Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

'Şərq Tərəfdaşlığı'nın Azərbaycan üçün prioritetləri


Azərbaycan/AB
Azərbaycan/AB

Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramı növbəti işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün prioritetlərini dərc edib. "Bərpa, davamlılıq və islahat" başlığı ilə dərc olunmuş sənədin Azərbaycana aid hissəsində beş istiqamət əks olunub.

İşçi sənəddə iqtisadi diversifikasiyanın Azərbaycan üçün əhəmiyyətinə diqqət çəkilir. Sənəddə əksini tapmış istiqamətlərin bu ümumi məqsədə töhfə verəcəyi qeyd edilir. Bu istiqamətlərə xırda və orta biznesə birbaşa dəstək vasitəsilə dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyatın dəstəklənməsi, kənd ərazilərinin innovativ inkişafı, Bakı limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildir.

Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Müharibədən sonrakı bərpa

Sənəddə daha sonra Azərbaycanın Avropa Birliyinin (AB) strateji enerji partnyoru olmasına, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə və gələcəkdə genişləndirilməsi ehtimalına diqqət çəkilir. Bu dəhliz tullantısız yanacaq növü olan təbii qaz ötürücüsü olduğu üçün həm də yaşıl iqtisadiyyat konsepsiyası baxımından ciddi əhəmiyyət kəsb edir. Onun Avropa və qonşu regionların digər ölkələrinin tədricən karbonsuzlaşdırılmasında rol oynayacağı gözlənilir.

"Şərtlər imkan verən kimi Avropa Birliyi Cənubi Qafqazda müharibəsonrası bərpa və münaqişənin transformasiyasını dəstəkləməyə hazırdır. Bura minalardan təmizləmə, münaqişənin təsirinə məruz qalmış bölgələrin sosial-iqtisadi inkişafı, tarixi abidələrin qorunub saxlanması, bağlantı, sülhyaratma və barışıq işi də daxildir", – sənəddə deyilir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Yaşıl Bakı limanı

Yaşıl Bakı portuna dəstək sənəddə göstərilən birinci istiqamətdir. Qeyd edilir ki, Ələtdəki yeni Bakı portu qərb (Türkiyə və AB), cənub (İran və Hindistan) və şimalı (Rusiya və Şimali Avropa) birləşdirən nəqliyyat qovşağı, Xəzər dənizinin ən iri və ən məşğul portudur. Eyni zamanda, regionun ilk rəsmi ekoloji portu olan Bakı limanı AB tərəfindən dəstəklənir.

Qeyd edilir ki, bu istiqamət çərçivəsində limanın yaşıllaşdırılması və dayanıqlı qovşağa çevrilməsi işinə dəstək veriləcək. Bu təşəbbüs üçün ayrılan sərmayənin həcmi 10 milyon avro təşkil edəcək. Vəsait qrant, kredit, qarantiyalar və bunların qarışığı şəklində ayrılacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasi
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasi

Rəqəmsal nəqliyyat dəhlizi, iqtisadiyyata dəstək

Göstərilən ikinci istiqamət rəqəmsal nəqliyyat dəhlizinə dəstəyi nəzərdə tutur. Sənəddə deyilir ki, Azərbaycan istər şimal-cənub, istərsə də şərq-qərb dəhlizinə böyük sərmayə qoyub. Bura Bakı-Tbilisi-Qars dəmir yolu və yeni port da daxildir. Bu təşəbbüs çərçivəsində Azərbaycandakı nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırlmasına, o cümlədən peyk naviqasiya xidmətləri, yükdaşıma xərclərinin azaldılmasına yardım ediləcək. Bu istiqamət üçün ayrılan büdcə də 10 milyon avro təşkil edir.

Üçüncü istiqamət "Dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyata dəstək – 20 min kiçik və orta həcmli şirkətə birbaşa dəstək" adlanır. Sənədin bu hissəsində kiçik və orta biznesin yenilənə bilən enerji növləri, qeyri-neft sektoru, yaşıl rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya və məhsuldarlığın artırılması, dayanıqlı iş yerlərinin yaradılması işində əsas rol oynaya biləcəyinə diqqət çəkilir.

Kiçik və ortahəcmli şirkətlərin maliyyə vəsaitinə çıxışının təmin edilməsi, sahibkarlığın inkişafına dəstək, startaplara dəstək, biznes məsləhəti bu istiqamətin əsas komponentləridir. Bu təşəbbüs üçün 50 milyon avro vəsait ayrılıb.

Goranboylu fermer: 'Biz pomidoru 20 qəpiyə satmağa məcburuq, Bakıdasa 1 manatdı'
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Kənd təsərrüfatı

"Kənd ərazilərinin innovativ inkişafı" adlanan dördüncü istiqamətsə kənd təsərrüfatının inkişafı üçün maliyyə sahəsində əməliyyatları nəzərdə tutur. Bu təşəbbüsün əsas məqsədi kiçik və ortahəcmli fermaların, habelə qida biznesi ilə məşğul olan sahibkarların kreditlərə çıxışını təmin etməkdir. Qida təhlükəsizliyi standartları, dayanıqlı suvarma praktikaları, kənd ərazilərində dayanıqlı turizm və yaşıl inkişafı nəzərdə tutan sərmayələr bu təşəbbüsün əsas prioritetləri olacaq.

Bu təşəbbüs kənd təsərrüfatında balanslı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, rəqabətliliyin gücləndirilməsi, aqro-qida sektorunun dayanıqlığına investisiya qoyulmasını nəzərdə tutur. Bu istiqamət üzrə investisiyaların da həcmi 50 milyon avrodur.

Şuşa, Ağdam 'smart city'yə çevriləndə belə olacaq
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Daha ağıllı və yaşıl şəhərlər

Sonuncu, beşinci istiqamət "Daha ağıllı və yaşıl şəhərlər" adlanır. Sənəddə deyilir ki, AB və beynəlxalq maliyyə qurumları seçilmiş bölgələrdə enerji səmərəliliyini nəzərdə tutan ağıllı və yaşıl şəhərləri dəstəkləməyə hazırdır. Burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir. Bu təşəbbüs ölkənin daha az inkişaf etmiş bölgələrinə fokuslanacaq.

Qeyd edilir ki, "yaşıl şəhər" konsepsiyasının ən inkişaf etdiyi yer Gəncədir. Bu şəhərdə pilot layihə bərk tullantılar, şəhər işıqlandırılması, dayanıqlı ictimai nəqliyyat infrastrukturu (elektrikli tramvaylar) kimi sahələrə fokuslanacaq. Bu pilot layihəsindən sonra daha beş smart və yaşıl şəhər layihəsi üzərində işləmək nəzərdə tutulub. Sənəddə deyilir ki, növbəti şəhər Mingəçevir ola bilər. Bu istiqamət üçün ümumilikdə 20 milyon avro ayrılıb.

XS
SM
MD
LG