Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:28

«İlham Əliyev 103 faiz səs yığa bilərmi?»


«Bu seçkini nə Vaşinqton tənqid edəcək, nə də Avropa Birliyi»
«Bu seçkini nə Vaşinqton tənqid edəcək, nə də Avropa Birliyi»
«Türkish Daily News» zarafatla yazır ki, İlham Əliyevin seçkini udub-udmayacağı maraqlı sual deyil.
Keçən seçkidəki 76 faizdən çox səs yığıb-yığmayacağı da maraqlı deyil. Maraqlı olan budur - İlham Əliyev 103 faiz səs yığa bilərmi?
Qərbin informasiya agentliklərinin Azərbaycandakı prezident seçkisindən verdiyi məlumatlarda bir ümumi fikir var - həqiqi müxalifət seçkini boykot etdiyinə görə, seçki real olaraq alternativsizdir. İndiki prezident İlham Əliyev bu rəqabətsiz seçkini udacaq.
Seçkiyə 400 müşahidəçi göndərmiş ATƏT-dən «Assoşeyted Press»ə deyiblər ki, sıravi seçiciyə real seçim imkanı verilmədiyinə görə, onlarda bu seçkiyə maraq azdır. Agentlik xatırladır ki, ATƏT hələ seçkidən qabaq seçki prosesindəki əngəllərə görə, Azərbaycan hökumətini tənqid etmişdi. Məsələn, bu tənqidlərdən biri müxalifətin mitinqlərinə imkan verilməməsi ilə bağlı idi.
«Assoşeyted Press» yazır ki, Azərbaycanda bir çoxlarının fikrincə, hakimiyyət seçki yolu ilə formalaşmır, yəni demokratiya deyil, daha çox monarxiyadır.
Bakıda Vüqar adlı bir nəfər «Assoşeyted Press»ə deyib ki, «bu, seçki yox, şoudur. Hər 5 ildən bir ortaya yeni adamlar çıxarırlar, ancaq heç kim bilmir ki, onlar kimdir». «Bəs şou kimin üçündür?» Vüqar deyir ki, «Azərbaycanda heç kimin vecinə deyil. Bu şou Avropa Birliyi və Amerika üçündür».
Seçkini boykot edən müxalifət Qərbi günahlandırır ki, Azərbaycanda demokratiyanın əzilməsinə görə, iqtidara təzyiq etmir, demokratiyanı sabitliyə və neftə qurban verir.
Almaniyanın «DPA» Agentliyi isə yazır ki, Əliyevlərin 40 illik hakimiyyət sülaləsi 5 il də uzanacaq. Agentliyin fikrincə, daha çox apatiya doğuran bu seçkilə bağlı beynəlxalq aləmdə yalnız bir sual var - yenidən prezident seçiləcək İlham Əliyev Vaşinqtonla Moskva arasında tarazlığı necə qoruyacaq? Bu sual Gürcüstanla Rusiya arasında hərbi münaqişə fonunda daha kəskin şəkildə durur.
«Frans Press» isə yazır ki, strateji neft-qaz ölkəsi Azərbaycan Əliyevlərin hakimiyyətində qalır. Və eynilə «DPA»nın söylədiyi fikirləri təkrarlayır ki, bu seçkilə bağlı yeganə qaranlıq qalan odur ki, İlham Əliyev Moskva ilə Vaşinqton arasında - bu təlatümlü sularda Azərbaycan gəmisini necə idarə edəcək?
Keçən prezident seçkisində İlham Əliyevin əsas rəqibi olmuş, indi isə seçkini boykot edən İsa Qəmbər «Frans Press»ə deyib ki, «bu, İlham Əliyev rejiminin seçilməsinin imitasiyasıdır. Demokratiya istəyənlərin hamısı seçkiləri boykot edir».
«Frans Press»in müxbiri seçicilərə sual verib - onlar kimə və niyə səs verirlər? Fəridə adlı bir pensiyaçı agentliyə deyib ki, İlham Əliyevə ona görə səs verir ki, o, atası Heydər Əliyevin yolunu davam etdirir. 18 yaşlı Samir adlı seçici isə deyib ki, «kimə səs verəcəyini bilmir, çünki namizədlər arasında yeganə tanıdığı İlham Əliyevdir, ona isə səs vermək istəmir. Kiminsə adının qabağına quş qoymaq xatirinə seçkiyə getməyə isə dəyməz».
«Frans Press» İlham Əliyev haqda yazır ki, o, 5 il əvvəlki seçkidən daha güclüdür. Çünki bu 5 ildə müxalifəti əzib. Heydər Əliyev onu öz yerinə qoyanda, müxalifətdəkilərin çoxu fikirləşirdi ki, İ.Əliyev hakimiyyətdə çox qala bilməyəcək. İlham Əliyev onların yanıldığını sübut etdi.
«Eurasia View» isə yazır ki, Bakıda seçkidən qabaq bir çox adamdan soruşublar ki, seçkiyə gedəcəklərmi? Əsasən gənclər cavab veriblər ki, hələ bilmirlər. Onların gətirdiyi izah isə bu olub ki, əmin deyillər ki, səsləri saxtalaşdırılmayacaq.
«Türkish Daily News» güman edir ki, bu seçkini nə Vaşinqton tənqid edəcək, nə də Avropa Birliyi. Çünki hazırda Azərbaycanı öz tərəfinə çəkməkdə Qərblə Rusiya arasında mübarizə gedir. Qərb ehtiyat edəcək ki, seçkinin tənqidi Azərbaycanı Rusiya tərəfə itələyə bilər.
XS
SM
MD
LG