Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:39

Həmsədrlər Qarabağ münaqişəsi üzrə razılaşma məqamının yetişdiyini deyirlər


Minsk Qrupunun həmsədrləri birgə bəyanat verdilər, 24 may 2006
Minsk Qrupunun həmsədrləri birgə bəyanat verdilər, 24 may 2006

ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid: «Hazırda nəyin baş verəcəyi Azərbaycan və Ermənistandan asılıdır. Biz irəliləyişə olan ümid və inamla ölkəni tərk edirik»


«ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələr inanır ki, Dağlıq Qarabağ münaqişəsi üzrə hər iki tərəfi razı sala biləcək sərfəli razılaşmanın əldə olunması üçün məqam yetişib». Minsk Qrupunun Bakıda səfərdə olan həmsədrləri - Stiven Mann, Bernar Fasiye və Yuri Merzlaykovun verdiyi birgə bəyanatda belə deyilir. Rusiya Xarici İşlər nazirinin müavini Georgi Karasin, ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid, Fransanın fövqəladə və səlahiyyətli səfiri, həmin ölkənin Moskvadakı diplomatik missiyasının keçmiş rəhbəri Pyer Morel və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də bu dəfə həmsədrlərlə birlikdə Bakıya gəlib.


ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid: «Bu qəbildən olan birgə missiya xüsusi xarakter daşıyır. Bu, bizim münaqişəyə olan ciddi münasibətimizin və hər iki tərəfi qazı salacaq sərfəli razılaşmanın əldə olunma məqamının yetişdiyinə inamımızın göstəricisidir. Hazırda nəyin baş verəcəyi Azərbaycan və Ermənistandan asılıdır. Biz irəliləyişə olan ümid və inamla ölkəni tərk edirik».


Həmsədrlərin birgə bəyanatında o da vurğulanır ki, missiya iki prezidentin görüşməsi üçün şəraitin yaradılmasına çalışıb. Həmsədrlərin fikrincə, hər bir ölkə öz ictimaiyyətini müharibəyə deyil, sülhə hazırlamalıdır. Mayın 24-də ATƏT-in Minsk Qrupu missiyası prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. Həmsədrlər mayın 25-də Yerevanda prezident Robert Koçaryan və Xarici İşlər naziri Vardan Oskanyanla da görüşlər keçirəcəklər.


XS
SM
MD
LG