Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:34

Böhran xaricdəki neft pullarını batırmayıb


Şahmar Mövsümov deyir ki, Azərbaycan böhrandan çıxa bilib
Şahmar Mövsümov deyir ki, Azərbaycan böhrandan çıxa bilib
Azərbaycanın Neft Fondu qlobal maliyyə böhranında xaricdəki vəsaitlərini nəinki itirib, əksinə, ondan pul qazanıb.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyir ki, keçən il neft gəlirlərinin idarə olunmasından əldə edilən orta çəkili gəlirlilik təqribən 3,8 faiz olub. Amma valyuta məzənnələri nəzərə alınmamaqla. Halbuki, Azərbaycanın neft pulları əsasən xaricdə yerləşdirilib. Dünyada isə keçən ilin axırları maliyyə böhranı ilə yadda qaldı.

Ş.Mövsümov deyir ki, Azərbaycan böhrandan çıxa bildi:

«Bizim düzgün, konservativ və diversifikasiyalaşdırılmış siyasətimiz nəticəsində belə nəticə əldə etdik. Bəzi istiqrazlar üzrə biz itirdik, bəziləri üzrə qazandıq. Nəticədə bizim 300 milyon dollara yaxın təmiz mənfəətimiz olub».

Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban isə deyir ki, bu, Neft Fondu üçün yaxşı göstəricidir, çünki məsələn, Küveyt Fondu dünya maliyyə böhranında 30 milyard dollar pul itirdi.

İ.Şaban deyir ki, Neft Fondunun uğuruna səbəb odur ki, qurum əsasən risk etmir:

«Biz konservativ yol tutmuşduq, çalışırdıq ki, daha riskli əməliyyatlara pul yatırmayaq. Kiçik faizlilik dərəcəsi ilə maliyyə böhranından qurtulduq».

İlham Şaban deyir ki, hökumətin belə - «azacıq aşım, ağrımaz başım» siyasətini bəyənir.

Amma ictimaiyyətə təqdim olunan indiki rəqəm hələ ki, audit yoxlamasından keçməyib. İlham Şaban deyir ki, Dövlət Neft Fondunun audit yoxlamalarının sifarişçisi Fondun özü olur. Odur ki, ekspertin fikrincə, şübhələnməyə həmişə əsas var.

Neft Fondunun məlumatına görə, indi Azərbaycanın neft pulları əsasən istiqraz şəklindədir, cəmi 2 faizi səhmlərdədir. Fondun arqumentinə görə, bu da onu dünya maliyyə böhranından qoruyan səbəblərdən biridir. Çünki kəskin ucuzlaşma əsasən səhm bazarındadır.

Amma İqtisadi Bloqqerlər Mərkəzinin sədri Natiq Cəfərli deyir ki, Neft Fondunun vəsaitlərin idarə olunmasından gəliri çox azdır - 3,8 faiz gəlirlilik aşağı göstəricidir. Dünyada bu idarəolunma üzrə minumum göstərici 7-8 faiz olmalıdır. Üstəlik, Natiq Cəfərli deyir ki, Neft Fondunun vəsaitlərinin necə idarə olunması barədə məlumatlar açıq deyil deyə, təqdim olunan rəqəmlərdən şübhələnməyə əsas var:

«Əlimizdə analiz üçün məlumat yoxdur ki, Neft Fondunun vəsaitləri konkret hansı banklarda, ya da hansı istiqrazlarda yerləşdirilib. Neft Fondu bu barədə dəqiq məlumatları açıqlamır. Odur ki, biz müqayisə əsasında bu məlumatları təhlil edib nəticə çıxara bilmirik. Çox ciddi analizə ehtiyac var ki, o pullar hansı şərtlər altında, harada yerləşdirilib».

Amma Natiq Cəfərli də hesab edir ki, hökumətin az riskli siyasəti səmərəsini verib.

Dünya Bankının suveren investisiyalar əməkdaşlığı üzrə departamentin direktoru Cenifer Conson Kalari də «Azadlıq» radiosuna deyib ki, Neft Fondu böhran vaxtı pulları yaxşı idarə etdi. Amma Kalari deyir ki, indi artıq daha çox gəlir haqda fikirləşmək lazımdır. O, təklif edir ki, pulları daha riskli, amma daha çox gəlir gətirəcək səhm bazarına yerləşdirmək olar.

Dövlət Neft Fondu hələlik bu təklifi müzakirə edir.

Bu ilin yanvarın 1-ə olan məlumata görə, Dövlət Neft Fondunun aktivləri təqribən, 8,9 milyard manatdır.
XS
SM
MD
LG