Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:47

Çexiya dünya çempionudur...


Futbol meydanlarında Dünya Çempionatının gedişini 260-a yaxın azərbaycanlı izləyəcək
Futbol meydanlarında Dünya Çempionatının gedişini 260-a yaxın azərbaycanlı izləyəcək

...Almaniyadakı futbol üzrə Dünya Çempionatının qalibi artıq məlumdur. Finalda Pavel Nedvedin son dəqiqədə vurduğu qolla Braziliyanı 2-1 məğlub edən Çexiya millisi 2006-cı ilin dünya çempionu oldu...


Bu reallıqdır, ancaq virtual reallıq. Başqa sözlə, kompüter reallığı. FİFA-la əməkdaşlıq edən «EA-Sports» kompцter oyunları firması Dünya Çempionatına qatılacaq komandaların özəlliklərini yeni proqramına daxil edib. Kompцterin yaddaşında keçirilən oyunlardan sonra Çexiya finalda Braziliyanı yenərək Dünya Çempionu olub.


...Yaşıl meydanlardakı Dünya Çempionatı isə iyunun 9-da başlayacaq və düz bir ay davam edəndən sonra - iyulun 9-da final oyunu olacaq. 32 komandanın 8 qrupda yarışacağı Dünya Çempionatına Almaniya ev sahibliyi edəcək.


Çempionatın ulduzu olacaq oyunçu kimi az qala bütün ölkələrin futbol mütəxəssisləri Braziliya millisinin yarımmüdafiəçisi Ronaldinyonu namizəd göstərir. Azərbaycan da bu baxımdan istisna deyil, rəyini soruşduğumuz bir çoxları kimi, Azərbaycan yığmasının keçmiş çalışdırıcısı Vaqif Sadıqov da bu çempionatın Ronaldinyonun şousuna çevriləcəyini ehtimal edir.


A qrupunda ev sahibləri Almaniyayla yanaşı, Polşa, Kosta-Rika və Ekvador milliləri mübarizə aparacaq. Bu qrupdan ¼ finala Almaniyayla Polşanın yüksələcəyi ehtimal olunur. Çempionatın açılış oyununda bu qrupun iki komandası Almaniyayla-Kosta-Rika üz-üzə gələcək. Yeri gəlmişkən, Almaniyanın baş məşqçisi Yürgen Klinsmanın sözlərinə görə, böyük ehtimalla, iyunun 9-da, Bakı vaxtıyla saat 9-da başlanacaq oyunda yığmanın kapitanı Mixail Ballak təzəcə aldığı zədə üzündən iştirak edə bilməyəcək.


B qrupunda İngiltərə, İsveç, Paraqvay, Trinidad və Tobaqo milliləri yer alıb. Paraqvaydan başqa bu komandaların üçü də Azərbaycan yığmasının üzərində rəsmi və ya yoldaşlıq oyunlarında qələbə qazanmağa macal tapıb. Bu qrupda iki Avropa komandası, ingilislərlə isveçlilər favorit göstərilir.


C qrupunda Dünya Çempionatının favoritlərindən sayılan iki komanda, Argentina və Hollandiya ilə yanaşı, Fil Dişi Sahili və Azərbaycan yığmasının bir seçmə mərhələdə heç vaxt uduzmadığı tək komanda olan Serbiya və Çernoqoriya da yer alıb.


D qrupunda Azərbaycanın cənub qonşusu İran, Anqola, Meksika və Portuqaliya yığmaları mübarizə aparacaq. Bu qrupdan Portuqaliya və sonuncu Konfederasiyalar Kubokunun finalçısı Meksikanın növbəti mərhələyə çıxacağı iddia edilir.


E qrupunda virtual olaraq çempion olan Çexiya, Amerika Birləşmiş Ştatları və sonuncu mundialda ev sahibi Koreyaya 1/8 finalda yenilən İtaliya millisinin şansı daha yüksək göstərilsə də, bəzi mütəxəssislər Afrikanı təmsil edən Qana millisinin sürpriz edəcəyinə inanır.


Bütünlükdə çempionatın favoriti isə beş qat Dünya Çempionu olan Braziliya millisidir. Braziliyalılar F qrupunda Xorvatiya, Avstraliya və Yaponiya milliləriylə mübarizə aparacaq.


G qrupunda bu əsrin ilk mundialının qalibi fransızlarla yanaşı, İsveçrə, Koreya və Toqo yarışacaq. Fransa yığması yenə də qrupdan çıxmağa ən şanslı komanda kimi göstərilir.


Sonuncu, 8-ci - H qrupunda MDB məkanının yeganə təmsilçisi Ukrayna yığması İspaniya, Tunis və Səudiyyə Ərəbistanıyla birgə yarışacaq. Müxtəlif qurumların keçirdiyi sorğulara görə, Azərbaycandakı futbolsevərlərin çoxu məhz Ukraynaya azarkeşlik edəcək.


Almaniyanın 12 şəhərində keçiriləcək demək olar ki, bütün oyunları Azərbaycan tamaşaçıları canlı olaraq Lider TV-dən Bakı vaxtıyla axşam saat 6-da, 9-da və gecəyarısı izləyə biləcəklər. 64 oyundan sadəcə, səkkizi canlı göstərilə bilməyəcək. Qrup mərhələsində son oyunlar eyni vaxtda keçiriləcəyindən əsas oyunu canlı, daha az əhəmiyyəti olan oyunusa vedeoyazıdan izləmək mümkün olacaq.


Birbaşa futbol meydanlarında isə Dünya Çempionatının gedişini 260-a yaxın azərbaycanlı izləyəcək. Təşkilatçıların Azərbaycanda satılmaq üçün AFFA-ya göndərdiyi biletlər artıq tükənib. Maraq üçün deyək ki, AFFA rəsmilərinin sözlərinə görə, finala baxmaq şansı qazanan 10 Azərbaycan seyrçisi hər biri 600 avro xərcləməli olub. Azərbaycan yığmasının indiki məşqçisi və AFFA rəhbərliyi də çempionatın açılışını və bəzi oyunlarını izləyəcək. Amma başqa məşqçilərə və futbol mütəxəssislərinə əvvəlki Dünya Çempionatlarından fərqli olaraq, hələ ki təklif göndərilməyib. Azərbaycan yığmasının keçmiş çalışdırıcısı Vaqif Sadıqov belə deyir.


Və nəhayət, Dünya Çempionatının qalibi olmağa görə, komandalara söz verilən mükafatın dəyərləri haqda. Ən yüksək mükafatı İspaniya futbolçularına söz veriblər. İspanlar qalib olsalar, hər oyunçu 540, ingilislər 438, koreyalılar 400, ev sahibləri almanlar isə 300 min avro qazanacaq.


XS
SM
MD
LG