Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:46

Arif Əliyev: 'Əli Həsənov heç hara getməyib'


Arif Əliyev
Arif Əliyev

“2020-ci ildə 2019-cu ildən daha ümidliyik, amma suallar hələ çoxdur”.

AzadlıqRadiosuna müsahibə verən Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev Azərbaycan mətbuatının 145 illiyi ərəfəsində belə söyləyir.

Arif bəy, 22 iyulu hansı ovqatda qarşılayırsınız? Son bir il Azərbaycan mətbuatına necə yazıldı?

Kifayət qədər həyəcanlı il oldu. Hər halda tərpəniş var. 2020-ci ildə 2019-cu ildən daha ümidliyik, amma suallar hələ çoxdur.

Ümid doğuran səbəblər nədir? Bir də sualları bölüşə bilərsinizmi?

Ümid doğuran odur ki, 2020-ci ildə Azərbaycanın media mühiti 2019-cu ildən daha canlı görsənir. İstər rəngarənglik baxımından (son dövrlərdə bir neçə kütləvi informasiya vasitələri yarandı, düzdür, çoxu elektron KİV-dir), istərsə də oxucu fəallığı baxımından. Oxucu fəallığı xeyli artıb. Ola bilsin, bu, qismən koronavirusla, qismən də cəbhədəki gərginliklə bağlıdır, amma fakt budur ki, oxucu fəallığı artıb. Eyni zamanda jurnalistlərin özlərinə sual vermələri çoxalıb. Yəni, tənqidi element və düşüncə elementi xeyli artıb. Ümidlər bununla bağlıdır. Amma suallar və narahatlıq ondan ibarətdir ki, çox uzun illərin dərin durğunluğu nəticəsində mediada peşəkarlıq da xeyli dərəcədə aşağı düşüb, nəyinsə dəyişəcəyinə inam da xeyli dərəcədə aşağı düşüb. Bunları bərpa etmək olacaqmı? Bu, ciddi sual altındadır. Xüsusilə də indiki şərtlər daxilində. Gördüyümüz qədərilə, nə Azərbaycanın media siyasətində, nə də geniş mənada daxili siyasətində gözlənilən dəyişikliklər baş vermir.

Əli Həsənovun prinsipləri

Siz ümiddən danışanda yəqin eyni zamanda çoxları kimi prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifədən getməsini nəzərdə tuturdunuz. O vəzifədə olarkən mətbuata kuratorluq edirdi və onun hakimiyyətdən getməsi ilə, tənqidçilərin dediyinə görə, son illər təqiblərlə üzləşən, sıxışdırılan KİV-də durumun dəyişəcəyinə inam, ümid bəsləyənlərin sayı çoxaldı. Siz dəyişiklik olmadığını deyirsiz. Gözləntilər niyə doğrulmadı, sizcə?

Dəyişən o sahəyə rəhbərlik edən şəxslərdir. Amma təəssüf ki, mən başqa ciddi dəyişikliyə şahidlik edə bilmərəm. Bir də ilkin dövrdə bir neçə saytın bloku açıldı, bir neçə yeni KİV yarandı və s. Dəyişən ancaq budur. Bu da üzdə olan dəyişikliklərdir, təəssüf ki, bunlar dərin qatlara keçməyib. Yəni, ölkənin media siyasətində dəyişiklik baş verməyib. Media siyasəti deyəndə biz çox mücərrəd bir şey düşünürük. Amma söhbət ondan gedir ki, müxtəlif üsullarla KİV-lərə dövlət tərəfindən nəzarət saxlanılırmı, yoxsa onlara azadlıq verilir? Media idarəçiliyi demokratik əsaslarla qurulub, yoxsa tabeçilik əsasları ilə? Bax, burda ciddi dəyişiklik yoxdur. Təəssüf ki, media ilə bağlı dövlət qurumları, yəni istər KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun, istərsə də Mili Teleradio Şurasının rəhbərlərinin dəyişməsindən sonra bu qurumlar yeni həyat nişanələri göstərmirlər. Düzdür, MTRŞ bu sahədə daha fəaldır, çox maraqlı araşdırma aparılıb, bəzi qərarlar verilib. Amma təəssüf ki, KİV-ə Dəstək Fondu faktiki olaraq Əli Həsənovdan qalma prinsiplərlə eyni fəaliyyətini davam etdirir. İnam olmayan yerdə nəyisə dəyişmək çox çətin olur. Söhbət bir illik, iki illik xəstəlikdən getmir. Söhbət 20 illik çox dərin böhrandan gedir. Həkimlərin yaxşı ifadəsi var ki, istənilən xəstəlik anormal sistemə, anormal şəraitə bədənin normal reaksiyasıdır. Sistemin, situasiyanın özünün anormallığı bu xəstəliyə gətirib çıxarır.

