Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:32

Çeçenistanda yad kişi ilə dolaşan qadınları güllələyirlər


Çeçenistan -- Rusiyanın baş naziri Vladimir Putin (sağda) Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovla danışır. Qroznı,16 oktyabr 2008
Çeçenistan -- Rusiyanın baş naziri Vladimir Putin (sağda) Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovla danışır. Qroznı,16 oktyabr 2008

Bundan sonra Çeçenistanda çöldə kişilərlə dolaşan qadınları gülləyəcəklər. Həm də yanlarındakı kişilərlə birlikdə. 32 yaşlı Çeçenistan prezidenti bugünlərdə paytaxt Qroznıda jurnalistlərlə söhbətində belə deyib.

Bu yaxınlarda Çeçenistanda yeddi cavan qadını gülələyərək yol kənarına atıblar. Kadırov deyir ki, onlar yüngül əxlaqlı qadınlar olublar və öz yaxınları namus üstündə onları güllələyib.

Onsuz da namus üstündə qətllərin geniş yayıldığı Çeçenistanda indi bir yandan da prezident bu cür cinayətləri həvəsləndirir. O həm də ölkədə şəriət qaydaları tətbiq edir.

Prezident Kadırov Qroznıda səsvermə məntəqəsi qarşısında rəqs edir. Qroznı, 02 mart 2008

Prezidentin tapşırığı ilə bütün qadınlar artıq çölə-bayıra başıörtülü çıxırlar. Hətta qız uşaqları məktəbə başıbağlı gəlməlidirlər.

Çoxları könülsüz də olsa bu qaydalara əməl edirlər. Amma etiraz edənlər də var. Adının çəkilməməsi xahiş edən 20 yaşlı çeçen qız İnternational Herald Tribun qəzetinin müxbirinə deyib ki, etiraz olaraq Qroznıda bazara başıaçıq gedir. Bəzi qızlar isə ictimai yerlərə başıaçıq çıxsalar da hər ehtimala qarşı çantalarında baş örtüsü də gəzdirirlər.

Qəzeti yada salır ki, Çeçenistan Rusiyanın bir hissəsidir. Rusiyanın Konstitusiyasında din dövlətdən ayrıdır, bu ölkənin qanunlarına görə namus üstə qətllər cinayətdir. Amma Moskva 32 yaşlı Kadırovun əməllərini görməzdən gəlir. Hərçənd ki, məsələn, yeddi cavan qadının güllələnib yol kənarına atılmasına görə cinayət işi açan Rusiya prokurorluğu qətldə qadınların yaxınlarının əli olması barədə prezidentin dediklərini inkar edir. Amma hələlik bu cinayətə görə həbs olunan yoxdur.

İnternational Herald Tribune yazır ki, ola bilər sərt şəriət qaydaları tətbiq edən Kadırov əksəriyyəti müsəlman olan Çeçenistanda öz hakimiyyətini möhkəmlətməyə çalışır.
Ölkədəki qiyamçı islamçı yaraqlılar da şəriət tərəfdarı olduqlarından Kadırovun indiki əməlləri həmin islamçıların arqumentlərini əllərindən alır. Moskva həm də özünün müdafiə etdiyi Kadırovun Çüçünistanda mümkün qədər daha çox güclənməyində maraqlıdır.

Ramzan Kadırov Moskva Hippodromunda, 17 avqust 2008

Yeddi qadının güllənəməyinə prezidentin dəstəyi isə Çeçenistandakı insan haqlarını müdafiə fəallarını təşvişə salıb. Qroznıdakı insan haqları fəallarından olan Nataliya Estemirova qəzetə bildirib ki, prezidentin dəstəyi başqalarını da bu cinayətə həvəsləndirəcək. Həmin yeddi qadına gəldikdə hüquq müdafiəçisi onların namus üstündə öldürüldüklərinə inanmır. O bildirir ki, qadın namus üstündə öldürüləndə həmin qadının hərəkətlərini ailəyə biabırçılıq hesab edən yaxınları qətli mümkün qədər gizli saxlamağa çalışırlar. Qətlə yetirilən qadınlardan ikisinin hər birinin iki uşağı olan evli qadınlar olublar. Qətldən sonra ərləri onlar üçün yas mərasimi də təşkil edib onları ailə qəbirstanlığında dəfn ediblər.

Ramzan Kadırovun kimliyi haqqında qısaca onu qeyd edək ki, 32 yaşlı bu cavan oğlana hakimiyyət atasından miras qalıb. Atası Əhməd Kadırov 1994-1996-cı illərdə Çeçenistanın müstəqilliyi uğrunda vuruşan komandirlərdən olub. Amma 1999-cu ildə o, mövqeyini dəyişərək Moskvanın tərəfini saxlayıb. Həmin vaxt Ramzan da atasının təhlükəsizlik qüvvələrinə rəhbərlik edib. Bu dövrdə onun adı bir sıra qətllərdə, işgəncələrdə hallanıb.

2004-cü ildə atası qətlə yetiriləndən sonra Ramzan Kadırov o zaman prezident olan Vladimir Putinin himayəsi ilə hakimiyyət başına keçib.

XS
SM
MD
LG