Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:32

Həmməruzəçilər həbsdə olan nazirlərlə görüşə bilməyiblər


AŞPA-nın iyun sessiyasına Azərbaycana dair ayrıca hesabat təqdim olunacaq
AŞPA-nın iyun sessiyasına Azərbaycana dair ayrıca hesabat təqdim olunacaq

Hüquq müdafiəçilərinin bildirdiklərinə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelə həbsdə olan nazirlərlə görüşməyə imkan verilməyib. Bakıya səfərlərinin ilk günündə həmməruzəçilər demişdilər ki, ötən il dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuş keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də görüşmək istəyirlər.


Hüquq-müdafiəçisi Səidə Qocamanlının bildirdiyinə görə, istintaqın gedişinə xələl gətirməmək istəyi əsas gətirilərək həmməruzəçilərin həbsdə olan keçmiş nazirlərlə görüşünə icazə verilməyib:


«Cənab Qross təəssüflənib ki, onlara da sabiq nazirlərlə görüşməyə imkan verilməyib və bunun səbəbi kimi istintaqın gedişi əsas gətirilib».


Həmməruzəçilərin mayın 27-də bir neçə hökumət təşkilatı və insan hüquqlarını müdafiə təşkilatlarının yaratdığı siyasi məhbuslar üzrə işçi qrupunun üzvləri ilə də görüşüblər. Həmin işçi qrupun üzvü, hüquq-müdafiəçisi Səidə Qocamanlıdan aldığımız məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri, hazırda xəstə olan və onların siyasi məhbus hesab etdikləri şəxslər, həbsdə olan keçmiş nazirlər, polis zorakılığı kimi məsələlər müzakirə olunub.


Həmməruzəçilər bir neçə qəzetin baş redaktorları ilə də görüşüblər. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun dediyinə görə, onlar əsasən, qəzetlərin maddi vəziyyəti, hakimiyyətlə münasibətləri ilə maraqlanıblar. Görüşdə baş redaktorlar həmməruzəçilərə naməlum şəxslərin «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə xəsarət yetirməsi barədə də danışıblar.


AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel Bakıya budəfəki səfərlərinin nəticələri barədə mayın 28-də ətraflı məlumat vermək niyyətindədirlər. Onlar bu səfərlərinin yekunu olaraq Parlament Assambleyasının iyun sessiyasına Azərbaycanın öhdəliklərinə dair ayrıca hesabat təqdim edəcəklər. Siyasi məhbuslarla bağlı məsələ də həmin hesabata salınacaq.


XS
SM
MD
LG