Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:48

“Allah qayıdır?!” – siyasi publisistikanın ədəbiyyatdakı növbəti uğursuzluğu


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının ("Qanun" nəşr.) Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qatılır.


“Allah qayıdır?!” – siyasi publisistikanın ədəbiyyatdakı növbəti uğursuzluğu

Ədəbyyat nadir sənət sahələrindəndir ki, onun konkret sərhədlərini cızmaq olmur: hər fərdin özünəməxsus düşüncə tərzi və dünyabaxışı olduğu kimi, cəmiyyətdən aldığı təəssüratı ifadə edən hər sənət adamının ayrı-ayrı hadisə və psixoloji halları duyma qabiliyyəti də fərqlidir.

Bu fərqllik şahmat haqqında deyilən «əgər dünyanın bütün insanları bir-biriylə şahmat oynasaydılar və ayrı-ayrı gedişlər etsəydilər, yenə də oynanılmamış gediş qalardı» məşhur fikrinin ədəbi yaradıcılığa tətbiqini mümkün edir.

Dünyada nə qədər insan varsa, o qədər psixologiya və hadisə, bir o qədər də eyni psixoloji hala ədəbi yanaşma mövcuddur.


"Əsərin ideyasının müəllifin çağdaşı olan Pərvizin «Yad dildə» romanı ilə səsləşdiyi göz önündədir. Ancaq «Yad dildə» əsərində bu ideya daha uğurlu işləndiyi üçün «Allah qayıdır» sual-nidalı şübhə-inamı ilə ifadə edilən bu yanaşmanın ədəbi təsir gücü bir qədər də azalır".
Bu, o anlama gəlməməlidir ki, ədəbiyyat qeyri-müəyyən sahədir və özünün qaydaları yoxdur.

Bədii mətn – gerçəkliyin təxəyyüldəki əksi olmaqla hər şeydən öncə söz hadisəsidir və nə qədər fərdi və çoxşaxəli, digər incəsənət növləri ilə sərhədləri nə qədər şəffaf olsa da, materialı söz olan ən yaxn sahələrdən də ciddi şəkildə ayrılır.

Zümrüd Yağmurun ədəbi ictimaiyyətin müzakirəsinə çıxarılan «Allah qayıdır» romanına da («Qanun» nəşriyyatı, 2010) gerçəkliyə fərdi yanaşma təzahürü kimi yanaşmaq mümkündür.

Lakin məsələ ondadır ki, gerçəkliyin ifadəsi müxtəlifdir – bu ədəbi də ola bilər, fəlsəfi, siyasi, ictimai də: gerçəkliyin ifadəsi hələ ədəbi mətn demək deyil.

Zümrüd Yağmurun gerçəkliyi ifadə edən bu əsəri ədəbi aləmin əksetmə dəyərinə cavab verirmi?

Süjet və obrazlar

Roman cəmiyyətdə baş verən ictimai-sosial ədalətsizliklərə siyasi yanaşma üstündə qurulub: ictimai müqavimətsizlik və ruh düşkünlüyü romanın ana xəttini təşkil edir – hər yerdə ədalətsizlik, satınalmalar, repressiyalar, kralın xoşuna gəlmək üçün məmur özbaşnalıqları, müqəddəs dəyərləri dağıtmaq bahasına başa gələn yaltaqlıqlar və buna qarşı çıxan bir ovuc ziyalı, redaksiya adamı və ya jurnalistlər; Xeyrin təqibi, sıxışdırılması, Şərin təntənəsi və bu Xeyir-Şər qarşıdurmasında birincinin sıralarının seyrəlməsi…

İlk olaraq xüsusi vurğulayaq ki, əsərin baş qəhrəmanı Azərin və ədalət tərəfdarları - «redaksiyadakıların» - timsalında heç bir ümumiləşdirmə yoxdur – Azərbaycan ictimai-siyasi reallığında mövcud olan «redaksiyadakıların», satılan və mandat alan «liderin», oliqarx sifarişlərini eyni vaxtda icra edən jurnalistin birbaşa naturadan götürüldüyü hiss olunur.

Obrazların boyu, hətta cizgiləri o qədər xüsusiləşib ki, real prototiplərindən hətta adları ilə də fərqlənmirlər – ad seçimində də müəllif real adlara assosiasiya doğuran alternativlərdən istifadə edib.

Yeganə fərq bu obrazların real, canlı və bütöv portretləri canlandırmamasıdır.

Çünki onlar bir boya ilə işlənilib, daha doğrusu, işlənməyib, şəkilləri çəkilib və bu şəkillər bir rakursdan, lövhə üzərində həvəskar rəssamın cızdığı profil təsiri bağışlayır.

Dinamik, çoxrəngli və hərtərəfli portret əvəzinə sözlə işlənməyən, müəllifin təyinləri ilə əsərin lazım olan, hətta olmayan yerlərində oturdulmağa məhkum edilmiş boz və donuq profillər göz önünə gəlir - müəllifin diktatorluğu olmasa, bu profilləri romana bağlayan heç bir qüvvə yoxdur.

Təsadüfü deyil ki, adı çəkilən obrazlardan heç biri xüsusi çalarına görə oxucu yaddaşında iz buraxmır.

Çünki çalar yoxdur: krallığın qurduğu sistemin dözülməzliyi barədə siyasi baxışlar obrazların və süjetin dinamikliyinə imkan vermir.