Əli Həsənov
Əli Həsənov

Sizcə, hətta yeni rəhbərlik zamanında belə dəyişmədiyini dediyiniz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qalmalıdırmı? Bir çoxlarının fikrincə, ötən təcrübə onun KİV üçün faydalı olmadığını göstərdi və yaxınlarda bu qurumun keçmiş rəhbərinin fəaliyyəti ilə bağlı cinayət işi də başlandı. Düzdür, hələlik, istintaq davam edir, ittihamlarla bağlı məhkəmə qərarını gözləmək lazımdır. Amma təcrübə nə deyir?

Adi açarla göz də çıxarmaq olar, qapı da açmaq. Açarla kimsə göz çıxarırsa, biz hazır strukturları ləğv etməli deyilik, bununla heç nə əldə etməyəcəyik. Əlbəttə, Fond xüsusən də medianın iqtisadi cəhətdən tamamilə çökdürüldüyü bir vaxtında böyük rol oynaya bilər. Bizim yayım sistemimiz çökdürülüb, bizim reklam bazarımız və infrastrukturumuz çökdürülüb. Bizim çap imkanlarımız çökdürülüb, “Azərbaycan” nəşriyyatı bilmirsən nə yuvasına çevrilib. Bunları bərpa etməkdən ötrü vəsait lazımdır, ya yox? Həmin vəsaiti KİV-lər indiki şəraitdə özləri təmin edə bilər? Yox, edə bilməz. Sadəcə, bu vəsaiti xeyrə işlətmək lazımdır. Həmin vəsait kimlərinsə səsini çıxarmasın deyə ya qəzetinin, ya strukturun saxlanılmasına xərclənməməlidir. Buna görə ağılla düşünüb plan hazırlamaq, onu həyata keçirmək lazımdır. Yoxsa ki hazır strukturu ləğv etmək lazım deyil. Nə zamansa bərpa prosesi başlayanda bunları yenidən qurmalı olacağıq. Əli Həsənovun vaxtında jurnalist təşkilatları hamısı çökdürüldü. Birinin hesabı bağlanıb, birinin fəaliyyəti dayandırılıb, biri ləğv edilib, “Yeni Nəsil”dən, Bakı Mətbuat Klubundan tutmuş Azərbaycan Jurnalistlər Birliyinə qədər bütün fəal təşkilatları nəzərdə tuturam. Axı, bu təşkilatlar lazımdır, jurnalist həmrəyliyi üçün lazımdır. Ona görə axsaq vəziyyətə salınmış, qılçaları qırılmış qurumları bərpa etmək lazımdır. Sadəcə, bunları yaxşı işlətmək lazımdır, jurnalistikanın xeyrinə işlətmək lazımdır. Bir çox ölkələr bu strukturu yenidən yaratmağa girişiblər, o cümlədən Qafqaz ölkələri. Biz bunları işlədə bilmirik deyə bağlamaqla nə qazanacağıq?

Heç nə dəyişməyib

Arif bəy, 22 iyul yaxınlaşdıqca fəxri ad, mənzil verilməsi gündəmə gəlir, bəzi jurnalistlərin bu məqsədlə yarışa girdiyini görürük. KİV-in İnkişafina Dövlət Dəstəyi Fondu da bu işdə bir vasitəçidir. Bu mənzərə son illər heç dəyişmir...

Dəyişə də bilməz. Xəstəlik anormal şəraitə bədənin reaksiyasıdır. Bu anormal şəraitdə, ev paylanan şəraitdə 9-10 minlik jurnalist qrupunun içində deyirsiz 6 min davaya qalxan tapılmayacaq? Əlbəttə, tapılacaq. Əli Həsənov heç hara getməyib. O, sadəcə, vəzifədən gedib. Amma onun idarəçilik sistemi, trollardan tutmuş mənzillərə, mükafatlara qədər, yardımların oturub bölüşdürülməsinə qədər hamısı öz yerindədir.

