkisindən qalib çıxmışdı, atası H.Əliyevin də seçkidən iki ay sonra vəfat etdiyi açıqlanmışdı.
Rusiya ordusu Kurskdakı əraziləri geri almağa hazırlaşarkən, Borrel Ukraynaya sonuncu səfərini gerçəkləşdirib
Rusiya Ukraynanın yayda ələ keçirdiyi Kursk vilayətindəki ərazilərə nəzarəti bərpa etmək üçün buraya on minlərlə hərbçi toplayır. Noyabrın 11-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski belə deyib.
"Hərbçilərimizi oradan sıxışdırmaq və nəzarətimizdəki ərazilərin içərisinə soxulmaq istəyirlər", - Sırskinin X sosial şəbəkəsindəki sözləridir. O, paylaşımını belə tamamlayıb: "Ukraynalı əsgərlər dözümlü olmasaydı, Rusiyanın ən yaxşı hərbi birləşmələrindəki on minlərlə düşmən mövqelərimizə hücum edərdi".
Havadan zərbələr ara vermir
Avqustda Ukrayna ordusu həmsərhəd Kursk vilayətinin min kvadratkilometrədək ərazisinə nəzarəti ələ keçirib. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra işğalçının ərazisində gerçəkləşdirilən ilk belə hərbi əməliyyat olub. Rəsmi Moskva 28 yaşayış məntəqəsi üzərində nəzarəti itirdiyini etiraf edib.
Sırski noyabrın 9-da minlərlə şimali koreyalı hərbçinin Rusiya ordusu birləşmələri yanında yerləşdirildiyini və mümkün əks-hücuma hazırlaşdığını da bildirib.
Bu arada Rusiya Ukraynanın şəhərlərinə və onların enerji infrastrukturuna hava zərbələri endirməyə davam edir.
Aİ Ukraynaya dəstəyini davam etdirəcək
Noyabrın 11-də cənubdakı Nikolayev şəhərinə hücum zamanı beş nəfər həlak olub, yaşayış binalarına ziyan dəyib. Zaporojyedə isə bir nəfər ölüb, bir azyaşlı və dörd yeniyetmə daxil, 21 nəfər yaralanıb. Partlayışlar paytaxt Kiyevdə də eşidilib.
Cəbhədəki gərginlik fonunda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevə səfər edib. O bildirib ki, ABŞ-dakı prezident seçkilərinin nəticəsinə baxmadan, Aİ Ukraynaya dəstəyini sürdürəcək.
CBS: Qaçaq-pilot Kuzminovu Rusiya xüsusi xidmət orqanlarının zabitləri öldürüb
Ötən ilin avqustunda döyüş helikopteri ilə Ukraynaya uçan və bu ilin fevralında İspaniyada güllələnən pilot Maksim Kuzminov Rusiya təhlükəsizlik qüvvələrinin iki zabiti tərəfindən öldürülə bilərdi. Bu barədə CBS telekanalı istintaqa yaxın mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Kuzminovun öldürüldüyü yerdə Rusiya istehsalı olan "Makarov" tapançasının gilizləri tapılıb. Mənbə həmçinin CBS-ə işdəki üç şübhəlinin fotolarını təqdim edib. Onların hamısı rusiyalıdır və qətl zamanı İspaniyada olublar. Adları açıqlanmır, lakin birinin Sovet DTK-sının istefada olan zabiti, digərinin isə Rusiya polisinin polkovniki olduğu müəyyən edilib. Onların qohum olduqları vurğulanır. Üçüncü şübhəli barədə məlumat yoxdur.
CBS onu da bildirir ki, Kuzminovun dəfn olunduğu yer məlum deyil - o, adsız qəbirdə basdırıla bilərdi.
