Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:57

Milyonçunun adını daşıyan qəsəbənin kasıb sakinləri…


Hamının problemi eynidir - işsizlik, ağır güzəran, çətin şərait.
Hamının problemi eynidir - işsizlik, ağır güzəran, çətin şərait.
...Taksi sürücüsü məni qəsəbənin içinə qədər aparmaq istəmədi, dedi ki, o bərbad yolla getsəm, təkərlərim sıradan çıxacaq. Məsləhət gördü ki, qəsəbənin içinə işləyən buranın öz taksilərindən istifadə edim. Söhbət köhnə «Nasosnı», indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən gedir. Qəsəbə daxilində işləyən taksi sürücüsününsə ürəyi doluydu:

«1985-ci ildən sürücüyəm, ancaq qarın dolusu çörək tapıb yeyə bilmirik, müştəri azdır. Bir də kimdir bura gələn. Başqa iş olsaydı, gedib işləyərdim».

Sürücü yolların bərbadlığından tutmuş dolanışığın çətinliyinə, ali təhsilli oğlunun rüşvət vermədiyi üçün işə qəbul olunmamasına qədər çox şeydən danışdı.

Burdakı adamlar da sürücü kimi danışırdılar. Deyəsən, hamının problemi eynidir - işsizlik, ağır güzəran, çətin şərait. Əvvəlcə yanında gənc qızı olan orta yaşlı bir qadınla qarşılaşıram. Deyir ki, şəhərdən, Bakıdan gəlirlər, qızına iş axtarırmış, yenə tapmayıb:

«İş olsaydı, işləyərdi, bu dəqiqə iş axtarmaqdan gəlirik...»

Qadınla qızı bina evlərinə tərəf yollanırlar. Qəsəbənin həyət evlərindən ibarət hissəsində isə addım atmağa yer tapmırsan. Hava küləkli olsa da, yağış yağmayıb.
«Çirkab sular yığılır həyətə, kanalizasiya yoxdur, ona görə bu gündədir»
Ancaq bura palçıqlıdır. Camaat danışır ki, bura yaz-qış belədir:

- Evdən su atırıq, həyətdən su atırıq, həmişə belədir, çirkab sular yığılır həyətə, kanalizasiya yoxdur, ona görə bu gündədir.

- Baxan yoxdur, rütubət, nəmişlik, pis iy…Yayda milçək, qışda palçıq, osteoxondrozdan əziyyət çəkirəm, həkim deyib rütubətdə yaşamamalısan, ancaq çarəm yoxdur...

Valeh Məmmədovsa qapılarının ağzını çirkab sudan təmizləyirdi:

- Demək olar ki, hər gün düzəldirəm, bir az su olan kimi uçur, mən düzəldirəm, səhəri yenə belədir.

Qəsəbə düzənlikdə yerləşdiyindən bura daha çox küləklidir. Bu gün də güclü külək əsdiyindən qəsəbədə tək-tük adam görmək olardı. Mehdi isə deyir ki, burda adamların gözə dəyməməsinin bir səbəbi də qəsəbədə işləyənlərin az olmasıdır. Adamların çoxu evdədir:

Qəsəbənin böyük bir hissəsi zibilliklə əhatə olunub
- Camaat necə mən də elə, işsizəm, çətinliklə dolanırıq, orda-burda.

Camaat danışır ki, bina evlərində işıq, qaz olsa da, qəsəbənin həyət evlərində belə deyil:

- Dünən külək əsib deyə işıq yoxdur, qazdan danışmağasa dəyməz.

Qəsəbə milyonçu Tağıyevin adını daşısa da, buranın adamları kasıb yaşayır. Sakinlər yarızarafat, yarıgerçək deyirlər ki, bu qəsəbəyə indiki dövrün milyonçu-xeyriyyəçi Tağıyevi lazımdır.

Bu qəsəbə şollar suyunun çəkilməsiylə bağlıdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1907-ci ildən ölkənin şimalından şollar suyunun çəkilişinə başlayıb, 1916-cı ildə iş başa çatdırılıb. Bakıya ötürüləcək su nasosları burda quraşdırıldığından bura Nasosnı adlandırılıb. 1991-ci ildənsə adı dəyişdirilib Hacı Zeynalabdin Tağıyev qəsəbəsi olub.
XS
SM
MD
LG