Yəni sistem yerindədir?

İnformasiya siyasətində, media idarəçiliyində ciddi dəyişiklik yoxdur. Ümid vardı, çünki ilkin cəhdlər, ilkin suallar buna yönəlmişdi. “Nəyi dəyişməliyik, nə cür olmalıdır” deyə yazılar çıxdı. Məsləhətlər, təkliflər oldu. Müəyyən dövrdən sonra hər şey yerində qaldı. Mən düşünürəm ki, bir neçə səbəb oldu. Əlbəttə, koronavirusun da buna təsiri oldu, bütün diqqət başqa istiqamətə yönəldi. Amma geriyə çəkilmə baş verdi. Bu, mənə 1992-ci il parlamentinin vəziyyətini xatırladır. AXC hakimiyyətə gələndə hamı deyirdi ki, parlament dəyişdirilsin, yenidən seçilsin. Bir neçə ay sonra düşündülər ki, parlamentdir də, dili yox, ağzı yox, niyə dəyişək? İndi də baxdılar ki, niyə dəyişsinlər? Mağmın bir jurnalistikadır, oturub yardım gözləyir, balaca-balaca strukturlardır, biz bunu niyə möhkəmlədək, niyə başımıza oyun açaq? Bu dəfəki yanaşma tərzi, bu qorxu üstün gəldi. Bir qədər naməlum, bir qədər qeyri-stabil situasiyanın da gərginliyini müşahidə edirik. Bütün bunlar ona gətirdi ki, proses dayandı.

Jurnalistləri ələ almaq siyasəti

Fondun ləğvini istəmirsiniz. Amma ev, mənzil, ad verilməsinə son verilməlidirmi? Bir də bugünlərdə jurnalistlərdən bir təklif gəldi ki, onlara tikilən bina koronavirusla mübarizə aparan həkimlərə verilsin. Siz bu haqda nə düşünürsüz?

Hələ ev söhbəti ortaya çıxanda mən birinci çıxış edərək demişdim ki, bu mahiyyət etibarilə jurnalistləri ələ almaqdan başqa bir şey deyil. Bu sosial yardım və sosial qayğı deyil. Sosial qayğı institusional şəkildə həyata keçirilir, elə bir prinsip ortaya qoyulur ki, bütün jurnalistlər bundan istifadə edə bilsin. Məsələn, Fonddan jurnalistlərin nəqliyyat xərcləri ödənə bilərdi. Amma mənzil praktikası çox kobud praktikadır. Kimdənsə mənzil alan jurnalist onun üstünə yeriyə bilməz. Mənzili əlil, cəbhədə həlak olan və s. jurnalistlərə, ailələrinə vermək olardı. Ayrı-ayrı fərdləri seçib mükafatlandırmaq siyasəti davam etdikcə onun uğrunda dava aparan jurnalistlərin sayı kifayət qədər olacaq. Jurnalistlərə demək ki, “ağıllı olun, sənətinizi yüksək tutun” bunlar əbəsdir. O baxımdan da dövlət mükafatları. Beynəlxalq, professional jurnalistika bu suala çoxdan cavab verib: jurnalist nə qədər ki, əlində qələmi, kamerası var, heç kimdən pay almamalıdır. Aldımı qələmini, kamerasını yerə qoymalıdır, vəssalam.

Sizcə, bu günkü halda kamera, qələm yerə qoyulmalıdır, ya yola davam edilməlidir?

Bu sual ritorik səsləndi. Yola davam etməlidir, başqa yol yoxdur. Jurnalistika bəşəriyyətin tarix boyu hakimiyyətə nəzarət üçün yaratdığı ən real, ən güclü ictimai institutdur. Təəssüf ki, bizdə mahiyyəti dəyişib, ona görə də funksiyalarını yerinə yetirə bilmir. Sadəcə, biz onun funksiyalarını, təbiətini, fəlsəfəsini Azərbaycan jurnalistikasına qaytarmalıyıq. Çətin də bir şey deyil, potensial var.

XS
SM
MD
LG