Kuzminov Rusiya ordusunun kapitanıdır, Sızran Aviasiya Məktəbinin məzunudur. 28 yaşlı hərbçi, öz ifadələrinə görə, Ukraynadakı müharibəyə qarşı çıxıb və Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə qurub. Avqustun 9-da o, qırıcı təyyarə üçün ehtiyat hissələri daşıyan helikopterlə Ukraynanın nəzarətində olan əraziyə uçub. Onunla birlikdə təyyarədə iki baş leytenant olub: 35 yaşlı şturman Xuşbaxt Tursunov və 28 yaşlı texnik Nikita Kiryanov. Onlar qaçışda iştirak etməyiblər və Rusiya ərazisinə qaçmağa çalışarkən öldürüldükləri iddia olunur.
"Rossiya 1" dövlət telekanalının süjetində müxbir Sergey Zenin iddia edirdi ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı zabitləri Kuzminovu öldürmək əmri alıblar. Onlardan biri pilotun tapılacağını və "dövlətə xəyanətə görə qanunun bütün ciddiliyi ilə" cəzalandırılacağını, ikincisi isə Kuzminovun məhkəməyə qədər yaşamayacağını bildirirdi.
Ukraynada Kuzminov saxta adla vətəndaşlıq və pasport alıb. Ona ölkədə qalmağı təklif ediblər, lakin o, İspaniyaya köçməyi seçib. Orada fevralın 13-də evinin yaxınlığındakı parklama yerində güllələnib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kuzminovun ölümü ilə bağlı jurnalistlərin suallarına "Müxtəsəri: İtə it ölümü yaraşır" deyə cavab vermişdi.
'Gürcü arzusu'nun ölkəni zəbt etdiyini deyən Zurabişvili yeni seçkilərin keçirilməsinə çağırıb
Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, rusiyayönlü "Gürcü arzusu" bütün hakimiyyət institutlarını "az qala zəbt etdiyindən" parlamentə yeni seçkilər keçirilməlidir. O bu fikrini noyabrın 11-də Avropa İttifaqı (Aİ) nümayəndələri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında dilə gətirib.
Seçki sonuclarını tanımaqdan boyun qaçıran S.Zurabişvili ölkəsinin böhrana girdiyini söyləyib: "Gürcüstana legitim parlamenti, legitim hökuməti və vaxtı yetişəndə yeni legitim prezidenti olmasından ötrü yeni seçkilər gərəkdir".
Aİ nümayəndə heyətində Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Polşa parlamentlərinin xarici əlaqələr üzrə komitə rəhbərləri vardı.
"Gürcü arzusu"nun nəzarət etdiyi parlamentin spikeri Şalva Papuaşvili Aİ nümayəndə heyəti ilə görüşdən boyun qaçırıb. Spiker bu addımını nümayəndə heyətinə daxil ölkələrin "Gürcüstan hökuməti və cəmiyyətinə qarşı dəfələrlə sərgilədikləri dostca olmayan münasibət” ilə əlaqələndirib.
Nümayəndə heyətinin bir neçə üzvü spikerin qərarını tənqid edib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 8-də bəyan edib ki, Gürcüstandakı seçkilərdə "dərin araşdırma tələb edən pozuntulara dair ciddi şübhələr" var.
Xatırlatma
Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.
İsrail səfirliyi yaxınlığında saxlanan Əfqanıstan vətəndaşı: 'Boş yerə həbsdəyəm'
Əfqanıstan vətəndaşı Fövzan Musa Xan ilyarıma yaxındır Azərbaycanda həbsdədir. Ona bugünlərdə Bakıda terrora hazırlıq ittihamı ilə 10 il həbs cəzası kəsilib. İttihama görə, İsrailin Bakıdakı səfirliyində terror aktı törətmək istəyib, ancaq planın üstü açılıb.
Cinayət işinin materiallarında iddia edilir M.X.Fövzan ötən ilin mayında Bakıya ABŞ və İsrail diplomatik nümayəndəliklərində terror törətmək niyyəti ilə gəlib və təxminən bir ay boyunca öncə İsrail səfirliyi həndəvərində müşahidələr aparıb. Müxtəlif adamlarla silah tapmaqdan ötrü razılaşıb. İyunun ortalarında yenə İsrail səfirliyinin yaxınlığında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu saxlayıb.
