Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:27

«Əbiyev öldürülən müavini ilə bağlı suallardan yayındı»


Müdafiə naziri Səfər Əbiyev
Müdafiə naziri Səfər Əbiyev
«Yeni Müsavat»: General-leytenant Rail Rzayevin qətlindən 16 gün keçdi. Lakin qətllə bağlı bu günədək heç kim saxlanılmayıb. Cinayətin motivləri də naməlum olaraq qalır. General Rzayevin qətlindən sonra diqqətçəkən bir məqam da nazirlərin onun yas mərasiminə qatılmaması olmuşdu. Yayılan xəbərlərə inansaq, R.Rzayev öldürülməzdən bir müddət əvvəl müxtəlif dövlət postlarını tutan generallara xitabən şəxsi fikirlərini səsləndirib. Məsələn, deyib ki, həmin generallar böyük vəzifələr tutsalar da, onun səviyyəsinə qalxa bilməzlər. Səbəb kimi isə özünün bütün hava məkanını nəzarətdə saxlamasını göstərib.

Dünən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxladıq. Xidmət rəhbəri nazir Səfər Əbiyevin fevralın 25-də ölkəyə qayıtdığını və qətldən sonra onun mərhumla bağlı bütün işləri milli adət-ənənəyə uyğun olaraq şəxsən yerinə yetirdiyini dedi. E.Sabiroğlu S.Əbiyevin general Rzayevin məzarını ziyarət etməsinə dair sualı da «nazir Rzayevin qətlindən sonra onunla bağlı bütün işləri milli adət-ənənəyə uyğun olaraq şəxsən yerinə yetirib» deməklə cavablandırdı.

«Bəs Müdafiə Nazirliyi general Rzayevin qətlini icra edən və sifarişçi barədə hər hansı məlumat verən şəxslərə mükafat verəcəkmi» sualına E.Sabiroğlu belə cavab verdi: «Biz hadisə ilə bağlı istintaq aparan qrupa inanırıq, ona görə də kiməsə mükafat təyin etmək, pulla kimisə həvəsləndirib guya ki, bu cinayətin üstünü açmaq fikrindən uzağıq. İstintaq qrupu çox ciddi iş aparır və bizdə böyük əminlik var ki, cinayətkarlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. Biz hüquq-mühafizə orqanlarına arxayınıq, pula yox. Dünyanın çox hissəsində ayrı-ayrı işlərə görə təyin edilən pul mükafatı heç nəyi dəyişməyib».

«Yeni Azərbaycan»: «Respublikada türkdilli verilişlərin, filmlərin yayımlanmasına qoyulan qadağa Azərbaycanla Türkiyə arasındakı mövcud münasibətlərə heç bir təsir göstərə bilməz».
Bu barədə SİA-ya eksklüziv açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli fikir bildirib. N.Məhərrəmli iki ölkə arasında iqtisadi, siyasi, mədəni, ticarət və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Bəzi müxalifət nümayəndələri və beynəlxalq təşkilatlar tərəfindən ajiotaj yaradıldığını deyən N.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan Respublikası müstəqil dövlətdir və öz siyasətini özü müəyyənləşdirir.

«525-ci» qəzet: ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 26-da Azərbaycanın Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri, qarşı tərəfdə isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri keçirməli idi. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünən saat 12.00-da monitorinqə start verilib və hər iki tərəfdə olan nümayəndələr müşahidələrə başlayaraq, vəziyyətlə bağlı bir-birləri ilə radio əlaqəyə giriblər.
Bu vaxt erməni tərəfdən avtomat silahla iki dəfə tək-tək, sonra isə aramsız atəş açılıb. Daha sonra isə bir dəfə tək atəş açılıb və avtomatların səsi kəsilib. Həmin atəşlərin Azərbaycan tərəfdə olan monitorinq qrupuna yönəldiyi aydın görünüb. Beynəlxalq monitorinq qrupunun nümayəndələri də güllə vıyıltılarından atəşin onlara yönəldiyini açıq hiss ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik monitorinqi dərhal dayandırmaq barədə göstəriş verib.

«Üç nöqtə»: ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlanıb. Azərbaycanla bağlı hesabatda deyilir ki, ölkədə insan haqlarının vəziyyəti pis olaraq qalır, bəzi sahələrdə isə daha da pisləşib.
Deputat Fazil Mustafa sənədə münasibətini bildirib: «Təbii ki, mən Azərbaycanda insan haqlarının pozulmadığını iddia eləmirəm. Belə hallar var. Amma müqayisədə Ermənistanın üzərinə bu qədər gedilməməsi, güzəştli mövqe tutulması bunun məqsədyönlü xarakter daşıdığını göstərir». Böyük Quruluş Partiyasının sədri hesab edir ki, Amerika Birləşmiş Ştatlarının özünün İraqda törətdiyi cinayətlər kifayət qədər dünyaya bəllidir. «Bu cinayətləri törədənlərin başqa dövlətdə demokratiyadan bəhs etməsi qeyri-səmimidir. Gərək, özün təmiz olasan ki, başqasına da irad bildirəsən. Mən bu hesabata müsbət yanaşmıram».
XS
SM
MD
LG