Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:29

Sərhədlərin açılmasına üç baxış


Ermənistan-Türkiyə sərhədində Ağrı dağı
Ermənistan-Türkiyə sərhədində Ağrı dağı
Türkiyə və Ermənistan ehtiyatla barışığa doğru getdikcə, qonşu Azərbaycan tüstülənir. Türkiyənin sərhədləri aça biləcəyi ehtimalı Qafqazda, həmçinin Qarsda rezonans doğurub. «Hürriyyət» qəzeti Bakı, Yerevan və Qarsdan üç fərqli baxış təqdim edir.

Bakıdan Barçın Yinanç yazır ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmağa heç vaxt belə yaxın olmayıblar. Elə Türkiyə və Azərbaycan da küsməyə. Təsadüfi deyil ki, prezident İlham Əliyev Türkiyədə beynəlxalq konfransda iştirakdan imtina edəndən az sonra Moskvaya getdi və Rusiyanı strateji tərəfdaş adlandırdı.

Əslində heç bir dövlət adamı sərhədlərin açılmasının mümkünlüyündən açıq narazılığını bildirməyib, ancaq mətbuat hakim AKP-ni kəskin tənqid edib, Türkiyədə isə hər kəs bilir ki, mediada bu kampaniyanı Əliyev administrasiyası aparır. Bunu Bakıdakı siyasətşünaslar da təsdiqləyir. Düzdür, Türkiyəylə bağlı ümidləri puça çıxan təkcə hökumət deyil, müxalifət də bu məsələdə hakimiyyəti dəstəkləyir. Müsavat partiyasından millət vəkili Nəsib Nəsibli deyir ki, Azərbaycanda müxalifətlə hakimiyyət arasında hər şey ağ-qara rəngdədir, ancaq Dağlıq Qarabağ məsələsində, Türkiyə ilə münasibətlərdə onların mövqeyi eynidir. Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayanacan, sərhədlərin açılmayacağı barədə Türkiyə rəsmilərinin son bəyanatlarından sonra vəziyyət bir az düzəlib, ancaq gərginlik qalır.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə inanmır ki, Türkiyə-Ermənistan münasibətləri düzəlsə, bu, Ermənistan-Azərbaycan danışıqlarına irəliləyiş gətirəcək. «Yerevan danışıqlara hazır idi. Ancaq Türkiyə ilə irəliləyiş əlaməti olan kimi, danışıqlarımız yubandı».

Bir xarici müşahidəçinin fikrincə, Dağlıq Qarabağ bu ölkə üçün bir nömrəli məsələdir, ona görə cəmiyyətdə böyük qardaş tərəfindən atılma hissi yaradıb.

Ermənilərsə məsələyə dərin şübhəylə yanaşırlar. Yerevandan Cansu Çamlıbel yazır ki, Yerevanda Türkiyəylə diplomatik münasibətlərin qurulacağına ümidlər yenə qırıla bilər, yenə də Dağlıq Qarabağ məsələsinə görə. Ermənistan aprelin 24-dən əvvəl hansısa irəliləyişin olacağından daha danışmır. Həmin gün ermənilər 1915-ci ilin kütləvi qırğınını yad edirlər. Ancaq Ermənistanda ehtiyatla ümid edirlər ki, sərhədlər 2009-cu il ərzində açıla bilər. ABŞ Administrasiyası dövlət katibinin köməkçisi Metyu Brayzanı regiona yollayıb. Brayza iyunda Qarabağ məsələsinin həllində təkan olacağına ümid etsə də, Ermənistanın sabiq xarici işlər naziri Vartan Oskanyan sadəcə tarixin təkrarlandığını deyir. Oskanyan nə vaxtsa Türkiyənin o vaxtkı xarici işlər naziri Abdulla Güllə danışıqların uğursuzluğunun şahidi olmuşdu. Oskanyanın deməsinə görə, o vaxt Gül ona deyib ki, üçüncü ölkələrin, o cümlədən Dağlıq Qarabağın Türkiyə-Ermənistan problemilə əlaqələndirilməsi hakim AKP-yə sərf etmir. Ancaq sonradan Qarabağ məsələsi yenidən müzakirələrin bir hissəsinə çevrildi.

Yerevandakı politoloqların fikrincə, Dağlıq Qarabağ Türkiyə-Ermənistan münasibətlərində rol oynaya bilər, ancaq problem daha dərindir, Türkiyə indi sərhədlərin açılmasına hazır deyil. Türkiyə hazır olanda Azərbaycandan bəyanat gözləməyəcək.

Qarsdan Sərdar Alyamaç isə yazır ki, Türkiyə Ermənistanla sərhədini bağlayanı, Qarsda yaşayış standartları aşağı düşüb, iqtisadiyyat müflisləşib, miqrasiya baş alıb gedir.

Bu şəhərdə Ermənistanla sərhədi açıq görmək arzusu dolaşır, ancaq hamı ehtiyatla əlavə edir «amma...» Yerlilər sərhədin açılmağını istəyirlər, ancaq qorxurlar ki, bu istəyə görə onlara «ermənilərin nökərləri» deyərlər.

Qars Qafqaz Universitetinin professoru Mehmet Dikkaya deyir ki, bu regionda dörd əsas etnik qrup var- kürdlər, azərbaycanlılar, qarakalpaklar və türklər. Azərbaycanlılar və qarakalpaklar sərhədin açılmağının əleyhinədir, kürdlər və türklər bu addımı alqışlayır. Professor deyir ki, sərhəd açılsa, Qars ticarət marşrutunun mərkəzinə çevriləcək, istehsal sektoru inkişaf edəcək.

Yerli biznesmenlərin çoxu müəllifə deyiblər ki, sərhədlər açılsa, onların alveri çiçəklənəcək. Ancaq bir neçəsi onu da bildirib ki, Dağlıq Qarabağ məsələsi həll olunmasa, sərhədləri açmaq olmaz. Jurnalist Vedat Akçaöz bu yaxınlarda Ermənistanda olub. «Orda mənə nisbətən yaşlılar «kardaş» deyirdilər, gənclərin fikirləri isə daha mənfidir. Tezliklə dialoq qurulmalıdır». O əlavə edir ki, əslində Trabzonla Ermənistan arasında ciddi ticarət gedir. «Bu nə embarqodur belə? Bizim üçün önəmli olan regiondakı türk respublikalarıdır. Biz birtərəfli küçə olmaq istəmirik. Biz şərqə qapı olmaq istəyirik».

«Biz Azərbaycanı, Dağlıq Qarabağ məsələsini, Ermənistanın tələblərini qulaq ardına vura bilmərik. Sərhədlər bu problemlərin həllindən qabaq açılsa, xaos yaranacaq».
XS
SM
MD
LG