"Mən heç bir dəstənin üzvü olmamışam"
M.X.Fövzan özünü təqsirli bilmir, terrorçuluq suçunu da qəti şəkildə rədd edir. Deyir ki, 2020-ci ildən Dubayda işləyib pul qazanırdı. Ötən ilin aprelində Əfqanıstanda Nurəddin adlı bir tanışı telefonla ona deyib ki, Bakıda gedib iş tapa bilər: "Dedi ki, Bakıda Abdullah adlı tanışı var, mənə kömək eləyəcək. Mən də Dubaydan turist vizası ilə Bakıya gəldim. Abdullah məni qarşılayıb otelə yerləşdirdi. Bir müddət oteldə qalandan sonra mənzil kirayələdi".
Söylədiyinə görə, yetərincə pulu olmadığından yemək və kirayə xərclərini ödəməyə də Abdullah kömək göstərib.
M.X.Fövzan İsrail səfirliyinin harada yerləşdiyini bilmədiyini deyib. Tutulduğu gün məhz orada olmasına gəlincə, deyir ki, Bakının müxtəlif yerlərində gəzib, fotolar, videolar çəkib, həmin əraziyə də turist kimi gedib: "Kirayə qaldığım mənzilin açarı məndən başqa üç gün Abdullahda da olub. Mən heç bir dəstənin üzvü olmamışam. Təqsirim yoxdur. Boş yerə uzun müddətdir həbsdə saxlanılıram. Xahiş edirəm, məni azadlığa buraxın".
Daha öncə iki dəfə həbsdə olub?
Məhkəmə onun söylədiklərini məsuliyyətdən yayınmaqdan ötrü özünümüdafiə məqsədilə deyilən fikirlər kimi qəbul edib və belə nəticəyə gəlib ki, ona qarşı ittihamı sübuta yetirən konkret faktlar var.
Cinayət işinin materiallarında iddia edilir ki, M.X.Fövzan əvvəllər Pakistan və Əfqanıstanda terrorçuluq ittihamı ilə iki dəfə həbsdə olub. O, Taliban qüvvələrinin təqibindən yayınmaqdan ötrü Dubaya gedib, oradan da 2023-cü ilin mayında Bakıya gəlib.
Onun İŞİD-in Əfqanıstandakı qolu olan "Vilayəti Xorasan" adlı silahlı birləşmənin sabiq üzvü və partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssis olması bilgisi də ittihamda yer alıb.
Kreml: Putinin Trampla telefon danışığı barədə bilgi 'tam yanlışdır'
Kreml ABŞ-da prezident seçilən Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması barədə KİV-də yayılan bilgini "tam yanlış" adlandırıb.
"Bu, həqiqətəuyğun deyil. Cəfəngiyatdır. Sadəcə, yanlış bilgidir", - Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib və sözünü tamamlayıb: "Heç bir telefon danışığı olmayıb".
Hələlik, hər hansı telefon danışığına dair bir planın olmadığını söyləyən Peskov Trampın yenidən seçilməsindən sonra Avropada bəlli həyəcanın gözə çarpdığını da dilə gətirib: "Bu, indiki zamanda hətta mötəbər nəşrlərin də yaydığı bilginin keyfiyyət dərəcəsinə parlaq misaldır".
Ukrayna tərəfi telefon danışığı haqqında xəbərdar edildiyi barədə bilgilərin gerçəyə uyğun olmadığını bildirib. Noyabrın 10-da Ukrayna XİN-in rəsmisi Georgi Tixiy "Reuters"ə deyib ki, rəsmi Kiyevin sözügedən telefon danışığından bilgili olması xəbəri doğru deyil: "Bu üzdən, Ukrayna sözügedən telefon danışığına nə razılıq verə, nə də ona qarşı çıxa bilib".