Elə təəssürat yaranır ki, adı çəkilən obrazlardan hansısa biri bu və ya başqa yerə getmir,
məcburi surətdə aparılır və burada da məqsəd real mənzərəni canlandırmaq istəyindən irəli gəlmir, müəllifin düşündüklərini və cəmiyyətdən aldığı təəssüratları bölüşmək üçün peyzaj, mənzərə, şəkil və ya təsvir dəyişməyə xidmət edir.

Təhkiyə uğursuzluğu

«Allah qayıdır?!» romanında müəllif təhkiyəsi bütün romanı təsir dairəsində saxlayır.

Burada bəlkə də «müəllif təhkiyəsi» ifadəsi müdaxilələrin əhatə dairəsini əks etdirmir.

Əsər başdan-başa müəllif müdaxilələri üstündə qurulduğundan, obraz və hadisə kimi, təhkiyə də yardımçı, bir az da dəqiqləşdirsək, xatırladıcı funksiya daşıyır.

Oxucunun real və ya təxəyyül təsvirləri əsasında nəticə çıxarmaq hüququ büsbütün əlindən alınıb: müəllif hadisə haqda qısaca bilgi verən kimi özü ən aqressiv formada münasibətini ortaya qoyur, hətta təsvirdən alınan təəssürat müəllif yanaşmasının yanında nəzərə çarpmır.

Bu cür yersiz müdaxilələr romanı ədəbi əsər kimi oxumağa imkan vermir: oxucu ictimai-siyasi həyata və gerçək həyata fərdi yanaşmanın monoton diqtəsi altında sıxılır, yarınmaq və satılmaqla imtiyaz sahibi olanlar haqda gündəlik informativ bilgilərə əsaslanan mühazirələrdən bezir.

Çünki əsərdə toxunulan mövzu ilə bağlı cəmiyyətin özündə daha maraqlı və uğurlu təxəyyül variantları – şayiə səviyyəsində – mövcuddur.

Əsər hadisənin görünməyən tərəfinə intellekt güzgüsü də tutmur və buna görə də romanı oxunaqlı edəsi son imkan da - məlumat yükünün olmaması – boşa çıxır.

Əsərin ideyası

Din xadiminin də qoşulduğu ədalətsiz, xeyrin şərə məğlub olduğu cəmiyyətdə Haqqın olmaması Allahın krallıqdan çəkilməsi fonunda verilir.

Finala doğru Allahın mütləqliyinə və varlığına inam əsərin daxilindən yaranmasa da, inanc məntiqinin inama, ən azı, ümidə çevrilməsini müşahidə edirik.

Əsərin ideyasının müəllifin çağdaşı olan Pərvizin «Yad dildə» romanı ilə səsləşdiyi göz önündədir.

Ancaq «Yad dildə» əsərində bu ideya daha uğurlu işləndiyi üçün «Allah qayıdır» sual-nidalı şübhə-inamı ilə ifadə edilən bu yanaşmanın ədəbi təsir gücü bir qədər də azalır.

Qeyd edək ki, bu məqamları müəllifin hiss etməməsi və ya bilməməsi, əsərin naşılığın və ya qeyri-peşəkarlığın nəticəsi olaraq meydana gəlməsi mülahizəsindən uzağıq.

Z.Yağmur romanaqədərki kiçikhəcmli bədii mətnləri ilə intellekt olaraq öz potensialını göstərməyi bacarıb.
Zümrüd Yağmur

Həmçinin romanda tez-tez rast gəlinən, sitat gətirməyə ehtiyac görmədiyimiz bəzi cümlə strukturu və ifadə nöqsanlarını da müəllifin səriştəsizliyinə aid etmək doğru olmazdı. Bədii mətnin hər hansı hadisəyə publisistik yanaşma və ya siyasi ritorika üçün müəllifə verilən söz meydanı olmadığını da Z.Yağmurun bildiyinə şübhə etmirik.

Düşünürük ki, müəllifin sosial-ictimai proseslərə vətəndaş mövqeyinin dominantlığı yaşadığı gerçəklikləri və hadisələri bədii mətnə çevirməsinə mane olub.

Cəmiyyətdən aldığı mənfi enerji, ədalətsizliyin avtobioqrafiq yükü hadisə və obrazların soyuqqanlı və müdxiləsiz təsvirinə psixoloji sədd yaradıb; əsər siyasi hadisələrə ictimai reaksiyaların təsiri altında yazılıb və öz-özünü təkrarlayan irihəcmli, yüklü və yorucu publisistik qeydlərdən ibarət yaşam xatirələri meydana çıxıb.

Belə əsərin yazıldıqdan dərhal sonra tirajlanması da yaradıcı eqoizmin deyil, vətəndaş mövqeyinin məntiqi ilə izah edilə bilər.

Bu baxımdan «Allah qayıdır?!» romanını heç bir halda bədii mətn olaraq dəyərləndirmək və ədəbi təhlilinə cəhd etmək mümkün deyil.

Əsərin meydana çıxması – ictimai-siyasi reallıqlara jurnalist yanaşmasıdır və ədəbi mətn kimi deyil, publisistik yanaşma olaraq oxuculara təqdim edilsə, daha uğurlu olar.

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Cavanşir Yusifli. Əsl hadisə xarabazarlığı
Nərmin Kamal. Yaşadığımız ölkə haqqında öfkə
Tehran Əlişanoğlu. Qrotesklə illüstrələr arasında
Kənan Hacı. Həqiqətən də Allah qayıdır
Səadət Cahangir. Bəzən ədəbi tənqid yazıçı ilə oxucu arasına “girməyə” aciz qalır
XS
SM
MD
LG