Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:43

Müxalifət referendumla bağlı yeni hərəkat yaratdı


Yanvarın 9-da müxalifət partiyaları və vətəndaş cəmiyyəti institutları bir araya gələrək 18 mart referendumunu müzakirə etdilər
Yanvarın 9-da müxalifət partiyaları və vətəndaş cəmiyyəti institutları bir araya gələrək 18 mart referendumunu müzakirə etdilər
Yanvarın 9-da müxalifət partiyaları və vətəndaş cəmiyyəti institutları bir araya gələrək 18 mart referendumunu müzakirə etdilər. Referendumda əks təşviqat işini təşkil etmək üçün bir və ya bir neçə təşəbbüs qrupunun yaradılması məsələsi fikir ayrılığına səbəb oldu. Müsavat başqanı İsa Qəmbər bildirdi ki, bir neçə təşəbbüs qrupunun yaradılması daha məqsədəuyğundur:
«Hakimiyyət tutaq ki, Müsavatın yaratdığı təşəbbüs-təşviqat qrupunu qeydə almadı. Gəlib sizə qoşulub sizinlə işləyərik. Sizi qeydə almasa, siz gəlib bizə qoşularsınız. Digər tərəfdən, bir neçə təşviqat qrupunun yaradılması daha çox imza toplanılması və bununla da daha çox adamla işlənilməsi deməkdir. Həmçinin bir neçə dəfə artıq efir vaxtı əldə etmək olar bununla».
İsa Qəmbərdən fərqli olaraq digər partiyalar, eləcə də çıxış edən bəzi QHT təmsilçiləri hesab etdi ki, hamı yığışıb ümumi bir təşəbbüs qrupu yaratmalıdır. Belə olsa, qrupun Mərkəzi Seçki Komissiyasında qeydə alınması məsələsində problem yaranmayacaq. AXCP sədri Əli Kərimli:
«Azadlıq blokunun 2005-ci ildə böyük uğur qazanmasının səbəbi 116 namizəd verib 250 min imza toplaması deyildi. Hamı etiraf edər ki, bizi populyar edən o zaman 3 partiyanın birləşməsi olmuşdu. Məhz bu, cəmiyyətə stimul vermişdi. Əsas məsələ budur. Bizim indi 40 və ya 80 min imza toplamağımız yox».
Uzun müzakirələrdən sonra yığıncaq jurnalistlərin iştirakı olmadan davam etdirildi. Təxminən saat yarımdan sonra hüquq müdafiəçisi Leyla Yunus hamının adından mətbuata açıqlama verib dedi ki, toplantı «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» yaradılmasına qərar verdi:
«Təşəbbüs qrupunun və ya qruplarının yaradılması, onların iclaslarının keçirilməsi, imza toplanması məsələləri gələn həftənin 3-cü gününə kimi həll olunmalıdır».
Beləliklə, ümumi təşəbbüs qrupu yaratmaq məqsədilə keçirilən forum yalnız müxalifətin, vətəndaş cəmiyyəti institutlarının və ziyalıların hərəkatını yaratmağa nail oldu.
Bu il martın 18-də ölkədə Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcək. Bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən normanın dəyişdirilməsi təklifi müxalifətin narazılığına səbəb olub.
Müxalif düşərgədə dəyişikliklərin həm də Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün real təhlükə yaratdığı fikrindədirlər.
Artıq Yeni Azərbaycan və Müsavat partiyaları referendumla bağlı təşəbbüs qrupları yaradıblar.
XS
SM
MD
LG