"The Washington Post" xəbər yaymışdı ki, Tramp noyabrın 7-də Ukrayna prezidenti Volodımır Zelenski ilə telefon danışığından bir gün sonra Putinlə də zəngləşərək müharibəni müzakirə edibmiş.
Jurnalist Zülfüqar Əhmədzadə vəfat edib
Jurnalist, tərcüməçi və şair Zülfüqar Əhmədzadə (Rüfətoğlu) noyabrın 9-da Londonda vəfat edib. O, uzun müddət idi xəstəxanada müalicə olunurdu.
Xəbəri jurnalistin ailəsi AzadlıqRadiosuna təsdiqləyib.
Z.Əhmədzadənin 66 yaşı vardı.
O, 1984-1993-cü illərdə Azərbaycanda bir sıra mətbuat orqanlarında çalışıb. 1989-cu ildə nəşrə başlayan “Səhər” qəzetinin yaradıcılarından olub. 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb. “BBC Azərbaycan” xidmətində işləyib.
"Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Mavigözlü ögey ana" kitabının müəllifi idi. Bu kitabda dərc olunmuş "Qayıtmayan" şeirində yazırdı:
"Qayıtmayan şeylər vardır,
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar
Gedir və bizə qayıtmır..."
Z.Əhmədzadə AzadlıqRadiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edirdi.
Allah rəhmət eləsin!
BBC: COP29-un baş icraçı direktoru mədən yanacaqlarının təbliği ilə məşğuldur
COP29-un baş icraçı direktoru Elnur Soltanov mədən yanacaqları barədə mümkün müqavilələrin müzakirəsinə dair görüş təşkil edə bilərdi.
BBC-nin məlumatına görə, Soltanov həmin təklifi videobağlantı zamanı "Global Witness" təşkilatının özünü sərmayəçi kimi tanıdan əməkdaşına söyləyib.
"Mən sizin komandanızla onların [SOCAR] komandası arasında əlaqə yaratmaqdan məmnun olaram ki, onlarla müzakirələrə başlaya bilsinlər", - Soltanov "sərmayəçi"yə belə deyib.
Soltanov COP29-un baş icraçı direktoru olmaqla yanaşı, SOCAR İdarə Heyətinin üzvü və Azərbaycan energetika nazirinin müavinidir.
2015-ci il Paris Sazişinin imzalanmasına nəzarət etmiş kosta-rikalı diplomat, BMT təmsilçisi Kristiana Fiqeres belə davranışı qəbuledilməz sayaraq bunu COP prosesinə "xəyanət" adlandırıb.
Xatırlatma
Artıq ikinci ildir ki, BBC COP-a ev sahiblik edən ölkənin pozuntusunu üzə çıxarır. Ötən il BBC-yə sızdırılan bilgilərə görə, BƏƏ neft və qaz sövdələşmələrini irəlilətmək üçün COP28-ə ev sahibliyindən sui-istifadə edib.
Hakimiyyətyönlü media yaxınlarda Azərbaycanın COP29-a sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğasının başladılacağını iddia edib. "Report"un bilgisinə görə, belə təbliğatın əsas iştirakçıları Azərbaycana qarşı "ifşaedici" nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı "Global Witness" və BBC-dir.
COP29 BMT İqlim Dəyişikliyi Konfransı noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Prezident Əliyev CHP liderinə: 'Yanlışlıqlar olub, keçmişdə qalıb'
Noyabrın 8-də Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Ö.Özəl İ.Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Qarabağ müharibəsində qələbənin dördüncü ildönümü münasibətilə təbrik edib.
"Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik", – deyən partiya sədri Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" ifadəsini xatırladıb, - xəbərdə deyilir.
Ö.Özəl CHP-nin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini bildirib.
