Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:06

Referendumdan sonra sosial siyasət necə olacaq?


Beləliklə, ölkə müəmmalı bir zolağa qədəm qoyur
Beləliklə, ölkə müəmmalı bir zolağa qədəm qoyur
Hakim partiya həmişə olduğu kimi bu dəfə də niyyətini həyata keçirə bildi. Azərbaycanda avtoritarizm bir qədər də oturuşdu. Maraqlıdır ki, hakim partiya öz niyyətini gizlətmir. Hələ bir neçə il bundan əvvəl YAP-çı deputatlardan biri demişdi ki, lazım gələrsə, Konstitusiyanı dəyişərik. Dedilər və həqiqətən də dəyişdilər. Görünür, bu hələ son niyyət deyil. Kim təminat verə bilər ki, növbəti dəfə dəyişiklik olmayacaq, monarxiya hüquqi cəhətdən tam rəsmiləşdirilməyəcək?

İnsanlar isə indi gələcək siyasət, daha çox sosial-iqtisadi vəziyyət haqqında fikirləşirlər. Hakimiyyətinin ilk beş iliyində prezident yüz minlərlə iş yerinin açıldığını deyir, hətta ölkədə işçi qüvvəsinin çatışmayacağını bəyan edirdi.

İnsanları birinci növbədə ehtiyac əsarətindən qurtarmaq lazımdır. Daim ehtiyac hiss edən insanın demokratiya və azadlıq haqqında fikirləşməyə heç vaxtı da olmur. Bəlkə də bu da təsadüfi deyil, hakimiyyət bunu bilir və insanları həmişə «məişət əsarəti»nin çərçivəsində saxlamaq istəyir
İndi isə işsizlik kütləvi xarakter daşıyır. Kiminlə rastlaşırsan işsiz qaldığını deyir. Cəmiyyətin neftdən qazancı ancaq mövsümi iş yerlərinin açılması idi.
Hakimiyyət böyük layihələr həyata keçirirdi, bununla da müəyyən qədər işsizlik azalırdı. Artıq «neft bumu» başa çatıb. Böyük layihələr üçün elə bir perspektiv qalmayıb. Düzdür, Xəzər dənizinin üstündən körpü çəkiləcəyi, hətta dənizdə kiçik şəhərcik salınacağı haqda söhbətlər gəzir. Belə layihələrin ölkə üçün nə qədər zəruri olub-olmaması bir tərəfə, amma bütün bunlar hələlik fərziyyədir.

İnsanların sosial vəziyyəti isə pisləşməkdə davam edir. Hakimiyyət hələ qlobal böhrana düzgün münasibət bildirməyib, ondan çıxmaq üçün yollar fikirləşməyib. Əvvəlcə deyirdilər ki, iqtisadi böhranın Azərbaycana heç bir təsiri olmayacaq, indi isə buyururlar ki, böhranı biz yaratmamışıq ki!
Bu yaxınlarda hökumət Milli Məclisdə guya hesabat verdi. Müzakirədə fikrini bildirmək üçün azsaylı müxalifətçi deputatlara imkan vermədilər.
Bu, təkcə hökumətin hesabatı ilə bağlı deyil. Demək olar ki, istənilən ciddi məsələlərin müzakirəsi zamanı belə hal təkrar olunur. Əvvəllər heç olmasa demokratiyanı imitasiya edir, onlara da danışmaq, müzakirələrdə iştirak etmək üçün vaxt verirdilər. Bu, hakimiyyətə demokratik parlament görüntüsü yaratmaq üçün lazım idi. İndi hakimiyyət hətta buna da ehtiyac duymur. Əslində böhran vaxtı hakimiyyət ölkədə konsensus yaratmağa çalışmalı, cəmiyyətlə münasibətlərini tənzimləməlidir. Hakimiyyət bütün bunları inkar edir, daha çox güc strukturları vasitəsilə ölkəni idarə etmək fikrindədirlər.

Təəssüf ki, bu hakimiyyət reallıq hissini itirib. Hakimiyyət reallığı etiraf etməyə bilər, amma o, ölkədəki real vəziyyəti bilməli və qiymətləndirməyi bacarmalıdır. Narazıların sayı gündən - günə artır. Düzdür, insanlar bunu açıq şəkildə etiraf etməyi bacarmırlar, qorxu hissi buna imkan vermir. Kimisi işini itirməkdən, kimisi fiziki təzyiqlərə məruz qalacağından, hətta həbs oluna biləcəyindən qorxur. İş adamları da eyni ovqatdadır. Azacıq hakimiyyətə qarşı münasibətlərini dəyişsələr inzibati müdaxilələr vasitəsilə həmin iş adamlarının biznesi iflic oluna bilər. Əslində iş yerlərini iş adamları yaratmalıdırlar. Amma onlara öz biznesini genişləndirməyə imkan verilmir. Hər il dünyadakı milyardçıların siyahısı dərc olunur. Azərbaycanda isə hətta milyonçuların adı məlum deyil. Bu, onun nəticəsidir ki, ölkədə şəffaf iqtisadiyyat mövcud deyil.

İnsanları birinci növbədə ehtiyac əsarətindən qurtarmaq lazımdır. Daim ehtiyac hiss edən insanın demokratiya və azadlıq haqqında fikirləşməyə heç vaxtı da olmur. Bəlkə də bu da təsadüfi deyil, hakimiyyət bunu bilir və insanları həmişə «məişət əsarəti»nin çərçivəsində saxlamaq istəyir.
Bəzi proqnozlara görə, referendumdan sonra ciddi və sərt iqtisadi siyasət yürüdüləcək. Hətta manatın kursunun sərbəstləşəcəyi haqda fikirlər də səslənir. Bu addım atılarsa insanların sosial vəziyyəti daha da ağırlaşacaq.

Çox maraqlıdır ki, digər ölkələrdə böhranın nəticəsində qiymətlər düşüb. Azərbaycanda isə əks tendensiya hiss olunur. Hətta yüksək maaş alanların məvacibi ancaq ərzağa, paltara və dərmana zorla çatır.

Beləliklə, ölkə müəmmalı bir zolağa qədəm qoyur. Hakimiyyət cəmiyyətin iradlarını eşitmək belə istəmir, çünki o cəmiyyətin iradəsi və qərarı ilə formalaşmayıb. Bu hakimiyyət mandatı cəmiyyətdən almayıb, ona görə onların nəzərində cəmiyyət heç nədir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG