Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:53

Xarici mətbuat sərhədlərin açılması barədə


Türkiyə və Ermənistan sərhədi. Arxada görünən Ağrı dağıdır
Türkiyə və Ermənistan sərhədi. Arxada görünən Ağrı dağıdır
Britaniyanın «Times» qəzeti Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı şərhinə sovet dövrünün bir əhvalatı ilə başlayır. Sovet İttifaqının xarici işlər naziri bir gün türkiyəli həmkarının qəzəbli sualı ilə qarşılaşır:

«Niyə Türkiyədəki Ağrı dağı sovet Ermənistanın bayrağında əks olunub. Bizim ərazilərimizə sizin iddianımı var?» Andery Qromiko deyir: «Yox, bəs, sizin bayrağınızda niyə aypara var, sizin Aya iddianızmı var?»

Qəzet Ararat adlandırdığı Ağrı dağının hələ də bu bölgədə fikir ayrılıqlarının simvolu olduğunu yazır.

«Times» qəzeti şərhində qeyd edir ki, Türkiyə ilə Ermənistan sərhədinin açılması bölgədə hamının marağına uyğun olar: «Açıq sərhədlər təkcə hər iki tərəfə iqtisadi səmərə vermir, bu həm də Qafqazda bir balans yaratmaqla Rusiyanın da mənafeyinə uyğun olardı. Türkiyəyə isə Orta Asiyaya doğru öz nüfuzunu genişləndirməyə kömək edərdi».

«Times» Ermənistanı «Türkiyə və Azərbaycan kimi müsəlman ölkələri arasında üç milyon əhalisi olan balaca xristian dövləti» kimi tanıdaraq yazır ki, bu ölkə tarix boyu öz müsəlman qonşularının təzyiqləri altında yaşayıb.

Qəzet sərhədlərin açılmasının Azərbaycana hansı tərəfdən xeyri ola biləcəyini xüsusi vurğulamadan yalnız onu qeyd edir ki, bu, Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsinə bir rahatlama gətirərdi.

Amma «Times» onu da qeyd edir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bölgədə davamlı sülhün yaranacağını demək olmaz: «Regionda nüfuz uğrunda yarış və buranın zəngin enerji ehtiyatları uğrunda mübarizə münaqişələri hər zaman yenidən alovlandıra bilər».

«Eurasia.net» saytında Bakıdan Şahin Abbasov Türkiyə-Ermənistan sərhədlərinin açılmasına Azərbaycanın reaksiyasından bəhs edir. Müəllifin yazdığına görə, Azərbaycan bildirir ki, əgər sərhədlər onun maraqları nəzərə alınmadan açılsa regionda hazırkı geosiyasi və iqtisadi balansı dəyişə bilər.

Şahin Abbasov yazır ki, yaxın günlər qərarlar verilməsində həlledici ola bilər. Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Moskvaya iki günlük səfərə gedir. Şahin Abbasov qeyd edir ki, İlham Əliyev regiondakı enerji nəqlinin istiqamətinin Rusiyaya doğru dəyişə biləcəyi barədə mesajlar verir.

Müəllif yada salır ki, Türkiyə Qarabağ münaqişəsində Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistanla sərhədlərini bağlayıb.

ABŞ-da çap olunan ingilisdilli erməni qəzetinin şərhçisi Tatul Hakopyan Londondakı Müharibə və Sülh İnstitutuna yazdığı məqalədə Türkiyə-Ermənistan sərhədinin Ermənistan tərəfindəki vəziyyətdən bəhs edir. O yazır ki, sərhədlərin açılacağı haqqında söhbətlər dolaşsa da bunun üçün real hazırlıq işləri görülmür:

«Bəzi ermənilər ötən ilin sentyabrında bir neçə günlüyə Qars-Gümrü dəmir yolunun Ermənistan tərəfdəki hissəsi hazır vəziyyətinə gətirildiyini deyirlər. O zaman söhbət vardı ki, Türkiyə prezidenti A.Gül Yerevana futbol oyununu seyr etməyə həmin dəmir yolu ilə gələcək. Amma bir-iki gün sonra Ermənistan tərəfi də dəmir yolundakı hazırlıqlarını dayandırıdı».

Müəllif sərhəddəki Marqara kəndinin rəhbərliyinə istinadla yazır ki, sərhədlərin açılması barədə qərar verilsə, bir neçə günə dəmiryol xəttinin də işə salınması mümkündür.

Tatul Hakopyan yada salır ki, sovet zamanı da Ermənistanla Türkiyənin sərhədi bağlı olub. Yalnız Qarsla Gümrü arasında dəmiryol xətti işləyirdi.

Türkiyənin «Hürriyyət» qəzeti İstanbuldakı Azərbaycanlı iş adamı Mübarizə Mənsimovun sərhədlərin açılmasına münasibətini çap edib. Qəzet yazır ki, «Palmalı» qrupunun rəhbəri olan Mübariz Mənsimov təlaşa əsas olmadığını, baş nazirin dediyi kimi Qarabağ probleminin həllindən sonra sərhədlər sərhədlərin açılacağını bildirib:

«Azərbaycanın Türkiyədən başqa kimi var. 16 il əvvəl sərhədin bağlanmasının əsas səbəbi Qarabağ problemi idi. Təkcə son iki ildə Türkiyəyə gələn Azərbaycan kapitalı 10 milyard dolları keçir. Türk şirkətləri də Azərbaycanda böyük işlər görürlər. Mən Ermənistanla açıq sərhədi olan dövlətdə durmaram. Şirkətlərimi bağlayaram. Eyni şey başqa Azərbaycan şirkətlərinə də aiddir» deyə Mübarizə Mənsimov bildirib.
XS
SM
MD
LG