Prezident Əliyev isə qeyd edib ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. O, hakim YAP ilə CHP arasında əməkdaşlığın "müsbət istiqamətdə" cərəyan etdiyini vurğulayıb.
Ö.Özəl vaxtilə Azərbaycanla bağlı bəzi qalmaqallı fikirləri ilə gündəmə gəlib. O, ötən ilin noyabrında CHP-nin 13 illik sədri Kamal Kılıçdaroğlunu əvəzləyib. Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü olan Ö.Özəl Azərbaycanın həmin qurumda səsvermə hüququnun bərpa edilməsini dəstəkləyib.
Azərbaycanın AŞPA-da səsvermə hüququ bu ilin yanvarında öhdəliklərin icrasının yetərli olmaması əsas gətirilərək dondurulub. Rəsmi Bakı isə qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb.
Türkiyə hakimiyyəti Azərbaycanı Qarabağ müharibəsində dəstəkləyib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.
Paşinyan və Makron Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər
Noyabrın 7-də Ermənistan baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Budapeştdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ölkəsinin sülh gündəminə sadiq olduğunu deyən Paşinyan regional güvənlik və sabitliyin təmin edilməsi istiqamətində atılan addımları vurğulayıb.
Makron iki ölkə arasında sülh sazişinin imzalana biləcəyinə ümidini dilə gətirib.
Yerevandakı diplomatik qaynaqlar hətta 11-ci layihə variantından sonra da tərəflər arasında sülh sazişinin yekun mətni ilə bağlı fikir ayrılıqları qaldığını deyirlər.
"Tərəflərin, hələlik, bir-iki bəndə dair ortaq mövqeyi yoxdur və, təbii ki, rəsmi Bakı ilə müzakirələr davam edəcək", – Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan AzadlıqRadiosunun erməni xidmətinə belə desə də, məhz hansı bəndlərdən bəhs edildiyini açıqlamayıb.
Razılaşdırılmış bəndlər təməlində sazişin imzalanmasının mümkünlüyü, qalan bəndlərin daha sonra da razılaşdırıla biləcəyi barədə Ermənistanın təklifini rəsmi Bakı rədd edib.
N.Paşinyan macarıstanlı həmkarı Viktor Orbanla görüşüb, Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Ukrayna və bir sıra başqa ölkənin liderləri ilə də fikir mübadiləsi aparıb. Sözügedən görüşlər Budapeştdə Avropa Siyasi Birliyinin beşinci toplantısında baş tutub.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Tərəflər ötən ildən sərhədlərin delimitasiyasına dair birbaşa danışıqlara başlayıblar.
Niderlandda İsraildən gələn futbol azarkeşlərinə hücum çəkilib
Amsterdamda İsrailin "Makkabi" (Təl-Əviv) və yerli "Ayaks" klubları arasındakı oyundan sonra qonaq klubun azarkeşləri hücuma məruz qalıblar. Bu xəbəri "The Times of Israel" yayıb.
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Amsterdamın fərqli yerlərində baş verən hücumlar zamanı, azı, 10 israilli yaralanıb, iki israilli ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Yaralananların aldığı xəsarət dərəcəsi müəyyənləşdirilir.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə maskalı bir neçə şəxs əllərində Fələstin bayrağı tutaraq "Azad Fələstin" şüarları səsləndirir. İsrail mediasının bilgisinə görə, bıçaqla silahlanmış basqınçılar bir neçə israillinin pasportunu oğurlayıblar. Hadisə yerinə gələn polis 50-dən çox adamı saxlayıb.
Niderlanda gələn İsrail vətəndaşlarına qaldıqları mehmanxanaları tərk etməmək məsləhət görülüb. Onları vətənə qaytarmaq üçün İsrail Niderlanda bir neçə təyyarə göndərəcək. Ölkə hökuməti Niderland güvənlik qüvvələrini iğtişaşçılara qarşı qətiyyətli və tez hərəkətə keçmələrini və İsrail vətəndaşlarının qorunmasını təmin etmələrini istəyib.
İsrailin BMT-dəki səfiri Denni Danon hadisəni "qırğın" adlandırıb. "Bunlar bizim mübarizə apardığımız radikal terror tərəfdarlarının gerçək simalarıdır", - səfir X sosial şəbəkəsindəki paylaşımında belə yazıb.
Zəfər Günü qeyd edilir
Bu gün, noyabrın 8-i Azərbaycanda İkinci Qarabağ müharibəsi ilə bağlı Zəfər Günü qeyd edilir. Bakıda bir sıra yerlərdə hərbi yürüşlər planlaşdırılır.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib.
2020-ci il noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağda Şuşa şəhərini geri alıb. Bundan iki gün sonra, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs bəyanatı imzalanıb.
Tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.
Azərbaycan XİN noyabrın 8-də yaydığı bəyanatda bildirir ki, Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub. Ancaq sülh prosesinin uğurla yekunlaşmasının qarşısında çağırış və təhdidlər hələ də qalır.
Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsində israr edir. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında isə deyilir ki, ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.
Yerevan bir neçə dəfə sülh sazişini razılaşdırılmış maddələr üzrə imzalamağı təklif edib. Bakı isə bunu real saymır, "yarımçıq sülh"ü qəbul etmədiyini bildirir.
44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.
Bu müharibədə Ermənistanın rəsmi qurumları isə onlar tərəfdən 4 mindən çox hərbi qulluqçu itirdikləri bildirilib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
CPJ AzadlıqRadiosunun jurnalistini azadlığa buraxmağa çağırır
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini iqtisadçı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni dərhal azad etməyə çağırır. F.Mehralızadə maydan bəri valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdədir. Oktyabrın 30-da AzadlıqRadiosu bəyanat yayaraq Mehralızadənin azadlığa buraxılmasına çağırıb. Radio onun məqalələrini təhlükəsizliyinə görə istinad etmədən dərc edirdi.
"Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransına ev sahibliyi etməyə hazırlaşarkən ən azı 15 jurnalist potensial uzunmüddətli həbs cəzaları ilə üzləşir. Fərid Mehralızadənin işi bir daha nümayiş etdirir ki, tənqidi fikirləri olanlar absurd dərəcədə asanlıqla ölkədəki amansız repressiyalara tuş gələ bilirlər", – CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib: "Azərbaycan hökuməti COP29-dan əvvəl Mehralızadəni və bütün digər haqsız yerə həbs edilmiş jurnalistləri azad edə bilməsə, beynəlxalq qınaqla üzləşməlidir".
Mayın 30-da mülkigeyimlilər Mehralızadəni küçədə tutub başına torba keçirərək zorla maşına mindiriblər. Polis əməkdaşları onun evindən kompüterini, mobil telefonlarını və avtomobilini də müsadirə ediblər.
İyunun 1-də məhkəmə Mehralızadə barəsində həbs-qətimkan tədbiri seçib. O, korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinə qarşı valyuta qaçaqmalçılığı işi çərçivəsində ittiham olunub. Həm "AbzasMedia", həm də Mehralızadə onun bu nəşrlə əməkdaşlığını təkzib ediblər.
Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırırdı. Radionun vebsaytı Azərbaycanda bloklanıb. Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova CPJ-yə bildirib ki, o, jurnalistikasına və müstəqil mediaya müsahibələrində hökumətin siyasətini tənqid etdiyinə görə həbs olunub.
Avqustda hakimiyyət Mehralızadə və "AbzasMedia" jurnalistlərinə qarşı əlavə yeddi iqtisadi cinayət ittihamı irəli sürüb. Bu ittihamlar üzrə 12 ilədək həbs nəzərdə tutulur.
Azərbaycan 11-22 noyabrda COP29-a ev sahibliyi edəcək. Son bir ildə ölkədə Qərb donorlarından maliyyə vəsaiti almaqda ittiham olunan 14 jurnalist həbsə atılıb. Bütün bunlar Azərbaycanla Qərb arasında münasibətlərin geriləməsi fonunda baş verir.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret cinayətlərə görə saxlanıldığını deyir.
HRW: Hökumətlər mədən yanacağından istifadəni kəskin azaltmalıdır
COP29-a qatılan hökumətlər mədən yanacağından imtina yoluyla istixana qazlarının atmosferə atılmasının həcmini kəskin azaltmalıdır. İnsan haqlarını izləyən təşkilat – "Human Rights Watch" (HRW) öz bəyanatında bunu dilə gətirib.
Milli iqlim planlarının 1.5 dərəcəyə uyğunlaşdırılmasının önəmini vurğulayan həmin insan haqları qurumunun çevrə və insan haqları üzrə direktoru Riçard Pirshaus deyib ki, "kömür, neft və qaz hasilatının artması insan sağlamlığına zərər vurur, belə mədənlərə yaxın yaşayanların haqlarının pozulmasına gətirib çıxarır, çevrənin məhvini sürətləndirir".
O, 11-22 noyabrda Bakıda qlobal iqlim konfransına qatılacaq hökumətlərə səslənərək bildirib ki, iştirakçılar Azərbaycanın ev sahibliyindən yararlanaraq iqlim böhranının aradan qaldırılması və insan haqlarının qorunması istiqamətində səylərin arxa plana atılmasına imkan verməməlidir.
Azərbaycan prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev neft ölkələrinə "yararsız ev sahibləri" damğasının vurulmasını riyakar oyun adlandırıb. Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret cinayətlərə görə saxlanıldığını bildirir.
Koalisiya hökumətinin dağılması Almaniyada yeni seçkilərə yol açacaq?
Almaniyanın koalisiya hökuməti dağıldı. Olaf Şolts martda növbədənkənar seçkilər keçirmək üçün hökumətə güvən məsələsini parlamentdə səsverməyə çıxaracaq. AzadlıqRadiosu bu xəbəri yayarkən DW-nin bilgisinə dayanır. "İşıqfor koalisiyası" kimi tanınan hökumətə sosial-demokratlar, azad demokratlar və yaşıllar daxil idi.
Bir müddət əvvəl O.Şolts azad demokratlardan olan maliyyə naziri Kristian Lindneri istefaya göndərib. Buna azad demokratların iqtisadiyyata aid proqram sənədi səbəb olub. Koalisiya üzrə tərəfdaşların sərt tənqidinə məruz qalan sənəddə iqlim tələblərinin zəiflədilməsi ilə yanaşı, şirkətlərin vergi yükünün, subsidiya və sosial ödənişlərin azaldılması nəzərdə tutulurdu.
"Məntiqəuyğun, amma gərəksiz"
Lindner isə koalisiya hökumətinin dağılmasında Şoltsu günahlandırır. Növbədənkənar seçkilərin keçirməsini təklif edən sabiq nazir ölkənin 2024-cü il büdcəsini qəbul etməyə və seçkilərədək keçid hökumətində qalmağa razılığını vermişdi.
Yaşılları təmsil edən vitse-kansler Robert Habek maliyyə nazirinin istefaya göndərilməsini "məntiqəuyğun, amma gərəksiz" addım adlandırıb.
Növbədənkənar seçkilər baş tutmasa, indiki hökumət gələn il sentyabrın 25-dək hakimiyyətdə olacaq.
Almaniya prezidenti parlamenti iki halda buraxa bilər: Kansler deputatların dəstəyini itirəndə və Bundestaq səsvermə nəticəsində hökumətə güvənməyəndə. Almaniyanın müasir tarixində birinci hal baş verməsə də, ikinci hal üç dəfə gerçəkləşib: 1972-ci, 1983-cü və 2005-ci illərdə.